Rusiyanın Ukraynaya qarşı müharibə üçün İranın davamlı olaraq PUA tədarükü bütün dünyaya məlumdur. Lakin indi məsələ Ermənistanın bu alyansa qoşulmasıdır. İrəvan hazırda demokratik dövlət kimi gələcəyi ilə bağlı həlledici qərar qarşısındadır.
Bu barədə Kiyev Mohila Akademiyasının siyasi elmlər üzrə professoru, “Faşizm və Soyqırım” kitabının müəllifi Taras Kuzio öz məqaləsində yazıb.
O, qeyd edib ki, Cənubi Qafqazda geosiyasi ittifaqlar çoxdan qurulub və bununla belə, bir çox qərb siyasətçiləri üçün onları dərk etmək hələ də çətin görünür.
Lakin hazırda vəziyyət İranın Rusiyaya pilotsuz uçuş aparatları və raket tədarükçüsü kimi Ukraynadakı müharibədə birbaşa iştirakı ilə dəyişə bilər. Belə ki, Ukrayna və Qərb faktiki olaraq təkcə Rusiya və Belarusla deyil, həm də İranla müharibə vəziyyətindədir. Daha bir regional ölkə - Ermənistan isə Rusiya və İranla müttəfiqliyi səbəbindən bu işə qarışıb.
İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi dəstək, o cümlədən Ermənistanın hava məkanı və hava limanları vasitəsilə də həyata keçirilib. İran öz dronlarının və raketlərinin tədarükünü Moskvaya sanksiyalardan yayınmağa kömək edən Ermənistanın dəstəyi ilə həyata keçirir.
Hərçənd, Rusiya-Ermənistan-İran geosiyasi ittifaqı olduqca qəribədir. Qərbdə avtoritar ölkə kimi tanınan Rusiya və İran aydın anti-Qərb platformasında birləşdiyi halda, Ermənistan demokratik ölkə imici yaratmağa çalışır. Baş nazir Nikol Paşinyan Ermənistan və İranın sıx strateji müttəfiqlik qurduğu Tehrana müntəzəm səfər edir. Ancaq buna baxmayaraq, Ermənistan Rusiya və İrana sanksiyalardan yayınmağa kömək etdiyinə və ya İran PUA-larının və raketlərinin Rusiyaya ötürülməsində vasitəçi roluna görə heç vaxt sanksiyaya məruz qalmayıb.
“Demokratik” Ermənistan avtoritar İran, Rusiya, Belarusla birləşərək Avropa İttifaqından üz döndərib. Ermənistan dönə-dönə “avtoritar Azərbaycan”dan danışır, lakin özü digər avtoritar rejimlərlə ittifaqa girir.
ABŞ Ermənistana İran və Rusiya ilə yaxın münasibətləri barədə, o cümlədən MKİ rəhbərinin 2022-ci ilin yayında Ermənistana səfəri zamanı xəbərdarlıq edib. Lakin Ermənistan buna məhəl qoymayıb. Belə ki, Ermənistanın ordu və təhlükəsizlik qüvvələri hələ sovet dövründən Rusiyanın müvafiq şəbəkəsi ilə sıx bağlıdır. Rusiyayönlü erməni diasporunun ölkənin Xarici İşlər Nazirliyi üzərində də güclü təsiri var.
Ermənistanın İran və Rusiya ilə müttəfiqliyi o deməkdir ki, o, həm də onların Qərbə qarşı müharibəsində döyüşçüdür. Ancaq nədənsə Qərb hökumətləri Ukraynaya qarşı apardıqları müharibəyə görə Ermənistana deyil, Rusiya, Belarus və İrana sanksiyalar tətbiq edib.
Oxu.az
Paylaş: