Ukraynadakı münaqişənin gedişatında Belarusla İran arasında aparılan müzakirələrin təfərrüatı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Belarusun müdafiə naziri Viktron Xrenin iyulun 31-də və avqustun 1-də Tehranda keçirdiyi görüşlərdə:
1. İki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsini,
2. Hər iki ölkədə hərbi attaşe təyin edilməsini,
3. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılmasını müzakirə edib.
İranla Belarus arasındakı əməkdaşlıq Tehranın Çin, Rusiya, Venesuela ilə strateji tərəfdaşlıq qurmaq səylərinin davamı kimi başa düşülməlidir.
Bunlar İranın Belarus və Rusiyada dron zavodlarını inşa etməsi fonunda qlobal qüvvələr nisbətində yarana biləcək dəyişiklikləri özündə ehtiva edir.
Məsələ Rusiyanın Ukraynaya hücumunu dəstəkləyə biləcək xətləri inkişaf etdirir. Bu, regionda kövrək olan sülh və təhlükəsizlik mühitindəki laxlayan sütunlardan birini də sıradan çıxarır.
Belarusun məqsədləri, bəlkə də, İranın güclənməsinə deyil, özünümüdafiə imkanlarına yönəlib, lakin Tehranla Moskva ikilisinin müştərək prinsipləri fərqli mənzərə deməkdir.
Yəni:
- Rusiya Ukraynada hücum kampaniyasını davam etdirəcək;
- İranın müdafiə sənayesindəki inkişafı onun regional ambisiyalarını tamamlamaq üçün vasitə kimi inkişaf etdiriləcək;
- İran müdafiə sənayesi üzrə təyin etdiyi oxda Rusiya ilə Çinin iştirakını daimi saxlamağa cəhd edərək, dəstək qazanmağa çalışacaq.
Bunlar postsovet məkanından tutmuş, Yaxın Şərqə qədər cərəyan edən hadisələri bir-birilə əlaqələndirə biləcək geniş xüsusiyyətlərə malikdir.
İranın təmsilçilik dairəsini genişləndirməsi, bunu həm də nüvə silahı əldə etməyə yaxınlaşdırmasına yardımçı vasitə kimi inkişaf etdirmək riskləri regionun təhlükəsizlik mühitini şübhə altında saxlayır.
İran-Rusiya-Belarus üçlü qrafiki üzrə əhəmiyyətli aktivlik Ukraynadakı münaqişədən əziyyət çəkən, səksəkədə olan digər dövlətlər və oyunçular üçün ciddi siqnaldır.
Yəqindir ki, İranın sürət alan regional aktivliyini Azərbaycan da diqqətlə izləyir, çünki Tehran bəzən Bakıya qarşı xətlərini radikal və hərbi-siyasi təhdid müstəvisində tutur.
Bu mənada gözləniləndir ki, Azərbaycan Rusiya və Belarusla İranın onlarla hərbi əməkdaşlığının yarada biləcəyi riskləri müzakirə etsin. Çünki hər iki ölkə Azərbaycanın tərəfdaşıdır, hərçənd, o qədər də inandırıcı gəlmir ki, Minsk və Moskva Tehranla əməkdaşlığı Bakıya qarşı kart kimi işə salsınlar.
İkinci bir yandan, İranın regiondakı mövcudiyyət statusundakı dəyişiklik Türkiyə üçün də məqbul deyil, Ankara Tehranla rəqabəti balanslaşdırmaq üçün mövqeyini Azərbaycanla koordinasiyalı şəkildə tutacaq.
Çünki İranın ekspansiyası Türkiyənin maraqlı olduğu regionlara problemlər vəd edir, Ankara isə təhdidləri tarazlaşdırmaqdan ötrü Azərbaycanla yanaşı, İsraillə də bu məsələni danışıqlar masasının müzakirəsinə gətirə bilər. Məntiqlə, üçtərəfli formatda – Azərbaycan, Türkiyə, İsrail – danışıqların keçirilməsi mümkündür.
Azərbaycanın İran təhdidlərinə qarşı danışıqlar apara biləcəyi ölkələrdən biri də Böyük Britaniya və ABŞ-dir, bu xətdə Türkiyə amili də həlledici rola malikdir.
Oxu.az
Aqşin Kərimov
Paylaş: