Azərbaycan və Ermənistan Avropa İttifaqının üzvü deyil, o zaman balans naminə Prezident İlham Əliyev də çağırılmalıdır; Paşinyanın ayaqüstə alqışlanmasının gizlinləri açıldı
Oktyabrın 17-də Ermənistan Baş naziri Nikol Paşinyan Strasburqda, Avropa Parlamentində çıxış etdi. Qurumun prezidenti Roberta Metsola ilə bir araya gəldi. Yenə “sülh göyərçini” roluna girən Paşinyan Azərbaycan əleyhinə bir sıra üstüörtülü və açıq ittihamlar səsləndirdi.
Bakını “etnik təmizləmə”də, “Ermənistan ərazisinə girməkdə” suçladı. Sülh sənədi ilə bağlı nala-mıxa vurdu. Rəsmi Bakı artıq sərt reaksiyasını bildirib. Hətta avropalı parlamentarilər Paşinyanı ayaqüstə alqışladılar. Son dəfə bu jesti Ukrayna lideri Zelenskiyə etmişdilər. Amma fərq odur ki, birinin ölkəsi işğala məruz qalıb, biri isə işğalçı dövlətin baş naziridir. Amma bu, Avropa Parlamentidir, simasını yaxşı tanıyırıq. Bəllidir ki, Avropa İttifaqının əsas orqanı olan Avropa Parlamenti 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz əleyhinə dəfələrlə təxribatçı qətnamələr qəbul edib. Sonuncu belə bir “sənəd” 24 saatlıq antiterror tədbirlərindən az sonraya təsadüf edir. Qətnamədə ermənilər yenə mələksima və yazıq kimi təqdim olunur, Azərbaycan isə həmişəki kimi, barmaqdan “sovrulan” saxta faktlar əsasında cümlə cinayətlərdə ittiham edilir.
Yenə bu həmin Avropa Parlamentidir ki, Bakının razılığı olmadan Ermənistanla şərti sərhədə heç də xoş məram daşımayan, uzunmüddətli, yarım-hərbi, əslində isə avropalı casus-kəşfiyyatçılardan ibarət müşahidə missiyası göndərilməsinə rəy verib. O da bəllidir ki, Azərbaycan və Ermənistan Avropa İttifaqının üzvü deyil. O zaman sual yaranır: Paşinyandan sonra Prezident İlham Əliyev də Strasburqa dəvət ediləcəkmi - heç olmasa, formal balans naminə? Faktiki Ermənistan parlamentindən də radikal mövqe sərgiləyən Avropa Parlamenti gerçəkdən sülh tərəfdarıdırsa, niyə də bunu etməsin?
“Ermənistan Baş nazirinin Avropa Parlamentində isti və səmimi qarşılanması təsdiqləyir ki, onun simasında yeni Zelenski görürlər”. Bu sözləri isə “Ermənistan” fraksiyasından olan deputat Armen Rüstəmyan deyib. O bildirib ki, Avropa siyasəti belədir - Paşinyan onların maraqlarına cavab verdiyi müddətcə alqışlanacaq: “Nikol Paşinyanı orada (AP-də) ayaqda sürəkli alqışlarla qarşıladılar, buna qədər yalnız Zelenski belə alqışlanmışdı. Başqa sözlə, aydın olur ki, regionumuzda onlar bizim üçün yeni kədərli nəticələri ilə yeni Zelenski görürlər”. Rüstəmyan ölkənin xarici siyasətini “tam biabırçılıq” adlandırıb: “Hazırda İrəvanın nə gündəliyi, nə də doktrinal əsası var. Bu gün rusiyayönlü, sabah qərbyönlü mövqedən danışmaq olmaz. Bu yolla bütün tərəfdaşlarınızı və müttəfiqlərinizi itirə bilərsiniz. Elə təəssürat yaranır ki, onlar xarici siyasətlə məşğuldurlar, ancaq əsas dövlət maraqları gündəmdə deyil. Strasburqda onların xoşuna gələni söyləyin, Moskvaya gedin və Moskvaya uyğun gələni söyləyin; Tehran və Vaşinqtonda da bunu edin. Bu yolla biz bütün mümkün dostlarımızı itirəcəyik”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin “Yeni Müsavat”a dediyinə görə, parlamentarilər Paşinyanı yola salanda üzlərindən qəm-kədər yağırdı: “Sanki Ermənistan yox, özləri müharibədə məğlub olublar. Həmin avropalı deputatların imkanı olsaydı, ağlayardılar. Avropa təşkilatlarında xristian təəssübkeşliyi var. Ancaq bizim səfirliyimiz, lobbi də işləməlidir, buraxdığımız boşluqlar görürəm. Bundan əvvəl qəbul edilən qətnaməyə 470-dən yuxarı deputat səs vermişdi, deməli, biz də aktiv iş aparmamışıq”. Partiya sədri Azərbaycan Prezidentini dəvət etmələrinə gəldikdə, bunu söyləməkdə çətinlik çəkdiyini vurğuladı: “Bilmirəm rəsmi Bakı da qəbul edərmi... Əgər dəvət olarsa, Prezident prinsipcə iştirak edə və mövqeyimizi çatdıra bilər”.
E.Musayevin sözlərinə görə, Qərb təsisatları ardıcıl olaraq Azərbaycanı ittiham edirlər və bir qaralama kampaniyası xətti götürülüb: “Bizim siyasətimiz açıqdır, BMT missiyası da rəyini açıqlayıb. Qarabağda zorakılıq, etnik təmizləmə, mülki əhalinin vurulması faktı yoxdur. Həmin təşkilatlar da gəlib müşahidə apara bilərlər. BMT Təhlükəsizlik Şurası da iclaslar keçirib, Qarabağda ermənilərə qarşı qəddarlıq olsaydı, hansısa qərarlar qəbul edilərdi. Bundan artıq nə istəyirlər? Hər hansı sübut olmadan bizə əsassız ittihamlar irəli sürülür. Əgər Rusiyadan Ermənistanı qoparmaq niyyəti ilə Paşinyana dəstək siyasəti yürüdülürsə, ədalətli olsunlar, bunu bizi ləkələmək, Azərbaycan, Qarabağ üzərindən etməsinlər”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin sözlərinə görə, beynəlxalq təşkilatlar qərəzli şəkildə prosesi davam etdirirlər və heç dəyişməyiblər: “Bizə olan münasibəti məlumatsızlıqla əlaqələndirmək olmaz. Ermənilərə humanitar yardımlar göndərmişik, köçəndə hər hansı güldən ağır söz deməmişik. Sadəcə, Ermənistanı ”fəth" etmək və onun adı ilə Qafqazda mövcud olmaq niyyəti var. Qafqaz həm də plasdarm yox, tramplindir, Orta Asiyaya keçid üçün lazımdır. Ona görə Qərb təsisatları bu mövqedən siyasət yürüdürlər. Avropa Ermənistandan istifadə etməklə öz işini görmək istəyir. Avropa Parlamentində olan deputatlar öz dövlətlərinin mənafelərini daşıyırlar. O ölkələrin maraqlarından irəli gələrək alqışlayırlar, Paşinyana olan sevgi deyil. Sadəcə, onun tapşırıqları yerinə yetirməsinin alqışlanmasıdır. Təsadüfi deyil ki, Moskva tərəfi bunu “Ukrayna-3" adlandırdı”.
F.Quliyev hesab edir ki, Cənubi Qafqaz üçün ən prioritet məsələ sülh və sabitlikdir: “Paşinyan sülh çağırışları etsə də, sabit mövqeyi yoxdur. Hansı ssenari inkişaf edəcəksə, ona uyğun davranacaq. Yəni Moskvaya gedir Rusiyaya uyğun danışır, Vaşinqtona və Brüsselə gedəndə Qərbin maraqları konyukturasından çıxış edir. Sadəcə, ortada böyük proyekt var və plan Rusiyanın bölgədə boşalan yerini doldurmaqdır. Əslində, Ermənistan qiymətli bir şey deyil. Sadəcə, katalizator kimi lazımdır. Ona görə də bu gün sülh müqaviləsinin bağlanmasında maraqlı görünmürlər. Qərb çalışır ki, həm Ermənistanda destabilizasiya olsun, həm də bu yolla ona nəzarəti saxlaya bilsin”.
Paylaş: