Xəbər lenti


Avropa İttifaqı Ermənistanın Azərbaycanla həmsərhəd 6 rayonunda özünün mülki müşahidə missiyasının mərkəzlərini açmaq istəyir. Bu da Rusiyanı dərindən narahat edir.

 

Ovqat.com-un məlumatına görə, Ermənistanın ArmenianReport saytının yazarı Tevos Arşakyan bu düşüncədədir. O, qələmə aldığı “Avropanın çətiri altında olan Ermənistan Moskvanın kabusudur” sərlövhəli məqaləsində bu iddianı irəli sürür.

 

Məqalədə deyilir:

 

“Çərşənbə günü Sünik rayonunun Qafan şəhərində Aİ-nin Ermənistandakı mülki missiyasının daha bir əməliyyat mərkəzinin açılması Moskvanı ciddi təşvişə salıb. Xatırladaq ki, bu cür ofislər artıq Gorus, Martuni və Cermukda fəaliyyət göstərir və ümumilikdə missiyanın rəhbəri Markus Ritterin sözlərinə görə, bütün Ermənistanda - həmçinin İcevan və Yeqnadzorda 6 əməliyyat bazasının açılması planlaşdırılır.

 

Şübhə yoxdur ki, Aİ-nin təmsil etdiyi kollektiv Qərb Ermənistanda öz iştirakını genişləndirir. Hələlik yalnız sivil formatda, lakin avropalıların bu missiyasında “Tranqafqazda normallaşma maraqlarından uzaq olan Rusiyanı regiondan sıxışdırmaq cəhdi” görən Moskvanı çox qorxudur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu dəfələrlə dilə gətirib.

 

Və burada hər şey aydındır - bizim regionda ali hökmranlıq etməyə öyrəşmiş Rusiya zamanın dəyişdiyi fikri ilə barışa bilmir və indi kiminlə dost olmağı, kiminlə öz təhlükəsizlik məsələsinin müzakirəsini və ən əsası, bu missiyanın kimə həvalə olunmasını Ermənistanın özü seçir. Anladığımız kimi, Rusiya bu siyahıda sonuncu yerdədir.

 

Bununla belə, ölməkdə olan bir imperiyanın ikiüzlülüyü sərhəd tanımır. Rusiya erməni dövlətlərinə (?!) qarşı xəyanətinə baxmayaraq, Ermənistanı öz təsir orbitində saxlamaq ümidini itirmir. Məhz bu kontekstdə rusların ölkəmizə KTMT missiyası göndərmək kimi manyak istəyi nəzərə alınmalıdır. Demək olar ki, Qafanda Aİ-nin mülki missiyasının daha bir əməliyyat mərkəzinin açılışı ilə eyni vaxtda Rusiya mətbuatı Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyanın müsahibəsini dərc edib və o, xüsusilə bildirib ki, “KTMT Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır və İrəvandan cavab gözləyir”.


Oxucularımız Ağasandyanın erməni əsilli olmasına aldanmasınlar. Marqo Simonyanda, Tiqran Keosayanda, Karen Şaxnazarovda, Semyon Baqdasarovda olduğu qədər onun içində də ermənilik var. Yəni 0,0%. Hamısı Rusiya imperiyasının xidmətində olan manqurtlardır. Onlar Ermənistanı öz vətənləri hesab etmirlər. Yeri gəlmişkən, Ağasandyan da müsahibəsində bunu təsdiqləyir.

 

“KTMT-ni yaradan dövlətlər heç vaxt regionda vəziyyətin sabitləşməsinə kömək etmək səylərindən geri çəkilməyib və erməni dostlarımıza təşkilatın geniş imkanlarından maksimum fayda ilə istifadə etməyə imkan verəcək konkret həll yolları təklif etməyə hazır olduqlarını dəfələrlə təsdiqləyiblər", - Ağasanyan deyib. "Dostlar" sözünə diqqət yetirirsinizmi? Yəni bacı-qardaş yox, sadəcə dostlar. Tambov canavarı sizin dostunuz Mikael Vadimoviç. Necə deyərlər, Allah məni belə dostlardan qorusun, düşmənlərin öhdəsindən özüm gəlirəm.

 

Xoşbəxtlikdən XİN-imizin reaksiyası özünü çox gözlətməyib: “Ermənistan və Azərbaycanın beynəlxalq sərhədində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı Ermənistan tərəfinin mövqeyi təqdim olunub”, - deyə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib. O, izah edib ki, hazırda bu məsələdə heç bir dəyişiklik yoxdur. Yəni gözləməyin.

 

Bu da bizi sevindirməyə bilməz, çünki Ermənistan artıq bir müddətdir ki, Rusiyaya, xüsusən də suverenliyi və təhlükəsizliyi məsələsindəki mövqeyinə qəti şəkildə “yox” deyir. İrəvan başa düşür ki, KTMT missiyası rusların troya atıdır. Nə vaxtsa arxamızdan bıçaq vuracaqlar. Niyə biz ölkəmizdə Rusiya hərbi mövcudluğunu gücləndirməliyik? Onların Gümrüdəki hərbi bazası və sərhədçiləri bizə bəs deyilmi?

 

Onlar nə 44 günlük müharibə, nə də Azərbaycanın sonrakı təcavüzləri zamanı, məsələn, 2022-ci ilin sentyabrında və ya bu apreldə köməyimizə gəlmədilər. Moskva yalnız hərbi əməliyyatların başlanmasına görə məsuliyyəti Azərbaycanın üzərinə qoymayan, sadəcə olaraq hər iki tərəfi təmkinli olmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağıran bəyanatlar verməklə işini tamamladı. Eyni zamanda ruslar açıq şəkildə bildirdilər ki, Azərbaycan və Ermənistan sərhədi delimitasiya etməyiblər, ona görə də onlar Ermənistan ərazisinin haradan başladığını və müvafiq olaraq KTMT-nin məsuliyyət zonasını bilmirlər.

 

Bəs Rusiyadan gözlədiyimiz budurmu? Xeyr. O, konkret bir günahkarın adını çəkməkdən qorxur. Və buna görə də, artıq uzun müddətdir ki, İrəvan KTMT missiyasından imtina edir - əgər əvvəllər Bakını Ermənistanı atəşə tutmaqda ittiham etmirdilərsə, gələcəkdə bunu edəcəklərmi? Ona görə də biz Avropa İttifaqından olan müşahidəçilərə üstünlük veririk - bunlar, ən azı, bizimlə səmimidirlər. Qoy, Rusiya Qərb çətiri altında Ermənistanın geri çəkilməsini gözləməkdə və ağlamaqda davam etsin.

 




Ana səhifəyə qayıt        Baxış: 6 290          Tarix: 4-08-2023, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma