Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyanın nüfuzlu “Politico” nəşrindəki müsahibəsi sentyabrın 13-də dərc edilib. Sentyabrın 14-də isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmin nəşrdə məqaləsi çıxıb.


Hər iki yazını çox diqqətlə oxuyub incələməyə çalışdım, Paşinyanın fikirləri Rusiya-Ermənistan gərginliyinin regional yırğalanmalarına işarə verir.


Baş nazirin fikirlərindən çıxarışlar edərək onları tezis şəklində təqdim edirəm:


- Ermənistan öz təhlükəsizliyinin təminatçısı kimi Rusiyaya arxalana bilməz;


- Rusiyanın Ukraynadakı müharibədən sonra geosiyasi imkanları dəyişib;


- Rusiya Azərbaycan və Türkiyə strateji müttəfiqliyini özündən uzaqlaşdırmaq istəmir;


- Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları öz funksiyasını yerinə yetirə bilmir;


(Hərçənd, Paşinyan sülhməramlılar olmasa idi, vəziyyətin necə olacağının təsvirini də verməkdə çətinlik çəkir);


- Azərbaycanla Ermənistan arasında hərbi toqquşma riski qalmaqdadır, sərhədboyu cəmlənən qüvvələr öz bazalarına geri qayıtmalıdırlar;


- Rusiya ilə gərginliklərin davamı kimi Paşinyan Ermənistanın Qərblə tərəfdaşlıq modelini qabardır;


- Giley-güzarların məntiqi davamı belə gətirilir ki, Ermənistan suverenliyini qoruyub-saxlamaq istəyir və proksi vəziyyətindən çıxmağı hədəfləyir.


Paşinyanın Rusiyanın Cənubi Qafqazda Ermənistanın xeyrinə fəaliyyət göstərə bilməməsi ilə bağlı tənqidləri Kremlin postsovet məkanında təsirlərini və fövqəldövlət statusunu itirməsi fikirlərinin təkrarıdır.


Bundan əlavə, Paşinyan daha çox eskalasiya riskindən söz açır, Rusiyanı təqsirkar çıxarmaqla Azərbaycanla Moskva arasındakı təmasların nəticələrinə sətiraltı vurğular edərək Qərbi regionda aktivləşə biləcək döyüş fazasının daxilinə cəlb etməyə çalışır.

Paşinyan fikirlərini Rusiyanı qızışdıracaq tərzdə dilə gətirir, yəni onun manevri diplomatik kriteriyalardan uzaqdır.


Hikmət Hacıyevin məqaləsi isə diplomatikdir, sülhə və təhlükəsizliyə çağırışları harmoniya şəklində inkişaf etdirən tezisləri özündə cəmləşdirir, Azərbaycanın Qərblə və Rusiya ilə münasibətlərinə xələl gətirəcək mövqelərə rast gəlmək olmur.


Hərçənd, Hacıyev Qərbin güc dəhlizlərində və mediasında keçmiş Azərbaycan-Ermənistan münaqişəsi, onun nəticələrinin tam düzgün başa düşülməməsini qeyd edir.


Hacıyev Qarabağ münaqişəsi vaxtında Ermənistanın törətdiyi cinayətlərə dair faktları bildirir, hərçənd, mövqeyini gələcəyə sülh baxışı üzərində inkişaf etdirir.


Hacıyevin ən çox tənqid etdiyi nüans Qərb mediasında Ermənistanın Azərbaycanda yaşayan erməniləri vahid monoetnik marşrutla təmin etməyi məqbul bilməsidir.


Bununla belə, Hacıyev nüfuzlu nəşrdə Azərbaycan dövlətinin alnıaçıq, üzüağ mövqeyini bir daha təkrarlayaraq sülh təklif edir. Prezidentin köməkçisinin həmin istiqamət üzrə yazdıqları:


- Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı modeli Qarabağ ermənilərinə də şamil edilə bilər;


- Ancaq Ermənistanın daxilində bu vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var;


- Qarabağda separatçılıq Ermənistanı ilk dəfə idarə edən siyasətçilərin mövqeyindən qaynaqlanır;


- Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyi həmin qüvvələr üçün lənətdir.


Məncə, burada cənab Hacıyev həmin revanşist qüvvələrlə yanaşı, diplomatik üsulla onların birbaşa və dolayı himayədarlarının maraqlarını da qeyd edir.


Ancaq Azərbaycanla Ermənistan arasındakı narazılıqlar üzrə ümumi ritorikada yumşalmalar yoxdur, Paşinyanla Hacıyevin eyni media orqanındakı çıxışı ilə paralel bəyanatların xarakterində elə də ciddi dəyişiklik nəzərə çarpmır.


Məsələn, Ermənistan Xarici İşlər Nazirliyi sentyabrın 13-də yaydığı bəyanatda Azərbaycanı Cənubi Qafqazda sülh və təhlükəsizliyi təhdid etməkdə ittiham edib.


Sentyabrın 14-də Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab bəyanatı ilə çıxış edib.


Rəsmi Bakı bəyan edib ki, Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına almaqla, bölgədə qüvvə topladığını ört-basdır edir. İrəvanın bu mövqeyi hər an törədə biləcəyi təxribat səylərindən fikri yayındırmaq cəhdləridir ki, bu da təhdid mənbəyidir.


Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında danışıqlarda müəyyən razılıqlar olsa da, onun icrası ilə bağlı çoxlu mürəkkəb məsələlər mövcuddur. Mürəkkəbliyi nisbi asan trayektoriyaya salmaqdan ötrü isə Azərbaycanın Ermənistanın hərbi təxribatlarına cavab verəcəyi istisna oluna bilməz.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 047          Tarix: 14-09-2023, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma