Xəbər lenti


“Dünən Rusiya prezidenti Vladimir Putinin oxşarı müxtəlif müsabiqələrin qaliblərinin sərgiləri ilə tanış olarkən və Strateji Təşəbbüslər Agentliyinin “Yeni Zaman üçün Güclü İdeyalar” üçüncü illik forumunun plenar iclasında iştirak edərkən, əsl prezident daha vacib işlərlə məşğul idi”. 

 

Ovqat.com-un məlumatına görə, bu iddianıГенерал СВР” Telegram  səhifəsi irəli sürüb.

 

Kreml daxilindəki məxfi məlumatları yaymaqla məşğul olan səhifə müəllifi bildirib ki, əsl Putin təhlükəsizlik və hərbi blokların rəhbərliyinin nümayəndələri ilə videobağlantı vasitəsilə bir neçə görüş keçirib: 

 

“Hərbi blokun rəhbərliyinin nümayəndələri ilə görüşdə prezidentə cəbhədəki vəziyyətlə bağlı məlumat verilib və iki ukraynalı generalın və Ukrayna Silahlı Qüvvələrinin qırxdan çox zabitinin  məhv edilməsindən, həmçinin əldə olunan digər uğurlardan ətraflı danışılıb. "Yüksək dəqiqlikli" zərbə, üstəgəl, saysız-hesabsız məhv edilmiş tank, zirehli texnika, artilleriya və düşmənin canlı qüvvəsi... Hərbi rəhbərliyin çıxışından sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev söz alıb. Deyib ki, görünür, hərbi rəhbərliyin nümayəndələri Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan generallar, “ağcaqanad qoşunları” və ya digər döyüş həşəratları da daxil olmaqla, texnika və şəxsi heyətin məhv edilməsini nəzərdə tutur və bunlar yalnız gülünc hesabatlarda mövcuddur. Bütün digər məlumatlar kimi yalandır. 

 

Patruşev hərbi blokun rəhbərliyinin nümayəndələrindən soruşub ki, onlar niyə prezidenti axmaq yerinə qoyur və dövlət başçısına belə həyasızcasına yalan danışırlar”.

 

Qaynağın iddiasına görə, hərbi rəhbərlik Təhlükəsizlik Şurası katibinin iddialarına cavab verməyiblər və sadəcə olaraq kameraya və ekrana baxmamağa çalışaraq gözlərini aşağıya dikiblər: “Patruşev bildirib ki, onun məlumatına görə, cəbhədə vəziyyət ağırdır. Hərbi rəhbərlik hər şeyi uydurur və bildikləri tək şey Müdafiə Nazirliyi ilə Baş Qərargah daxilindəki intriqaları ört-basdır etməkdir. 

 

Patruşevin çıxışından sonra prezident hərbi rəhbərliyə hirslənib və “Lənətə gələsiniz!” deyib iclası bağlayıb. Güc bloku rəhbərliyinin nümayəndələrinin iştirak etdiyi növbəti iclas birincinin bitməsindən təxminən iki saat sonra prezident tərəfindən çağırılıb. Putin cari məsələlərin səthi təhlili ilə ölkədəki işlərin vəziyyəti və Yevgeni Priqojin və Vaqner tərəfindən təşkil edilmiş hərbi qiyam cəhdində mümkün iştirakına görə Sergey Surovikinin də daxil olduğu üç ordu generalının təhqiqatı ilə bağlı hesabatı dinləyib. Hesabat müəlliflərinin fikrincə, hər üç general təkcə qiyamın hazırlanması ilə deyil, həm də onun həyata keçirilməsinə köməklik göstərməklə birbaşa əlaqəlidir. Saxlanılan generalların dindirilməsi nəticəsində qiyamın təşkilində və dəstəklənməsində əli ola biləcək bir sıra digər şəxslər müəyyən edilib və hesabatın aparıcısı Putindən Müdafiə Nazirliyi və Baş Qərargahdan daha on üç generalı dindirmək üçün icazə istəyib.

 

Daha sonra söz alan Patruşev bu təklifi dəstəkləyib və istintaqın məntiqi nəticəyə çatdırılmasını zəruri saydığını bildirib. 

 

Toplantıda Sergey Surovikinin yoxa çıxması ilə əlaqədar informasiya məkanında yaranan narazılıqlar məsələsi də qaldırılıb. Qısa müzakirədən sonra prezident “general Armageddon”la bağlı bütün lazımi tədbirlərin görülməsi, sonunda rüsvay olmuş generalın ictimaiyyətə təqdim edilməsi, eyni zamanda onun “Xüsusi Hərbi Əməliyyat” rəhbərliyindən uzaqlaşdırılması, yaxın nəzarətdə saxlanılması və imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması qərarını dəstəkləyib. 

 

Toplantı iştirakçıları daha sonra Yevgeni Priqojinin və “Vaqner” qoşunlarının üsyankar hissəsinin cari işlərini və perspektivlərini müzakirə ediblər. Prezidentə məlumat verilib ki, Priqojin razılaşmalar çərçivəsində Rusiyada sərbəst hərəkət edir. Sankt-Peterburq və Moskvada işləri həll edir. Hələlik Priqojinin nəzarətində olan “Vaqner”in beynəlxalq fəaliyyəti ilə bağlı heç bir kompromis əldə etmək mümkün olmayıb. Priqojin israr edir ki, bu istiqamətdə səmərəli fəaliyyətini davam etdirəcək və ona hər hansı müdaxilə cəhdlərini razılaşmaların pozulması kimi qiymətləndirəcək”. 

 

Müəllif xatırladıb ki, Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin kifayət qədər sirlərini bilir və bu da ona qısa müddətə praktiki olaraq zəmanətli toxunulmazlıq verir. 

 

Qeyd edək ki, bu iddiaların nə qədər həqiqət olub-olmadığını müəyyənləşdirmək çətindir. Amma indiyədək müxtəlif ciddi media qurumlarında verilən məlumatlarda Rusiyanın hərbi rəhbərliyi arasında ciddi ixtilafların olduğu bildirilir.

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak da bu gün yaydığı məlumatda Rusiyanın təhlükəsizlik qüvvələri ilə hərbçiləri arasında mübarizənin aktiv fazaya daxil olduğundan danışıb. Onun sözlərinə görə, Rusiyanın yuxarı eşalonunda Putinin “zəifləşdiyini” başa düşürlər, ona görə də hakimiyyətə yiyələnməyə çalışırlar: “Bizim əldə etdiyimiz məlumatlara görə, bu, artıq “qüllələr” arasındakı açıq müharibədir. Bunun nəticəsində rəqib tərəflər bir-birinin nümayəndələrinin fiziki cəhətdən məhv edəcəklər”. 

 

Andrey Çernyak iddialarında mübarizənin əsasən FSB və Müdafiə Nazirliyi arasında getdiyini bildirib. FSB-nin hazırkı direktoru Aleksandr Bortnikov olsa da, yuxarıda bəhs etdiyimiz Telegram səhifəsində adı keçən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin də bu strukturdan gəldiyi bəllidir. Bortnikov əvvəl, 2008-ci ilə qədər FSB-yə Patruşev rəhbərlik edib. Təbii ki, qurumda onun dayaqları güclüdür və təhlükəsizlik sistemi ilə hərbçilər arasındakı mübarizədə birincilərə onun rəhbərlik etməsi olduqca normaldır. 

 

FSB ilə Rusiya Federasiyasının Müdafiə Nazirliyi arasında münaqişə ilə bağlı məlumatlar daha əvvəllər də ortaya çıxmışdı. Xüsusilə Pentaqonun bu yaxınlarda yayılmış gizli sənədlərində qeyd olunurdu ki, Rusiyanın Ukrayna müharibəsində itkiləri ilə bağlı həqiqəti əks etdirən məlumatlar hərbçilər tərəfindən gizlədilir və bu səbəbindən idarələr arasında münaqişə yaranıb. “New York Times” tərəfindən dərc olunan sənədlərin mühüm bir qisminin saxta olmadığını Pentaqon yetkililəri də qəbul etmişdilər.

 

Sənədlərdə həmçinin göstərilirdi ki, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin sursat təchizatı ilə bağlı ictimai mübahisələrini həll etmək üçün fevralın 22-də tərəfləri görüşə çağırıb. İddialara inansaq, Priqojin bu görüşdə də Soyqunu “Vaqner”i döyüş sursatı ilə təchizatında “böyük problemlər” yaratmaqda ittiham etmişdi. Bildirilirdi ki o, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini “Vaqner”çilərə döyüş sursatları çatdırmamaqda, “hava nəqliyyatı ilə kömək etməməkdə”, beləliklə də “vətənə xəyanətdə” günahlandırmışdı.

 

Maraqlıdır ki, fevralın 23-də Priqojin “Telegram” kanalında yayımlanan yaydığı səsli mesajında döyüşçülərinə artıq silah-sursat göndərildiyini bildirmişdi.

 

Kremlin sözçüsü Dmitri Peskov belə, Pentaqon sənədlərində yer alan iddiaları tam təkzib etməmiş, sadəcə onların etibarlığına şübhə ilə yanaşdığını bildirərək demişdi: “Mən bu xəbərlərin nəyə əsaslandığını bilmirəm, lakin onların etibarlılığına və müəllifin Rusiya daxilində baş verənlərin mahiyyətini düzgün başa düşməsinə şübhə edirəm”.

 

Göründüyü kimi, müxtəlif zamanlarda müxtəlif qaynaqlar tərəfindən verilən məlumatlar bir-birini dəstəkləyəcək mahiyyətdədir və onu göstərir ki, Rusiyanın hərbi-siyasi elitasında “Vaqner” qiyamı ilə üzə çıxan gərginliklər hələ də səngiməyib. Gərginliyin ilk potensial qurbanları Yevgeni Priqojin və “general Armageddon” ləqəbi ilə tanınan Sergey Surovikin olsa da, əsl hədəflər hələ də özləri barədə veriləcək qərarı gözləyirlər. Hərbçilərlə generallar arasında kimin qələbə çalacağını isə Ukraynadakı müharibədə əldə ediləcək qələbə və yaxud uğursuzluqlar müəyyənləşdirəcək. Hətta Ukraynada çarəsiz vəziyyətlə üzləşən hərbi rəhbərliyin özlərini xilas etmək üçün dövlət çevrilişinə gedə biləcəyi də istisna olunmur.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 179          Tarix: 30-06-2023, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma