Xəbər lenti

Azərbaycanın Vətən müharibəsində qələbəsini həzm edə bilməyən Ermənistan və onun havadarları sülh prosesini pozmaq istiqamətində səylərini son vaxtlar daha da artırıb.

Xarici ölkələrdəki erməni lobbisi və diasporunun da aktiv iştirak etdiyi bu prosesin miqyası getdikcə genişlənir. Qarabağda yaşayan erməni əhalisi üzərində qondarma “blokada” ssenarisi hazırlayan qüvvələr müxtəlif ölkələrdə silsilə etiraz aksiyaları təşkil edir, beynəlxalq təşkilatlara həqiqətləri təhrif edən müraciətlər ünvanlayır, fərqli platformalarda yerli-yersiz bəyanatlarla çıxış edirlər. Diqqətçəkən məqam odur ki, hər zaman olduğu kimi, yenə də bütün dünya erməni yalanlarının əsirinə çevrilib. Azərbaycan ərazilərinin 30 il işğal altında olduğu müddətdə səsini çıxarmayan, azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına, 1 milyon soydaşımızın yurd-yuvasından didərgin düşməsinə susan dövlətlər, beynəlxalq təşkilatlar bu dəfə qondarma “blokada” ssenarisində rol alıblar.

Beynəlxalq hüququ, Azərbaycanın haqq səsini və ədalətli mövqeyini deyil, ermənilərin əsassız iddialarını qəbul edən qüvvələr bu məsələni beynəlxalq tribunalara çıxarırlar.

Qarabağdakı erməni əhalinin guya Laçın yolunun bağlanması nəticəsində “blokada”ya düşməsi məsələsi avqustun 16-da BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

Qeyd edək ki, bu, məsələ ilə bağlı TŞ-da sənəd qəbulu üçün edilmiş ilk cəhd deyil. Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyası ilə bağlı ötən ilin dekabrında Fransanın təşəbbüsü ilə TŞ-nın fövqəladə iclası çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından, Fransanın irəli sürdüyü bəyanat layihəsinin razılaşdırılması mümkün olmadı, nəticədə Paris sənədi geri çəkmək məcburiyyətində qaldı.

Ümumiyyətlə, həm ötən ilin dekabrında, həm də indiki təşəbbüslər təkcə siyasi və hüquqi deyil, mənəvi baxımdan da yersiz və əsassızdır. Ona görə ki Azərbaycan erməni vətəndaşlarının yaşadığı əraziyə gedən yolu bağlamayıb, məsələnin yalan iddialara əsaslanaraq TŞ-da qaldırılması beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

Azərbaycanın haqlı tələblərinə baxmayaraq, son iki il ərzində Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi yük maşınları Laçın-Xankəndi yolu ilə daşımalar həyata keçirib, işğaldan azad olunmuş ərazilərdə aşkar olunmuş minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyi müəyyən olunub. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2020-ci ilin noyabr ayından - Üçtərəfli Bəyanatın imzalanmasından sonra iki jurnalist də daxil olmaqla, 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib.

Azərbaycan sərhəd-keçid məntəqəsini Laçında - öz ərazisində qurub. Məqsəd isə Ermənistanın 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq bu yolla Azərbaycan ərazilərinə silah-sursat daşıması, bu əraziləri minalaması, Qarabağdakı 10 min erməni hərbi qulluqçusunun rotasiyasını həyata keçirməsi, hərbi istehkamlar qurması, qaçaqmalçılıq və digər qeyri-qanuni fəaliyyətin qarşısını almaqdır.

Statistikaya nəzər salsaq, açıldığı gündən məntəqə vasitəsilə 2 mindən çox erməni əsilli şəxs Qarabağdan Ermənistana və geriyə səfər edib, Beynəlxalq Qırmızı Xaş Komitəsinin nəqliyyat vasitələrinin keçidi təmin edilib.

Beynəlxalq hüquq da Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması məsələsində Azərbaycanın haqlı olduğunu ortaya qoyub. Belə ki Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində məntəqənin yığışdırılması ilə bağlı iddiası təmin edilməyib.

Ermənistan Qarabağın erməni sakinlərini bu yoldan istifadədən çəkindirmək üçün isə bu il iyunun 15-də sərhəd-keçid məntəqəsinə silahlı hücum edib, Azərbaycanın bir sərhədçisi yaralanıb.

Ermənistanın təxribatına baxmayaraq, Azərbaycan yenə də konstruktivlik nümayiş etdirərək humanitar daşımalar üçün alternativ Ağdam-Xankəndi yolunu təklif edib. Bu təklif iyulun 15-də Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Aİ Şurası Prezidentinin Brüssel görüşündə Aİ rəsmiləri tərəfindən dəstəklənib.

Buna baxmayaraq, Ermənistan bu təşəbbüsün də qarşısını almaq üçün addımlar atıb, Ağdam-Xankəndi yoluna beton maneələr düzüb.

Ermənistan müxtəlif səviyyələrdə təxribatlara ara vermir. Bununla belə, rəsmi Bakı sülh sazişi üzrə danışıqlar aparmaqla yanaşı, Qarabağın erməni sakinlərinin reinteqrasiyası istiqamətində fəaliyyət göstərib, rəsmi nümayəndə təyin edib. Lakin Bakı və Yevlaxda erməni sakinlərin nümayəndələri ilə planlaşdırılan görüşlər rəsmi İrəvanın müdaxilələri ucbatından baş tutmayıb.

Bundan əlavə, Ermənistan avqustun 9-da terrorçu “Daşnaksutyun” partiyasının nümayəndəsini Xankəndidə hələ də qanunsuz fəaliyyətini davam etdirən qondarma “parlamentin” spikeri təyin edib.

Aylar ərzində guya Xankəndi sakinlərinin humanitar fəlakətlə üzləşməsi, ərzaq və dərman qıtlığı və digər cəfəng təbliğat isə təkcə sakinlərin oradakı restoranlarda çəkdiyi və sosial şəbəkələrdə yerləşdirdiyi videolarla təkzib olunur. Bu və digər faktlar qarşısında humanitar fəlakəti barədə rəsmi İrəvanın uydurmalarının gülünc olduğunu hətta Ermənistanın siyasi şərhçiləri də etiraf etməyə başlayıb.

Bütün sadalanan faktlar bir daha göstərir ki, Qarabağda yaşayan erməni əhalinin Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması nəticəsində guya “blokada”ya düşməsi barədə Ermənistanın və havadarlarının iddiaları tamamilə cəfəngiyyatdır.

Onlar nəzərə almalıdırlar ki, nə Ermənistanın destruktiv əməlləri, nə də BMT Təhlükəsizlik Şurasında siyasi spekulyasiyalar Azərbaycanın haqlı mövqeyinə təsir etməyəcək. Qondarma iddiaların BMT TŞ-yə çıxarılması bölgədə sabitlik və əmin-amanlığa, sülhə, reinteqrasiya prosesinə də müsbət təsir etməyək. Əksinə, Azərbaycanın təşəbbüsü ilə başlanılan sülh prosesində indiyə qədər əldə olunmuş bütün razılaşmaları heçə endirəcək. Ermənistan və havadarları anlamalıdır ki, BMT TŞ-da Azərbaycan əleyhinə hər hansı sənəd qəbul edilərsə, sülh danışıqlarına dair ABŞ formatı və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan proses dayandırılacaq.

Qeyri-konstruktiv mövqeyinə, eləcə də Azərbaycana qarşı apardığı qərəzli siyasətə görə bu gün Fransa regionda bütün nüfuzunu itirib, sülh prosesində heç bir rol oynamaq imkanına malik deyil. Eyni aqibətlə ABŞ da üzləşə bilər. Məsələnin Ermənistanın əsassız müraciəti əsasında BMT TŞ-da müzakirə çıxarılmasına dəstək verən Vaşinqtonun da bölgədəki mövqeləri zəifləyəcək. Eyni zamanda Rusiya da Azərbaycana qarşı bu təxribatda iştirak etsə, bu ölkənin vasitəçiliyi ilə aparılan danışıqlar da əhəmiyyətini itirəcək. Oxşar yanaşmanı Avropa İttifaqına da şamil etmək olar. Aİ-nin Ermənistandakı müşahidə missiyası da fəaliyyətində qeyri-konstruktivlik, Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirir. Bu isə Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi aparılan danışıqları sual altına salır.

Belə olan halda Azərbaycan sülh prosesini hər hansı vasitəçilərlə müzakirə etməyəcək.

Aydındır ki, BMT TŞ-da Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının iradəsinə təsir göstərə bilməz. Əvəzində isə bu, indiyədək ortaya qoyulan sülh təşəbbüslərinin sonu demək olacaq, sülh prosesi bundan böyük zərbə alacaq. Çünki Azərbaycana qarşı hansısa sənəd qəbul ediləcəyi təqdirdə, danışıqlar prosesi faktiki olaraq dayanacaq, Azərbaycan artıq danışıqlar aparmaqdan imtina edəcək. Belə olan halda hadisələrin inkişaf xətti heç də Ermənistanın xeyrinə olmayacaq. Bunu İrəvan və onun havadarları da bilməmiş deyil.

APA Analytics




Ana səhifəyə qayıt        Baxış: 4 738          Tarix: 15-08-2023, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma