Xəbər lenti

Üzləşdiyi problemlərin heç birini həll edə bilməyən Ermənistan rəhbərliyi maniakal inadla özünə yeni problemlər yaradır2050-ci ilədək Ermənistan əhalisi 300 min nəfər azalacaq.

BMT-nin hesablamalarına görə, ölkədə demoqrafik situasiyanın daha da pisləşməsinin müxtəlif səbəbləri var ki, onların arasında 44 günlük İkinci Qarabağ Müharibəsinin sonucları xüsusi yer tutur.

Erməni siyasi ekspert, İrəvandakı Qafqaz İnstitutunun əməkdaşı Qrant Mikaelyan da hesabatla razıdır. Onun fikrincə, 44 günlük müharibənin nəticələri Ermənistanın növbəti 20 ildə demoqrafik vəziyyətinə təsir edəcək.

Q.Mikaelyan hesab edir ki, Ermənistanın əhalisi yaxın illərdə azalacaq və əgər ölkə 2050-ci ilə qədər BMT-nin 2,6 milyon nəfərlik proqnozunu yerinə yetirə bilsə, bu, yaxşı nəticə olacaq: “Ermənistandakı mövcud tendensiyaları nəzərə alsaq, proqnoz BMT-nin təqdim etdiyindən də pis ola bilər. Demoqrafiya ölkədə gedən ictimai-siyasi prosesləri əks etdirir”.

“Son 30 ildə Ermənistanda qeyri-bərabərlik dərinləşib, işsizlik artıb, iqtisadiyyatda irəliləyiş yoxdur, eyni zamanda ölkədə artıq asılı olmayan təhlükəsizlik atmosferi pisləşib”, - Mikaelyan bildirib.

İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir.

Ekspertin qənaətinə görə, 44 günlük müharibənin nəticələri də Ermənistan əhalisinin azalması prosesinə kömək edəcək.

Onun hesablamalarına görə, müharibənin nəticələri yaxın 20 il ərzində Ermənistan əhalisinin sayında təsirini göstərəcək.

Mikaelyan digər risklər arasında miqrasiyanın tempi və doğum səviyyəsini də qeyd edib. Bu mərhələdə miqrasiyanın tempi 2021-ci illə müqayisədə azalıb, Ermənistana müxtəlif ölkələrdən vətəndaşların axını da var. Eyni zamanda, doğum səviyyəsi aşağı olaraq qalır və ölüm nisbəti ciddi şəkildə dəyişmir.

O, həmçinin hesab edir ki, son miqrasiya tendensiyası Ermənistanın etnik mənzərəsinin dəyişməsinə səbəb ola bilər.

Belə ağır demoqrafik situasiyada olan və əhalinin sürəkli azalmasının tendensiyaya çevrilməsi problemilə üzləşən Ermənistanın hakimiyyət dairələri sülh gündəliyinin bərqərar olmasına, Azərbaycanla yekun sülh sazişinin mümkün qədər tez imzalanaraq bölgədə stabilliyin bərqərarına çalışmaq əvəzinə, destruktiv və yanlış siyasəti davam etdirirlər.

Məhz rəsmi İrəvan həm şərti dövlət sərhədində, həm də Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdəki hərbçilərindən vasitə qismində istifadə edərək gərginliyi artırır, qarşıdurmanı yüksək intensivlik həddinə çatdırır.

Halbuki 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra regiondakı qüvvələr balansı və geosiyasi reallıqlar köklü şəkildə, diametral qaydada dəyişib. Ermənistanın baş naziri Nikol Paşinyanın bravur və əksər hallarda radikal bəyanatlarına rəğmən, ermənilərin təhlükəsizliyini əhəmiyyətli qaydada RSK, habelə Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi baza, ermənilərin İran və Türkiyə ilə dövlət sərhədlərini qoruyan rusiyalı hərbçilər təmin edirlər.

Paşinyan administrasiyasının nəzərə almaq istəmədiyi digər amil isə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı Moskvanın Cənubi Qafqaza təsir imkanlarının ciddi şəkildə azalmasının Ermənistan üçün yaratdığı risklərdir.

Məhz Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Rusiyanın Müdafiə Nazirliyi həm Azərbaycan ərazisindəki sülhməramlı kontingentindən, həm də Ermənistandakı hərbçiləri arasından rotasiya adı ilə yüzlərlə şəxsi döyüş bölgəsinə aparıb və sonucda, Cənubi Qafqazda rusiyalı hərbçilərin kəmiyyətində əhəmiyyətli azalma yaranıb.

Eyni zamanda, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından iki ölkə arasında hazırda sadəcə, şərti, demarkasiya və delimitasiya edilməmiş dövlət sərhədi mövcuddur. Həmin sərhədin perimetri boyunca və RSK-nın yerləşdiyi ərazilərdən mövqelərimizin sürəkli atəşə tutulması, hərbçilərimizin hədəfə alınması isə vətəndaşlarımız üçün real təhdid mənbəyinə çevrilmiş infrastrukturun məhvini zəruri, qaçılmaz edir.

İrəvanın qətiyyən nəzərə almaq istəmədiyi digər məqamsa yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə artıq iki trekin formalaşmasıdır. Birinci trekdə danışıqlar Rusiya Federasiyasının iştirakı ilə aparılır, ikinci trekdə isə müzakirələr Vaşinqtonda və Brüsseldə gerçəkləşir. Həmin treklərin heç birində Ermənistanın hakimiyyət elitası qarabağlı ermənilərin artıq tarixə gömülmüş status məsələsini, habelə hüquq və təhlükəsizliklərinin təminatı üçün beynəlxalq mexanizmlərin yaradılması tələbini reallaşdıra bilməyib.

Nikol Paşinyana dəfələrlə deyilsə də, o, ciddi yanlışlığını təkrarlayır və dərk etmir ki, qarabağlı ermənilərin uydurma status ifadəsinin hər dəfə gündəmə gətirilməsi əslində Azərbaycana qarşı ərazi iddiasıdır.

Ermənistan danışıqlar prosesindəki üçtərəfli formatdan çıxmağa, Fransanın müzakirələr prosesinə qatılmasına nail olmaq istəyir, amma İrəvan bunu bacaran deyil.

Sərhəd boyunca, habelə RSK-nın müvəqqəti nəzarətindəki arealdan mövqelərimizin atəşə tutulmasının əsas səbəbi də budur.

Daha bəsit desək, Ermənistan bilərəkdən gərginlik yaradır, danışıqlar prosesinin mövcud formatlarında maneələr formalaşdırmağa və bu minvalla yeni vasitəçilərlə yeni gündəliyin yer ala biləcəyi yeni formatların yaranmasına can atır.

ABŞ və Avropa İttifaqının son vaxtlar fəallaşmasının, danışıqların Rusiya Federasiyası trekinə keçməsinə və yekun sülh sazişi marşrutunda Moskvanın əsas moderator, yəni geosiyasi inhisarçı statusuna yiyələnməsinə imkan verməməsinə səylər göstərməsi də bəhs etdiyimiz məqamlarla bağlıdır.

Birləşmiş Ştatların hazırda əsas hədəfi Fransa kimi danışıqlar prosesindən kənarda qalmamaqdır.

Yaşanan prosesləri diqqətlə izləyən rəsmi Bakı mövqelərini kimlərinsə istəklərinə və ya şərtlərinə görə korreksiya edən deyil. Tam əksinə, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməməyə davam edərsə, yəni RSK-nın olduğu ərazilərdən silahlı dəstələrini çıxarmazsa və Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi qarşısında yaratdığı əngəlləri aradan qaldırmazsa, onda Azərbaycan qarabağlı ermənilərin ölkə cəmiyyətinə reinteqrasiyası ilə erməni silahlı dəstələrinin tərksilahına birtərəfli qaydada başlamaq məcburiyyətində qalacaq.

Beynəlxalq hüquq, habelə Ermənistanın da imzalayaraq ratifikasiya etdiyi sazişlərlə anlaşmalar buna tam imkan verir.

İrəvan sülh gündəliyinə zərbələr vurmaqdan əl çəkməsə və silahlı təxribatları dayandırmasa, Ermənistanın vəziyyəti daha da ağırlaşaraq pisləşəcək.

Ən nəhayət, Ermənistan unutmasın ki, Rusiya Federasiyası hazırda ABŞ və ya Avropa İttifaqından fərqli olaraq, vasitəçi yox, tərəfdir. 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda, daha sonra razılaşdırılaraq qəbul edilmiş birgə sənədlərin hamısında Moskvanın imzası var. Bu isə avtomatik və aksiomatik olaraq Rusiyanın üzərinə bəlli öhdəliklər qoyur.

Rəsmi Bakı bütün öhdəliklərini yerinə yetirir və bunu da Rusiyadan gözləyir.

Ermənistana gəldikdə isə - vaxt ermənilərin əleyhinə işləyir.

Trend.az




Ana səhifəyə qayıt        Baxış: 4 860          Tarix: 12-07-2023, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma