Politoloq: “Bakının qəbul etməyəcəyi təklifləri qəsdən irəli sürür ki...”
Ermənistanın Baş naziri Nikol Paşinyan yenə “sülh çuxası”na bürünüb. Hökumətin iyulun 20-də keçirilən iclasında o bildirib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi mümkün qədər intensiv şəkildə davam etdirilməlidir. Paşinyana görə, “qarşılıqlı məqbul həll yollarının tapılması üçün fəal səylər göstərmək lazımdır”.
“Hazırda bizim vəzifəmiz diplomatik üsullarla, beynəlxalq mətbuatda və sosial şəbəkələrdə Dağlıq Qarabağdakı vəziyyəti ən geniş və obyektiv şəkildə təqdim etməklə, Dağlıq Qarabağda yaranmış humanitar böhrana daha çox beynəlxalq diqqəti cəlb etməkdir”, - deyə baş nazir qeyd edib.
Paşinyan ardınca iddia edib ki, “bu müddət ərzində Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi” zərurəti daha da kəskinləşib.
“Eyni zamanda Stepanakert (Xankəndi - red.) və Bakı arasında beynəlxalq dialoq (?! - red.) mexanizminin formalaşdırılması vəziyyətdən ən konstruktiv çıxış yoludur və bu istiqamətdə bütün səylər göstərilməlidir, - baş nazir vurğulayıb.
Yəni yenə köhnə hava, köhnə bayatı, Qarabağla bağlı Minsk Qrupuna bənzər yeni beynəlxalq format, təsisat yaradıb “status” danışıqlarını sonsuzadək davam etdirmək cəhdi. Artıq sirr deyil ki, sülh prosesini ləngidən əsas amil də məhz elə İrəvanın sülh anlaşmasını Qarabağ şərtinə bağlamasıdır.
Beləcə, Ermənistan “beynəlxalq mexanizm”i bəhanə eləməklə açıqca Azərbaycan ərazilərinin təzədən “sortlara” bölünməsini istəyir. Bunu açıq etiraf etməsələr də. Çünki Paşinyan və komandası Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Bu şərtlə o mövqe isə əlbəttə ki, tutmur.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın bir tərəfdən sülh sazişi tərəfdarı kimi çıxış edib, o biri tərəfdən bu cür şərtləri irəli sürməsi ilə məsələ həll oluna bilməz. Bu, İrəvanın qəsdən prosesi uzatmaq məqsədilə irəli sürdüyü şərtlərdir. Çünki bilirlər ki, Azərbaycan qəbul etməyəcək: “Nikol Paşinyanın son dövrlər çıxışları, ümumiyyətlə, onun komandasında olan təhlükəsizlik şurasının katibi və xarici işlər nazirinin fikirləri regional gərginliyin artırılmasına xidmət edir. Eyni zamanda Xankəndidə olan erməni separatçıların aksiyaları, separatçıların verdiyi bəyanatlar beynəlxalq diqqəti özlərinə cəlb etməyə yönəlib.
Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan hazırkı dövrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanısa da, bir sıra şərtlər irəli sürür. Beynəlxalq mexanizmin dialoq çərçivəsində tətbiq olunması, Bakı və Xankəndi arasında dialoqda beynəlxalq vasitəçilərin olması kimi ortaya atdıqları fikirlər onların məsələni beynəlxalq müstəviyə çıxarmaq arzusudur. Çox yaxşı anlayırlar ki, Bakı bununla razı olmayacaq. Status olmadıqca ermənilərin o cür absurd iddialar irəli sürməsi də yolverilməzdir".
Ekspert vurğuladı ki, Azərbaycan öz vətəndaşları ilə dialoqda, təmasların qurulmasında, humanitar problemlərin həll olunmasında, infrastruktur layihələrinin icrasında hər hansı beynəlxalq mexanizmə və vasitəçiyə ehtiyac duymur: “Bu, Azərbaycanın yurisdiksiyasına aid məsələdir. Bu məsələdə nə qədər beynəlxalq mexanizm terminini siyasi dövriyyəyə Nikol Paşinyan buraxacaqsa, anlamalıdır ki, bu, Bakı tərəfdən qəbul olunmayacaq. Azərbaycan kifayət qədər konstruktiv mövqe nümayiş etdirərək Qarabağ iqtisadi rayonunda olan erməniləri dialoq üçün Bakıya Prezident Administrasiyasına iki dəfə dəvət edib. Lakin bu təkliflər qəbul olunmayıb. Bu cür konstruktiv təkliflər qəbul olunmadıqca gərginlik pik həddə yüksəlməkdədir. Eyni zamanda qeyd etmək lazımdır ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin böhran vəziyyətində olması, burada humanitar fəlakətin yaşandığı kimi saxta təbliğat da qəbulolunmazdır və məsələnin həllinə xidmət etmir. Nikol Paşinyanın Brüssel formatında görüşdə də qaldırdığı həmin tezislər qəbul olunmayıb. Paşinyan bu cür tezislərdən əl çəkməlidir. Bakının qəbul eləməyəcəyi fikirləri irəli sürüb vaxt udmağa çalışmaq taktikası Ermənistana xeyir gətirməyəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Paylaş: