Xəbər lenti

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın davam edən zənginləşdirilmiş uran ehtiyatının məhdudlaşdırılmasında irəliləyiş olmadığı barədə xəbərdarlıq edib.

Qrossi Vyanada Agentliyin İdarə Heyətinin rüblük iclasında deyib ki, İranın uranı zənginləşdirmək prosesində 60 faizlik artıma çatması davam edir.

Qrossinin açıqlaması gözlənilməz bir tendensiyanı əhatə etmir, əksinə, bundan sonra İranın daha da irəliyə gedərək nüvə silahı istehsalına yaxınlaşacağı rutin bir proses kimi görünür.

Beynəlxalq Atom Enerjisi Agentliyinin bu yaxınlarda yaydığı hesabata əsasən, İran üç atom bombası hazırlamaq üçün 60 faizə qədər zənginləşdirilmiş urana malikdir.

ABŞ-nin İranın Cənubi Koreya banklarında olan yeddi milyard dollarlıq vəsaitinin “donu”nu açdıqdan sonra Tehranın nüvə ambisiyası diqqət çəkir.

Deməli:

- ABŞ-nin sanksiyaları nisbi yüngülləşdirməsinə baxmayaraq, İran öz iddialarından geri çəkilmir,

- İran hələ bu azmış kimi, Yaxın Şərqin İraq, Suriya cinahlarında ABŞ-nin bazalarına hücumların əsas müəllifinə çevrilir,

- Ağ Evin İranı cilovlaya bilməməsi rəsmi Tehranın bundan sonrakı nüvə ambisiyalarının ölçülərinin böyüyəcəyini göstərir,

- İranın nüvə ambisiyalarını yavaşlatmaq üçün diplomatik cəhdlər fayda vermir.

Bunları sübut edə biləcək hərəkət: İran Beynəlxalq Atom Enerjisi Agentliyini öz iddiaları ilə əlaqədar xəbərdar etməkdən çəkinir və yeni zənginləşdirmə qurğusu tikmək üçün layihə məlumatlarını təqdim etməməkdə qərarlı görünür.

İran bu cür bildiriş verməkdən yayınsa, o, gizli şəkildə zənginləşdirmə obyektləri inşa edə bilər ki, bu da gələcəkdə nüvə silahlarına sıçrayışı asanlaşdıra bilər.

Regionda nüvə dinamikasını İranın xeyrinə dəyişdirən faktorlar sırasında geosiyasi mübarizənin İsrail-HƏMAS səhnəsi də yer alır.

Çünki İsrail-Fələstin münaqişəsinin regiona daha geniş şəkildə necə təsir etdiyi İranın nüvə siyasətində daha aydın görünür.

Məntiqlə, nüvə dövləti olan İsraillə İran arasındakı kölgə müharibəsi Tehranın uranı zənginləşdirməsinin fonunda nisbətən fərqli sınaq mərhələsini yaşayır.

Proqnozlaşdırmaq olar ki, yenilənmiş İsrail-Fələstin münaqişəsi mövcud nüvə gərginliyini müxtəlif yollarla gücləndirə bilər.

İsrailin başı HƏMAS-la mübarizəyə qarışmışkən bu, İranı özünün nüvə proqramını sürətləndirmək üçün həvəsləndirəcək.

İranın nüvə proqramı ilə əlaqədar diplomatik danışıqlara minimal maraq göstərməsini nəzərə alsaq, İsrailin HƏMAS-la müharibədən qalib çıxacağı təqdirdə ata biləcəyi radikal addımların canlanacağı gözləniləndir.

İran nüvə silahı istehsal etməyə yaxınlaşmaqla özünün xarici siyasət aspektini rəqiblərinə qarşı qaldırılmış kəskin qılınc hesab edəcək ki, bu da regional temperaturu artıracaq.

oxu.az 

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 672          Tarix: 23-11-2023, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma