Xəbər lenti


İkinci Dünya Müharibəsini sona erdirən ilk kaputilyasiya aktını Almaniya adından 7 may 1945-ci ildə generaloberst (general-polkovnik) Alfred Jodl imzalayıb. Fransanın Reyms şəhərindəki Müttəfiq Ekspedisiya Qüvvələrinin Ali Baş Qərargahında keçirilən imzalanma mərasimində müttəfiq ordularını Valter Bedell Smit, SSRİ-ni isə İvan Susloparov təmsil edirdi. Fransız general-mayor Fransua Sevezi bu törənə şahid qismində qatılmışdı. 

 

İddialar görə, generaloberst Alfred Jodl öz alman həmkarı ilə imzalanma salonuna girəndə fransız generalını da orda görəndə heyrətdən özünü saxlaya bilməyib və deyib: “Nə?! Biz müharibəni Fransaya da uduzmuşuq?”

 

Binəva alman generalının az qala barmağını dişlədən bu heyrəti səbəbsiz deyildi. Çünki II Dünya Müharibəsində Hitler Almaniyası Fransaya nəinki uduzmamış, əksinə bir göz qırpımında məğlub etmişdi. 10 may 1940-cı ildə hücuma keçən almanlar 22 iyun 1940-cı il tarixində artıq Parisdə idilər. Avropanın ən geniş sahəyə malik ölkəsi Fransanı almaq üçün almanlara cəmi 43 gün lazım olmuşdu. Bizim II Qarabağ savaşından belə, 1 gün az vaxt. Sözün həqiqi mənasında ildırım sürətli savaş. Bir sözlə, fransızlar Hitler Almaniyası qarşısında bizim 44 günlük savaşımızdakı ermənilər qədər dirəniş göstərə bilməmiş, alman tanklarının səsini eşidən kimi qaçıb siçan deşiyini satın almışdılar. Tarixin ironiyasına baxın ki, həmin fransızlar üzərindən 5 il keçər-keçməz alman generalı qarşısında qalib tərəfin təmsilçisi kimi dayanmışdılar.

 

Görünür, Fransanın qaliblər kürsüsündə oturdulması o qədər ədalətsiz olmuşdu ki, Stalin belə, 7 may 1945-ci ildə imzalanmış o sənədin legitimliyini qəbul etməmiş və 1 gün sonra Almaniyanın Baş Qərargah rəisi  Berlinə çağırmış, özünün Müdafiə naziri marşal Georgi Jukovun hüzurunda ikinci dəfə kaputilyasiya aktını imzalamağa məcbur etmişdi. Bununla da SSRİ ilə müttəfiqlər ordusu arasında ilk qırılma yaşanmışdı. İndiyədək Qərb ölkələri alman generalobersti Alfred Jodlun imzaladığı kaputilyasiya aktının qüvvəyə mindiyi 8 mayı, Rusiya isə Wilhelm Keitelin imzaladığı eyniadlı sənədin qüvvəyə mindiyi 9 mayı İkinci Dünya Savaşının bitməsi və ya Qələbə günü kimi qeyd edirlər.

 

Kaputilyasiya aktı imzalandıqdan 4 gün sonra hər iki general həbs olunaraq Nürnberq məhkəməsinə çıxarılmış və edam cəzasına layiq görülmüşlər. Şəkildə general-marşal  Wilhelm Keiteli, asıldıqdan sonra 




Sözümün canı odur ki, İkinci Dünya Savaşında haqq etmədiyi halda qaliblər kürsüsündə otuşdurulan Fransa bu statusunun verdiyi avantaj sayəsində indi at oynadır. Fransa prezidenti Emmanuel Makron özünün tarixi əfəndisi ingilislərə, ABŞ-a tez-tez buynuz göstərir, onların həyata keçirdiyi siyasəti pozmağa çalışır. Niyə? Çünki qalib dövlət kimi BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunan Fransa ona hədiyyə edilən veto hüququndan faydalanaraq bir sıra önəmli qərarların qəbuluna əngəl yaratmaq imkanına malikdir. Makron da bu fürsəti fövtə vermə istəmədiyindən bəzən NATO-nun mövcudluğunu belə şübhə altına alır və hərbi alyansın beyin ölümü keçirdiyini bəyan edir, bəzən isə Cənubi Qafqazda sülhün yaradılması üçün Vaşinqtonun göstərdiyi səyləri heçə endirmək xəyalları qurur. Fransa prezidentinin hər dəfə yuyulmamış qaşıq kimi özünü sülh danışıqlarına soxması və ardınca ortalığı qarışdıran bəyanatlar səsləndirməsi də bu pozucu niyyətdən qaynaqlanır. 

 

İyunun 28-də Fransa prezidentinin erməni lobbisinin nümayəndələri qarşısında səsləndirdiyi fikirlər isə ümumiyyətlə ürəkbulandırıcıdır. Adam ermənilərə özünü şirin salmaq üçün təkcə Azərbaycanın milli maraqlarını heçə saymaqla qalmayıb, hətta Ermənistan lideri Nikol Paşinyanın da ünvanına xoş olmayan fikirlər səsləndirib. Deyib ki, o, erməni maraqlarını Paşinyandan daha qətiyyətli şəkildə müdafiə edir və bu məsələdə əsl problem erməni liderinin Azərbaycanla sülh sazişinə getməsidir. Üstəlik, bir də bizə dolayısıyla yumruq göstərərək hədə-qorxu da gəlib. Bildirib ki, Fransa ilk dəfədir ki, Ermənistandakı səfirini hərbi atteşələr arasından seçib və bu, ciddi mesaj ehtiva edir. Yəni yeri gəlsə, Fransa Azərbaycanla savaşa da bilər.

 

Bəs, Makron bu dediyini etməyi bacararmı? Əlbəttə, yox. Ona hədiyyə edilmiş qaliblik sayəsində bir neçə nüvə silahına sahib olması hələ Fransanın güclü olduğu anlamına gəlmir. Heç uzağa getməyək, həftə səkkiz, mən doqquz yeni “qırmızı cizgi”ləri ilə ortaya atılan Rusiyanın bu gün Ukraynada hansı vəziyyətə düşdüyü Paris üçün görk olmalıdır. Hansı ki, həmin Rusiya Fransadan nüvə potensialına görə, ən azı 20 dəfə böyükdür və nüvə silahı hücum yox, müdafiə silahıdır. 2020-ci ilin hesabatlarına görə, Fransa nüvə gücü baxımından nəinki gözü çıxmış qardaşı Rusiyadan, hətta Pakistandan belə geridədir və buna çox arxayın olmağa dəyməz. 

 

Üstəlik, Cənubi Qafqazda baş verən proseslər təkcə Azərbaycan və Ermənistan savaşı da deyil. Bu savaş, bizim üçün vətən müharibəsidirsə, dünya nəhəngləri üçün geosiyasi mübarizədir. Haqq etmədiyi halda qaliblər kürsüsündə otuzdurulan, dolayısıyla hazırkı üstünlüyünü hədiyyə kimi alan Fransa bu mübarizə meydanında heç kimdir. Necə ki, bənzər özbaşınalıqlarının ağır cavabını Avstraliya və Şərqi Avropada dəfələrlə ağır şəkildə alıb. Avstraliya, Böyük Britaniya və ABŞ tərəfindən 15 sentyabr 2021-ci ildə imzalanan AUKUS paktı ilə dövrə dışı buraxılmasına Makronun verdiyi reaksiya hələ də yaddaşlardan silinməyib. Bu saziş nəticəsində 50 milyard dollarlıq sualtı qayıq layihəsindən özünün də xəbəri olmadan oyundankənar vəziyyətə salınan Makron həmin xəbəri eşidəndə az qala əsəb böhranı keçirmiş və bir neçə ay boyunca “bu, Fransaya arxadan vurulmuş dost zərbəsidir” deyə-deyə qalmışdı. Eynilə, yenə anqlo-sakson ittifaqın birgə fəaliyyəti nəticəsində Şərqi Avropada da bir çox nüvə enerjisi sazişlərindən məhrum buraxılmışdı.

 

Görünür, dünyanın hər yerində üzünə ağ olduğu əfəndilərindən yediyi zərbənin qisasını indi bizim coğrafiyalarda almaq eşqinə düşən Makron erməni kartından istifadə etməyə çalışır. Ermənilər isə artıq boş xülyalarla yaşamağın onlara fayda gətirməyəcəyinin fərqindədirlər. Bu səbəbdən də İrəvan Azərbaycanla sülh sazişi masasına əyləşib, Türkiyə ilə sərhədləri açmaq üçün əlləşir. İranın, Rusiyanın və Fransanın əlində alət olmağın yalnız ermənilərə zərər gətirəcəyini anlayan Paşinyan hökumətinin artıq boş vədlərə bel bağlayıb daha böyük risklərə getmək istəməməsi, görünür, Makronu xəyal qırıqlığına uğradıb. Onun “Problem məndə yox, Paşinyandadır” deməsi də bundan xəbər verir.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 7 437          Tarix: 30-06-2023, 07:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma