Xəbər lenti

Çinə səfər edən Suriya Prezidenti Bəşər Əsəd həmkarı Si Cinpinlə görüş keçirib. Əsəd səfər zamanı Çinlə iqtisadi inkişaf və texnologiya sahəsində əməkdaşlığa dair saziş imzalayıb.

Çin-Suriya oxundakı əməkdaşlıq modeli bir neçə istiqamətin məntiqi davamı kimi ortaya çıxır.

Belə ki:

- Çin lideri Si Cinpinin Əsədlə görüşünün nəticələri İran və Suriya arasında bu ilin mayında imzalanan müqavilələrə Pekin tərəfindən format veriləcəyini göstərir;

- İran və Rusiyanın ABŞ qoşunlarını viran qalmış Suriyadan qovmaq planlarının müşayiətində Əsədin Çinə səfəri baş tutur;

- Əsəd arzularının ÇİN olmasını Pekinin Yaxın Şərq regionunda ABŞ-nin strateji maraqlarına zərbə vurmaq səylərinin tərkibində tutur. 

Çinlə Suriyanın strateji tərəfdaşlıq müstəvisi Pekinə Yaxın Şərqdə alternativ alətlər verə bilər, ABŞ-nin bunun qarşılığında cavab addımlarının nə olacağı isə maraq doğurur.

ABŞ regionda münaqişələri Çinin böyüyən investisiyalarına qarşı risk faktoru kimi alovlandıra bilər. Hərçənd ki, Çinin Yaxın Şərq regionunda Suriya ilə əlaqələrinin dinamikası elə də yüksək dərəcədə deyil, amma bunun belə qalacağına və dərinləşən strateji məzmun qazanmayacağına heç kim zəmanət verə bilməz.

İndi üçün nəzərə alınmalıdır ki, Çin üçün Suriyadakı “bataqlıq”ları qurutmaq aktual prioritet ola bilər. Ancaq Çin Suriyada hələlik orada əsas aktor kimi oynamaq xoşbəxtliyini yaşamır. Cinpinlə Əsədin təhlükəsizlik sahəsində əməkdaşlıq elanı yaymaması Pekinin Suriya üzrə ehtiyatlı mövqeyinin əlamətlərini göstərir.

Misal üçün, Suriya 2022-ci ilin yanvarında Çinin “Bir kəmər - bir yol” layihəsinə qoşulub.

Ancaq ondan sonra Çin tərəfindən maliyyələşdirilən heç bir layihə elan edilməyib ki, bu da Pekinin Suriyanı hələ sərmayə qoymaq üçün təhlükəsiz yer kimi görmədiyini göstərir.

Onsuz da, Çin hansısa ölkəyə təhlükəsizlik zəmanəti vermir, bu, Pekinin həyati əhəmiyyətli maraqları sırasında yer almır.

Ancaq Çinin Yaxın Şərq regionunda artan ambisiyaları, Səudiyyə Ərəbistanı ilə İran arasındakı barışıq dialoqunda vasitəçi olması Pekinin sülh və təhlükəsizlik arxitekturasında rol almasına gətirib çıxarır.

Çinin Yaxın Şərqdə böyük ayaq izi qoymaq təşəbbüsləri ABŞ-yə təhlükəli siqnaldır. Çinin Suriya oxundakı manevrləri Bəşər Əsəd iqtidarının reabilitasiyasında yer alan Rusiya-İran həmrəyliyinin bir həlqəsinə çevrilə bilər.

Ancaq Çin Rusiya-İran sövdələşmələrinin daxilində deyil, təkbaşına Əsəd hökumətinin dünya səhnəsindəki təcridini aradan qaldırmaq üçün böyük səylər göstərməkdə daha maraqlı tərəf kimi görünür.

Yəni Çinin Suriya teatrına gəlişi Moskva ilə Tehranın maraqlarındakı ehtiyacları qismən ödəsə də, Pekin ambisiyalarını daha böyük planda saxlayır.

Qlobal aktorlar sırasında qüdrətli müvazinətini itirən ABŞ prosesləri bu dəfə Çinin genişlənən siyasətinə qarşı tarazlamaq məcburiyyətindədir.

Bu, ABŞ-nin regionda sağ-salamat qalmaq strategiyasının məntiqindən irəli gəlir, buna görə də proqnozlaşdırmaq müşkül deyil ki:

- ABŞ regionda Çinin gündəliyinin iddialı mənası əleyhinə genişmiqyaslı hərəkat yaratmağı hədəfləyəcək;

- Çin Rusiya və İranın Suriyadakı yenidənqurma işlərindəki resurslarının önünə daha yaxşısını çıxarmaqla ABŞ-yə mənalı cavab hazırlaya bilər.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 2 991          Tarix: 29-09-2023, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma