C. Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək məqsədilə Britaniyada səfərdədir. Səfər ölkələr arasındakı strateji dialoqa töhfə vermək və əhəmiyyət kəsb edən məsələlər üzrə vahid yanaşmanı formalaşdırmaq baxımından önəmlidir.
Strateji tərəfdaşlıq ya müttəfiqlik?
Azərbaycanın Britaniya ilə münasibətləri Türkiyə və İsrail ilə əlaqələr səviyyəsində olmasa da, Azərbaycanın strateji tərəfdaş olduğu Aİ-nin 9 üzvü ilə malik olduğu əlaqələrdən daha sıx və dərindir. Bu baxımdan, Azərbaycan-Britaniya əlaqələri strateji tərəfdaşlıqla strateji müttəfiqlik arasında bir orta mövqe tutur. C.Bayramovun London səfəri münasibətlərin müttəfiqliyə tərəf irəliləməsinə xidmət edirdi. Britaniyanın qüvvədə olan Milli Təhlükəsizlik Strategiyasına (MTS) əsasən, xarici siyasətin 4 əsas istiqaməti (yeni dünya düzəninin formalaşdırılması, Avroatlantik təhlükəsizlik, Hind-Sakit okeanda mövqelərin güclənməsi və müasir transmilli hədələrə qarşı mübarizə) vardır. Biri (Hind-Sakit okean) istisna olmaqla digər 3 istiqamət üzrə effektivlik Bakı ilə əməkdaşlığın nə qədər sıx olmasından birbaşa/dolayısı asılıdır.
Vahid təhdid – Rusiya
Britaniyanın 2015-ci il MTS-i Rusiyanı beynəlxalq əməkdaşlıq standartlarını pozan, Kalininqrad və Krımda nüvə silahı yerləşdirmək istəyən, cənubi Avropa və Baltik dənizində artan risk və təhlükə mənbəyi olan qüvvə kimi nəzərdən keçirdir. Cari MTS Rusiyanı İran və Şimali Koreya ilə bərabər, təhlükəsizliyə əsas hədə və beynəlxalq nizamın zəifləməsinin əsas səbəbkarı kimi dəyərləndirir. Sənəddə Çinin adı Rusiyadan 2 dəfə daha çox (27:14) hallansa da, Rusiyaya münasibətdə ritorika (“təhlükəsizliyə kəskin hədə”), Çinə münasibətdə istifadə edilən ifadələrdən (“rəqib”, “çağırış”, “risk”) daha sərtdir. Sirr deyil ki, Rusiyanın Cənubi Qafqazdakı ənənəvi destruktiv siyasəti özünü hazırda daha qabarıq formada biruzə verir. Rusiya timsalında vahid hədə Bakı və Londonu daha sıx əməkdaşlıq etməyə sövq edir. Bakı ilə tərəfdaşlıq Londona Cənubi Qafqazdakı (CQ) investisiyaları qorumaq, Avropanın enerji təhlükəsizliyini təmin etmək və Mərkəzi Asiyaya çıxış əldə etmək baxımından önəmlidir. Bundan əlavə, Azərbaycan Qazaxıstan neftinin Rusiyanın ərazisindən yan keçməklə Avropaya daşınması üçün alternativ marşrutu özündə ehtiva edir.
Fransaya balans
Fransa və Britaniya fərqli regionlarda bir-birini üstələməyə çalışırlar. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Britaniya, Ermənistan isə Fransa ilə yaxın əlaqələr qurdu. Ermənistanın Rusiyanın proksisi olması, Bakının isə müstəqil siyasət aparması Britaniyanın Cənubi Qafqazda Fransanı üstələməsinə gətirib çıxardı. Lakin hazırda Fransa Rusiyanın qlobal və regional zəifləməsindən istifadə edib, CQ-nın iki ölkəsində (Ermənistanda və separatçılar vasitəsilə Azərbaycanda) mövqe/nüfuza sahib olmaq istəyir. Hazırda Paris İrəvana 155-mm/52 kaliberli “Trajan” haubitsaları və 50 ədəd ZTR göndərməyi planlaşdırır. Bu, ATƏT-in münaqişə tərəflərinə silah-sursatın satılmaması haqqında 1992-ci il qətnaməsinə ziddir. Bu qətnamə səbəbindən Bakı uzun illər Britaniya daxil Qərb ölkələrindən hərbi texnika ala bilmirdi. Lakin hazırda Bakı 1992-ci il qətnaməsinin Fransa tərəfindən pozulmasını əlində rəhbər tutub, Böyük Britaniyadan silah əldə etmək imkanı qazanmış olur. Belə güman etmək olar ki, Fransanın CQ-dakı artan nüfuzunu tarazlamaq üçün Bakı və London bu məsələni də müzakirə etmişlər.
Əks-hücum ↔ antiterror
2022-ci ilin təcrübəsi göstərir ki, Rusiya-Ukrayna cəbhəsində fəallaşma rəsmi Bakının Ermənistanla və Qarabağda erməni separatçılarla bağlı məsələlərin həllində hərbi-siyasi vasitələrdən istifadə etmə imkanlarını artırır. Bu baxımdan C.Bayramovun səfər çərçivəsində Ukraynanın xarici işlər naziri D.Kuleba (əks-hücum əməliyyatı haqqında məlumat almaq) və C.Kleverli ilə (mümkün antiterror əməliyyatına diplomatik dəstək qazanmaq) görüşləri əks-hücum və antiterror əməliyyatları arasında müəyyən “koordinasiyanın” müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idi.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: