Fransa beynəlxalq hüquqa əhəmiyyət verməyən iddialı dövlətlərdəndir. Emmanuel Makron prezident olduqdan sonra Yelisey sarayı neokolonial siyasət yürütməyə başlayıb. Bunun üçün rəsmi Paris hərbi yoldan da istifadə edir. Afrikada bunu daha aydın görmək mümkündür. Bir zamanlar qovulduğu ölkələrdə “antiterror əməliyyatları” adı altında mövcudluğunu qorumağa səy göstərməsi bunu təsdiqləyir. Hətta Frankofoniya tədbirləri ilə keçmiş müstəmləkə torpaqlarını birləşdirməyə cəhd edir. Ermənistanı da bu quruma qəbul edib İrəvanda tədbir keçirib. Rəsmi Paris bununla da Ermənistanın onun himayədarlığında olduğunu elan edib. Başqa sözlə, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı Fransa himayə edib. Bu həm də Emmanuel Makron Fransasının işğal və qonşu dövlətin ərazisinin təcavüzə uğraması kimi beynəlxalq hüquqa zidd addımı dəstəkləməsidir. Odur ki, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi bütün cinayətlərə Fransa da şərik sayıla bilər.
İşğalçı Ermənistan Azərbaycan torpaqlarından qovulduqdan sonra Paris ona daha çox yiyəlik etməyə başlayıb. Ötən gün bu ölkənin müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornyunun dəvəti ilə Parisə işgüzar səfər edib. Erməni nazirin səfəri çərçivəsində Fransadan silahların alınmasına dair sazişlərin rəsmiləşdiriləcəyi gözlənilir. Oktyabrın 17-də S.Lekornyu bildirib: “Biz Ermənistanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik”. Bu, sentyabrda Fransanın Ermənistanla bağlı atdığı addımların davamıdır. Ötən ay Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvana səfəri zamanı bu ölkə ilə hərbi əməkdaşlığı gücləndirəcəklərini vəd etmişdi: “Bu, Fransanın Ermənistanı dəstəkləməsinə əyani sübutdur”. Rəsmi Paris İrəvandakı səfirliyinə hərbi attaşe də təyin edib. Bu, Fransanın Cənubi Qafqazda yürütdüyü avantürist siyasətdir. Makron hakimiyyəti ciddi-cəhdlə Ermənistanı rusiyasızlaşdırmağa səy göstərir. Belə anlaşılır ki, bu ölkədəki anti-Rusiya çıxışları və aksiyalarının arxasında öz yeni müstəmləkəçilik siyasətini reallaşdırmaq istəyən Fransa dayanır. Rəsmi Paris regionda İrəvanı həm də Avropa İttifaqının ən etibarlı tərəfdaşı kimi göstərməyə səy göstərir. O, perspektivdə isə İrəvanı İttifaqın regional canişini də elan edə bilər. Belə əməkdaşlıq isə Alyansın regionda nüfuzuna xələl vuracaq. Çünki Ermənistan qonşu dövlətin ərazisini 30 ilə yaxın işğalda saxlamış dövlətdir. Onun hərbi, siyasi və s. istiqamətdə dəstəklənməsi Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və əməkdaşlığa zərbədir.
1944-cü ildə ABŞ-nin ovaxtkı maliyyə naziri Henri Morgentau prezident Franklin Ruzveltə müharibədən sonrakı Almaniyaya tətbiq ediləcək məhdudlaşdırıcı tədbirlər planını təqdim edib. Həmin təkliflərin bəzilərinə diqqət edək: Faşist Almaniyasının bütün hərbi materiallarının daşınması və ya məhv edilməsi, hərbi sənaye kompleksinin tamamilə sıradan çıxarılması, bu ölkənin silahsızlaşdırılması, orta və ali təhsil müəssisələrinin yenidən təşkil olunması, məktəb və dövlətin bütün qurumlarının rəhbərlərinin tutduqları vəzifədən azad edilməsi, Almaniyanın bütün sənaye, ticarət və maliyyə sisteminə 20 il müddətinə BMT-nin nəzarət etməsi, hərbi canilərin cinayətə cəlb olunması, bütün uçuş aparatlarının müsadirə olunması, heç bir almanın aviasiya sahəsində xidmət etməməsi. Bu və başqa bu kimi sanksiyalar müharibə başa çatan kimi tətbiq edildi. Almaniya xarici ölkələrdə hərbi əməliyyatlarda çıxış edə bilmədi. SSRİ dağıldıqdan və iki Almaniyanın birləşməsi ilə bu ölkəyə tətbiq olunan 44 illik qadağalar aradan qaldırıldı. Faşist Almaniyasına bu yasaqlar işğalçılıq siyasəti yürütdüyünə, çoxlu sayda insan qırğınına, soyqırımı və başqa hərbi cinayətlər törətdiyinə görə tətbiq edilib.
Ermənistan da Azərbaycan torpaqlarını işğal edib, soyqırımı törədib, bütün növ mülki, inzibati, sosial binaları, tarixi, dini abidələri məhv edib və s. Odur ki, bu ölkəyə qarşı uzunmüddətli sanksiya tətbiqi daha məntiqi olardı. Bu ölkənin mahiyyətində işğalçılıq, faşizm var. Yeni, mütərəqqi erməni nəslinin yetişməsi məqsədilə bu dövlətin təhsil sisteminin, humanitar elmlərə aid tədris kitablarının yenilənməsi vacibdir. Beynəlxalq ictimaiyyət bu halda Ermənistana daha böyük fayda verər. Fransanın timsalında bu ölkənin dəstəklənməsi, hərbi sahədə əməkdaşlığın genişlənməsi, silahlandırılması Cənubi Qafqazda revanşist qüvvələrə də yardım sayıla bilər. Rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı bölgədə tarazlığın pozulmasına təkan verər. Bu isə Cənubi Qafqazda sürətlə silahlanmaya səbəb olar.
Yelisey sarayı hərbi yardımı, sponsorluğu ilə işğalçı düşüncəsindən xilas ola bilməyən Ermənistanı və erməniləri yeni təhlükəyə sürükləyir. Bu, Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanması barədə rəsmi İrəvanın verdiyi bəyanatların boşboğazlıqdan başqa bir nəsnə olmadığını da təsdiqləyir. Parislə hərbi sahədə əməkdaşlığı inkişaf etdirməklə İrəvan özünə etibarsızlığı artırır. Fransa Ermənistanı silahlandırıb onun vasitəsilə regionda yeni müstəmləkəçilik siyasəti həyata keçirmək istəyir. Ancaq Əlcəzairdən, Nigerdən, Malidən qovulan yeliseyçilər bu taleyi Cənubi Qafqazda da yaşaya bilərlər. Bu baxımdan, Makron Fransanı neokolonialist siyasətinin təcrübə laboratoriyasına çevirib.
“Report” İnformasiya Agentliyi
Paylaş: