Oktyabrın 23-də Tehranda “3+3” regional platforma çərçivəsində keçirilmiş XİN rəhbərlərinin görüşü lokal problemlərin məhz bölgə dövlətləri tərəfindən çözülməsinin vacibliyini göstərdi. Azərbaycan heç bir qüvvədən asılı olmayan, özü özünü təmin edə bilən, çoxqütblü xarici siyasət yürüdən yetkin dövlətdir. Bakının, məsələn, Tel-Əvivlə, yaxud İslamabadla möhkəm və strateji maraqlara söykənən müttəfiqliyi var. Ancaq sərhəd, sərhədyanı ticarət, logistik marşrutların uzlaşdırılması, enerji mübadiləsi kimi problemlər məhz qonşu dövlətlərlə həll edilməlidir. Gerçəklik budur.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
İrəvanın həzm prosesi müəyyən vaxt aparacaq
“3+3” platformasının Tehran sammiti onunla əlamətdar oldu ki, Ermənistan nəhayət bu reallığı qəbul etməyə, daha doğrusu, anlamağa çalışdığının işartılarını verdi. Xarici işlər naziri Ararat Mirzoyanın həm görüşdəki çıxışının məzmunu, həm də sonra İrəvandan verdiyi mesajlar bu reallığın dərk olunduğunu, ancaq hələ də həzm edilmədiyini göstərir. Həzm prosesi müəyyən vaxt aparacaq, İrəvanda başları daşdan-daşa dəydikdən sonra qərar qəbul etməyə alışıblar. Həzmin müddəti Ermənistanın qazana biləcəyi dividendlərin miqdarı ilə tərs mütənasiblikdə olan prosesdir.
Mirzoyanın Tehranda regional əməkdaşlığın vacibliyi və iqtisadi əlaqələrin bərpası kimi mövzulara toxunması, ermənilərin qəflət yuxusundan ayılmaları kimi izah edilə bilər. Onun elə həmin nitqində “mürəkkəb problemlər, tarix” kimi məqamların üzərində dayanması isə ermənilərin uydurulmuş miflərin əsirliyindən qurtulmadıqlarının göstəricisidir. Mirzoyan bir tərəfdən “3+3” platforması çərçivəsində iqtisadi əməkdaşlıq və regional inkişaf mövzularının üzərində konsentrasiya olunmaq istədiklərini göstərməyə çalışır. Digər tərəfdən isə Ermənistan regiondan uzaq olan NATO dövləti Fransa ilə silah alışı, hərbi təhsil və təlimatlandırmaya dair razılaşma əldə edir. Ermənistanın müdafiə naziri Suren Papikyanın bu anlaşma üçün Parisə səfərini məhz “3+3”ün keçirildiyi günə salması təsadüf hesab edilməməlidir.
Erməni təkəbbürü və məhdud vizyon
Geniş vizyon çatşmazlığından əziyyət çəkən ermənilərin problemi budur ki, sıfır imkanlarla maksimum nəticələr xülyasındadırlar. Özü də söhbət tək 2020-ci ilin müharibəsinin erməni cəmiyyəti üçün acı nəticələrindən getmir. Ermənistanın arzularını gerçəkliyə çevirməsi üçün sadəcə resursları və alətləri yoxdur. Əsas regional layihələr hələ hərbi məğlubiyyətdən çox-çox öncə icra olunub və onların hər birində dominant rol Azərbaycana məxsusdur. Sərhədlərin açılması bir yana, bu gün Ermənistanın tək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulması özünütəcriddən çıxması yolunda böyük irəliləyiş olar. İrəvan bu yol ilə yanaşı, bütün regional transmilli layihələrdən də kənardadır - neft kəmərlərindən tutmuş logistik yük daşımaları marşrutlarınadək. Bütün bunlar II Qarabağ savaşından öncə, erməni ümummilli təkəbbürünün nəticəsi olaraq baş verib. Bu gün Ermənistanın “3+3” formatlı əməkdaşlıq platformasından bütün gözləntiləri, o cümlədən, Mirzoyanın çıxışında büruzə verdiyi qorxularının da açarı məhz həmin təkəbbürdədir. Erməni xalqı və hakimiyyəti ümummilli miflər və yanlış tarixi təsəvvürlərdən nə qədər tez qurtula bilsələr, reallığın həzmi prosesi də bir o qədər sürətlə və ağrısız baş verər.
Tehran toplantısının nəticələrini və əhəmiyyətini şərh edən Ermənistan parlamentinin sədri Alen Simonyan deyir: “Bu platforma Cənubi Qafqaz bölgəsini əhatə edir ki, bu, bizim üçün çox vacibdir. Əgər sən problemləri regional dövlətlərlə müzakirə etmirsənsə, deməli, Asiya dövlətləri ilə də danışıqlar apara bilməzsən”. Hətta Simonyan kimi apolitik dövlət adamının bu reallıqdan danışması göstərir ki, İrəvanda nələrin baş verdiyini, daha doğrusu, baş verib bitdiyini anlamaq istəyirlər. Simonyanın, demək olar, ilk dəfədir region çərçivələrini aşan və Asiya qitəsinə keçən fikirləri Ermənistan rəhbərliyinin strateji düşünmə bacarıqlarının nə qədər kasad olduğunu göstərir.
Mirzoyanın qorxuları
Mirzoyanın Tehrandan sonra İrəvanda səsləndirdiyi daha bir fikir də diqqəti cəlb edir: “3+3” platforması regionun digər ölkələri ilə ünsiyyət qurmaq, ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli formatdır... Regionda kommunikasiyaların bloklanmasına gəlincə, Ermənistan özü onların açılmasında maraqlıdır və yanaşmaları dəyişməyib. Ancaq bəzi ölkələr bu konsepsiyaya müəyyən alt mətn daxil etməyə çalışırlar. Bu, bizim üçün qəbuledilməzdir”. Bu bəyanat ya İrəvanın qorxusu, ya da danışıqlarda iştirak etməsinə rəğmən, platformanın qarşısında duran hədəfləri sabotaj etmək cəhdidir. Mirzoyanın dediklərinin İrəvanın obyektiv ehtiyatının göstəricisi olduğuna inanmaq bir qədər çətindir. Çünki elə Tehran görüşü ilə eyni vaxtda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bizim Zəngəzura heç bir müdaxilə niyyətimizin olmadığını və bu layihənin Ermənistan istiqamətinə marağımızın itdiyini bəyan etməsi Mirzoyanın qorxularının əbəs olduğuna təminatdır. Odur ki, Mirzoyanın eyhamı daha çox regional çağırışlar deyil, uzaq himayədarların təsirindən çıxa bilməmənin təzahürüdür. Nə qədər ki, bölgə məsələlərini uzaqdakı dostların köməkliyi ilə həll etmək istəyirsən, məğlub statusuna rəğmən, sənə edilən güzəştlər də əlindən çıxacaq. Məsələn, Zəngəzur dəhlizinin, daha doğrusu, “Orta dəhliz” kimi qlobal layihənin bir istiqaməti sənin ölkəndən deyil, İrandan keçir. Yəqin İrəvanda İranın üç ildir bəyan etdiyi “qırmızı xətt”inin nədən ibarət olduğunu bundan sonra anlayarlar.
Paylaş: