Xəbər lenti

Ermənistan silahlı qüvvələrinin təxribatları son günlər intensiv xarakter alıb. Bir müddətdir ki, müntəzəm olaraq atəşkəsi pozan düşmən bu gün səhər saatlarında Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə bir sərhədçimiz yaralanıb.

Sülh danışıqlarının intensivləşdiyi bir vaxtda təxribatların yenidən baş verməsi diqqət çəkir. Maraqlıdır ki, sabotaj cəhdləri Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfərindən sonra başlanıb. Bunu təsadüfi hesab etmək olmaz. Məlumdur ki, artan sülh perspektivi həm Rusiyanı, həm də Ermənistandakı rusiyapərəst qüvvələri ciddi narahat edir. Bununla əlaqəlidir ki, rəsmi Moskva Qərb mərkəzli sülh perspektivini, o cümlədən Avropa İttifaqının vasitəçiliyini qəbul etmək istəmir.

Digər tərəfdən, hazırkı reallıqlar Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyasını, o cümlədən onların Azərbaycan vətəndaşlığını qəbul etmələrini qaçılmaz edir. Bunun isə heç bir alternativi yoxdur: Qarabağdakı ermənilər ya vətəndaşlığımızı qəbul etməli, ya da torpaqlarımızdan çıxıb getməlidirlər. Görünən odur ki, Rusiya bunu istəmir. Çünki perspektivdəki inteqrasiya prosesi Cənubi Qafqazda “suların birdəfəlik durulması” deməkdir. Rəsmi Moskva bununla razılaşmaq istəmir.

Eyni zamanda vəziyyətin sülh quruculuğu istiqamətində inkişafı Ermənistandakı rusiyapərəstlərin maraqları ilə üst-üstə düşmür. Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan bu qrup hər vəchlə sülhün bərqərar edilməsinə, ermənilərin inteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışır.

İndiki məqamda rəsmi İrəvan siyasi iradə göstərməlidir. Ermənistan üçüncü tərəflərin, o cümlədən Rusiyanın “maşası” olmaqdan imtina etməlidir. Çünki bu, Ermənistan üçün yaxşı nəsə vəd etmir. Əksinə, İrəvan başqalarının diktəsi ilə oturub durmaqla öz işini çətinləşdirir, regional əməkdaşlıq imkanlarından məhrum olur.

Sözsüz ki, Azərbaycan baş vermiş terrorda əli olanların tapılması və məsuliyyətə cəlb olunması üçün bütün müvafiq tədbirləri görəcək. Ermənistan hərbi-siyasi hakimiyyəti unutmamalıdır ki, əvvəllər də dəfələrlə oxşar təxribat olub və hər dəfə qarşı tərəfə layiqli, lazımi cavab verilib. Odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası tarixi təcrübədən dərs çıxarmalıdırlar.

İndiki məqamda Nikol Paşinyanın siyasi iradə göstərməsi həm də onun sülh istəyinə dair səmimiliyini göstərə bilər. Əks halda isə Ermənistan hökumət başçısının sözlərinin səmimiliyi şübhə altına düşür.

Kimsə unutmamalıdır ki, xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan bölgədə reallıqları diktə edən siyasi aktora çevrilib. Biz istənilən halda maraqlarımızı təmin edəcəyik.

Azərbaycan üçün “A” planı diplomatik yollardır. Amma Ermənistan təxribatlarını davam etdirər və xislətindən əl çəkməzsə, “B” planını da işə sala, hərbi güc tətbiq edə, antiterror əməliyyatına başlaya bilərik.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 4 172          Tarix: 15-06-2023, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma