Nəqliyyat kommunikasiyalarının açılması razılaşdırılıb, qalır Ermənistanın...
Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində 9 saat davam edən danışıqlarda nəqliyyat kommunikasiyalarının açılması nəhayət ki, razılaşdırıldı. “Biz Azərbaycan, Ermənistan və Rusiya Federasiyası baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu formatında görüş keçirdik və nəticədə hərtərəfli sənəd formalaşdırıldı”.
“Yeni Müsavat” yada salır ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk belə deyib. O əlavə edib: “Həmin sənəd bəyan edir ki, regionda nəqliyyat əlaqələrinin açılması Yerasx (Arazdəyən) - Culfa-Meğri-Horadiz marşrutu ilə uzanan dəmir yolunun bərpası ilə başlayacaq və tərəflərin suverenliyinə hörmət əsasında əsas Azərbaycanla Ermənistan sərhədlərindən keçid yanaşmalarını müəyyənləşdirir. Tərəflərdən heç biri bu yolun ayrı-ayrı hissələrinin onların yurisdiksiyasında olmasını şübhəyə almır”.
Rusiya rəsmisinin sözlərinə görə, beləliklə, yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. “Yaxın tarix boyu Ermənistanla Azərbaycan arasında heç bir əlaqə olmayıb, Rusiya Prezidenti Putinin birbaşa iştirakı ilə dayandırılmış müharibə olub. Lakin iki ölkə sərhədində hələ də silahlı toqquşmalar baş verir və insanlar ölür. Əlbəttə, vəzifədaşlarım üçün belə bir şəraitdə işləmək çox çətindir, lakin onlar dövlət rəhbərlərinin inkişaf etdirməyi bizə həvalə etdiyi qərara görə öz tarixi məsuliyyətlərini hiss və kommunikasiyaların blokadadan çıxarılması istiqamətində işləri davam etdirirlər”.
Overçukun açıqlaması Azərbaycan ekspertlərində haqlı suallar yaradıb. Məsələn, Ermənistandan sərhəd və gömrük xidmətinə erməni sərhədçiləri və gömrükçüləri, yoxsa Rusiya nəzarət edəcək? Daha bir maraqlı məqam: Azərbaycan və Ermənistan Ümumdünya Gömrük Təşkilatının dəstəyindən yararlanacaqmı? Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə keçirilən görüşdə Ümumdünya Gömrük Təşkilatının imkanlarından istifadə edilməsi barədə şifahi razılıq əldə edilib. Bu barədə görüşdən sonra Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin açıqlaması olmuşdu. Amma Overçuk açıqlamasında Ümumdünya Gömrük Təşkilatının adını çəkməyib. Belə anlaşılır ki, Moskva bu təşkilatın Ermənistanla Azərbaycan arasında gömrük fəaliyyəti göstərməsinin əleyhinədir, özünü bu rolda görür.
Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında prioritet məsələ sülh müqaviləsinin imzalanmasıdır: “Amma buna qədər iki vacib addım var - sərhədlərin delimitasiya və demarkasiyası, ikincisi isə nəqliyyat kommunikasiyalarının açılmasıdır. İrəvan cidd-cəhdlə çalışır ki, ikinci razılaşmanın icrası yubansın. Ancaq 9 saatlıq görüşün müsbət nəticələndiyi haqda fikirlər var. Əsas hədəflərdən biri isə Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılmasına mane olan iki qüvvənin adı çəkilir - Ermənistan və İran. Hətta İranın adı tək çəkilir. Türkiyə Prezidenti cənab Ərdoğan da açıq şəkildə bəyan etdi ki, Tehran buna qarşı çıxır. Artıq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dəhlizin işə düşməsinin əhəmiyyətini dilə gətirir. Bütün hallarda tarixin inkişaf mərhələsi var və bunun qarşısını almaq mümkün olmayacaq”.
Deputatın sözlərinə görə, Ermənistan vurnuxur, bu regionda lokomotiv Azərbaycandır və İrəvanın “qatarın sonuncu vaqonuna minmək” şansı var: “Prezident İlham Əliyev söylədi ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. Paşinyan da Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir və bu proseslərin inkişaf dövründə Zəngəzur dəhlizinin açılması qaçılmazdır. 10 noyabr sənədinə əsasən, Rusiya FTX-sinin erməni tərəfdən yola nəzarət etməsi nəzərdə tutulub, hələlik bu anlaşmada dəyişiklik olmayıb, amma yola Ermənistan tərəfdən kimin kontrol edəcəyi Rusiya ilə Ermənistan arasında müzakirə edilə bilər, bizim üçün əsas yolun işə düşməsidir”.
Paylaş: