Rusiya xarici işlər naziri “dağlıq” sözünü işlətmir, Müdafiə Nazirliyi də suverenliyimizə hörmət etməyi bir öyrənsə...; siyasi və hərbi analitiklərdən şərh
İyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündən öncə yaşanan bir olay siyasi müşahidəçilərin diqqətindən yayınmadı. Söhbət Rusiya XİN başçısı Sergey Lavrovun köməkçisinin öz şefinə etdiyi xəbərdarlıqdan gedir. Məlum olduğu kimi, köməkçi Lavrovun qulağına “keçmiş DQMV” ifadəsinin azərbaycanlıların (Azərbaycan nümayəndə heyətinin - red.) xoşuna gəlməyəcəyini pıçıldamışdı. Mikrofon açıq qaldığı üçün bu tövsiyə əməllicə rezonans doğurdu. Maraqlıdır ki, həmin xəbərdarlıqdan sonra Lavrov bir dəfə də olsun nəinki “keçmiş DQMV”, hətta “Dağlıq Qarabağ” sözündən də istifadə etməyib. Üçtərəfli görüşdən sonra mətbuata geniş açıqlamasında da Rusiya XİN rəhbərinin Qarabağın adını dəfələrlə çəkməsinə rəğmən, “dağlıq” sözünü işlətməyib. Bu, yekun videodan da görünür.
Amma Rusiyanın dövlət agentlikləri və təbii ki, erməni mediası Lavrovun işlətmədiyi sözü onun çıxışına əlavə ediblər və “Dağlıq Qarabağ” yazıblar. Bu da məlumdur ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşmiş sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı vaxtaşırı yaydığı bülletenlərdə hələ “Dağlıq Qarabağ”, “Stepanakert” sözlərini işlədir. Nə vaxtadək? Bunun bizim xoşumuza gəlmədiyini kimsə S.Şoyqunun qulağına pıçıldayacaqmı? Yaxud sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Xocalıda, iqamətgah önündə hələ də Rusiya, Ermənistan bayraqları və separatçıların “bayraq” adlandırdığı əski parçasının yan-yanaşı asılması? Rəsmi Moskva nə vaxt ərazi bütövlüyümüzə və suverenliyimizə hörmət etməyi öyrənəcək? Bundan əlavə, vaxtaşırı Rusiya MN-in saytında sülhməramlıların dislokasiya olduğu ərazilər sırasında Laçın şəhəri göstərilir. Hərçənd Şoyqu da, onun Qarabağdakı generalı Lentsov da yaxşı bilirlər ki, Laçın şəhəri nəinki bizdədir, artıq laçınlılar evlərinə qayıtmağa başlayıblar. Bəs niyə Rusiya MN rəsmi Moskvanın açıqlamalarına zidd hərəkətlərə yol verir? Buna necə son qoymaq olar?
Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyada hər şey bir şəxsdən asılıdır. Onun fikrincə, bu dövlətin müqəddəratı, taleyi Putinin iradəsindədir. “Hesab edirəm ki, birinci şəxsdən sonrakı məmurların mövqeyi yox, prezidentin münasibəti bizi maraqlandırmalıdır. Rusiya lideri müharibə zamanı demişdi ki, döyüşlər Azərbaycan ərazisində gedir. Yəni Qarabağın dağlıq hissəsini ayırmamışdı. Bu mövqe bizi qane edirdi. Amma, təbii ki, Rusiya Müdafiə Nazirliyinin addımlarını da gözardı edə bilmərik. Bəli, erməni toponimləri ilə ərazilərin adlarını qeyd etmək yolverilməz haldır. Biz Rusiya Müdafiə Nazirliyinə xəbərdarlıq etməliyik”,- deyə ekspert düşünür. Onun sözlərinə görə, Rusiyada hansısa məmurun ermənilərə sevgisi ola bilər, amma onu fəaliyyətində göstərməməlidir: “Rusiya Müdafiə Nazirliyi Azərbaycanın suverenliyi ilə bağlı həssas məqamlara hörmətlə yanaşmalıdır. Bu gün Rusiya-Azərbaycan əlaqələri az sayda dövlətlər arasında olan münasibətlərdir. İki ölkə arasında imzalanmış strateji müttəfiqlik haqda Moskva bəyannaməsinə əsasən, dövlətlər bir-birinin ərazi bütövlüyünü təhdid edəcək addımlar atmamalıdırlar. Bütün bunları nəzərə alaraq Rusiya Müdafiə Nazirliyi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmət etməlidir”.
Hərbi analitik Alp Arslan İmamqulunun bildirdiyinə görə, buna səbəb Rusiyanın köhnə sovet xəritələrindən istifadə etməsi ilə bağlıdır: “Biz dəfələrlə iradımızı bildirmişik və rus siyasətçiləri nəzərə alırlar. Amma, görünür ki, rus hərbçiləri hələ sovet dövründə qalıb və o dönəmin xəritələri ilə işləyirlər. Hər bir halda Azərbaycana hörmətsizlikdir. Azərbaycan 30 ildən çoxdur ki, müstəqillik qazanıb. Bu müddətdə xəritələrimiz dəyişib, bunlar nəzərə alınmalıdır”. Hərbi ekspertin fikrincə, əgər rus hərbçisi köhnə xəritədən istifadə edirsə, deməli, müəyyən məsələlərdə inkişaf yolunu tuta bilməyiblər: “Onlar xəritələrdə dəyişiklik edə bilmirlərsə, biz yeni xəritə göndərməliyik. Əks halda bu hörmətsizlik davam edəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Paylaş: