“Vaxtilə AzTV-nin “Avopa dağılır, Fransa siyasi böhranla çalxalanır” xəbərlərini əksəriyyət ironik təbəssümlə, şübhə ilə qarşılayırdı. Ötən gün Fransa prezidenti Emmanuel Makronun parlamenti buraxması və növbədənkənar seçkilər elan etməsi bir çoxlarımızın nağıl kimi baxdığı bu iddiaların artıq reallaşması anlamına gəlir”.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib. Avropa Parlamentinə seçkilərdə Fransanın müxalif Milli Birlik Partiyası 31.5, iqtidar partiyası isə 15,2 faiz səs alıb. Emmanuel Makron partiyasının ağır məğlubiyyətini nəzərə alıb parlamenti buraxıb və növbədənkənar seçkilərə getdiyini elan edib. Heydər Oğuzun fikrincə, bu qərarın təsirləri yalnız Fransa və Avropa ilə məhdudlaşmayacaq, həmçinin dünyanın geosiyasi mehvərini də dərindən sarsıdacaq: “Məsələ burasındadır ki, Aİ dünyanın ən böyük iqtisadi və siyasi mərkəzlərindən biridir. Bu səbəbdən də orada yaşanan siyasi dəyişikliklər dünyanın bütün ölkələrindən də təsirsiz ötüşmür. Fransa isə Aİ-nin ən böyük güclərindən biridir, üstəlik, orada yaşananlar təkcə bu ölkədə deyil, bütün “qoca qitə”də gedən mühüm dəyişikliklərdən xəbər verir. Bilirsiniz ki, Fransa prezidenti bu qərarı öz kefindən verməyib. Avropa Parlamentinə keçirilən seçkilərdə ultra sağçıların böyük qələbəsinin nəticəsində bu addımı atmağa məcbur olub. Ultra sağçılar isə təkcə Fransada yox, Avropa İttifaqının demək olar ki, bütün ölkələrində yüksəlişdədir. Məhz bu səbəbdən Makronun dünənki qərarı digər ölkələrə də sıçrayacaq və Avropa İttifaqının siyasi paradiqmasını kökündən dəyişəcək”.
Son 2-3 ildə Avropanın ən azı 6 böyük ölkəsində sol partiyaların hakimiyyəti ultrasağçılara buraxdığını bildirən siyasi şərhçi bunun AP-dəki qüvvələr nisbətinə də təsir göstərəcəyinə inanır: “Böyük ehtimalla, Avropa Parlamentində millətçi qüvvələrin sayı artacaq və bu da bir çox siyasətlərin dəyişilməsi ilə nəticələnəcək. İlk növbədə Ukrayna savaşı səbəbindən sosial siyasətlərdən uzaqlaşıb ordu quruculuğuna böyük vəsaitlər ayıran Avropa dövlətləri ultra sağçıların hakimiyyətə gəlməsi ilə yenidən ənənəvi siyasətlərinə qayıdacaqlar. Çünki Fransada və digər Avropa ölkələrində seçicilərin mövcud hakimiyyətlərə qarşı ən mühüm təpkisi sosial siyasətlərdən uzaqlaşmalarından qaynaqlanırdı. Onlar pensiya yaşının artırılmasına, müxtəlif ölkələrdən Avropaya sığınan məcburi köçkünlərin saylarının getdikcə çoxalmasına, enerji qiymətlərinin bahalaşmasına və inflyasiyaya etiraz edirdilər. Yaxın zamanlarda hakimiyyətlərə gələn yeni iqtidarlar seçicilərə verdikləri vədləri yerinə yetirmək üçün bəzi məcburən addımlar atmalıdırlar. Atılacaq ən mühüm addım Ukraynaya hərbi yardımları dayandırmaq ola bilər. Bu isə son zamanlar Rusiyanın hücumlarını dayandırmağa nail olan Ukrayna üçün yenidən böyük çətinliklərin yaranması anlamına gəlir. Ən pisi isə odur ki, Avropada yaşanan bu siyasi dəyişikliklər ABŞ-a da təsir göstərə və Trampın hakimiyyətə gəlişinə mühüm töhfələr verə bilər. Belə olacağı təqdirdə Ukraynanın vəziyyəti daha da ağırlaşacaq”.
Ultra sağçıların Avropada yüksəlişinin Rusiyanın işinə yarayacağını proqnozlaşdıran siyasi şərhçi digər post-sovet ölkələrinin də bundan əziyyət çəkəcəyini düşünür: “Xüsusilə Moldova və Ermənistanda vəziyyət xeyli mürəkkəbləşə bilər. Gürcüstanda da həmçinin. Mərkəzi Asiya ölkələri Çinin himayəsi sayəsində Rusiyanın təzyiqindən bəlkə də sığortalana bilərlər. Amma bu, həmin ölkələr üçün daha ağır təhlükə ilə üz-üzə qalmaq deməkdir. Söhbət Çinin təsir dairəsinə düşməkdən gedir”.
Azərbaycana gəlincə isə, Rusiya və Qərb ölkələri ilə bacardığı qədər balanslı siyasət yürüdən İlham Əliyev hakimiyyətinin Avropadakı proseslərdən ən az təsirlənənlərdən biri olacağına inanan siyasi şərhçiyə görə, rəsmi Bakı öz ənənəvi xarici siyasətindən vaz keçməməli, dəyişilən situasiyalara aldanıb bəzi geridönülməz addımlar atmamalıdır: “Hansısa tərəfə meyllənməyin əvvəlcədən proqnozlaşdırılmayan nəticələrinin ortaya çıxma ehtimalı var. Bu durumda ən yaxşı siyasət olduğun yerdə qalmaq və tərəfsiz mövqeyini tərk etməməkdir. Balanslı siyasət təkcə ona görə vacib deyil ki, təhlükəsizliyini sığortalayasan. Həm də ona görə lazımdır ki, bir dövlət kimi müstəqilliyini və suverenliyini itirməyəsən”.
Ən mühüm dəyişikliklərin Avropada yaşanacağına inanan Heydər Oğuzun fikrincə, ultra sağçıların yüksəlişi bu ittifaqda mərkəzdən qaçma təcilini artıracaq: “Avropanın bir sıra kasıb ölkələrini mənasız yerə qidalandırdıqlarını düşünən böyük dövlətlərin vətəndaşları və onların hakimiyyətə gətirdikləri hökumətlər “müftəxorlarla” eyni ittifaqda qalmağın mənasızlığını düşünüb Böyük Britaniya kimi ayrılmağa üstünlük verə bilərlər. Xüsusilə Fransa, Almaniya və İtaliyada bu tendensiyanın getdikcə yüksəlmə ehtimalı var. Bu gün olmasa belə, yaxın gələcəkdə Şərqi Avropa ilə Qərbi Avropa arasında müəyyən parçalanmalara şahid olacağımıza inanıram. Öz hərbi qüdrətini artırmaqdan yayınmaq məcburiyyətində qalan Qərbi Avropa ölkələri Şərqi Avropaya Rusiya ilə öz aralarında bufer zona kimi baxa bilər. Bu isə Avropa İttifaqının parçalanmağa sürüklənməsi deməkdir”.
Şərqi Avropa ölkələrinin daxilində də ziddiyyətlərin getdikcə artdığına diqqət çəkən həmsöhbətimiz xüsusilə serblərlə boşnaklar və albanlar arasında ciddi qarşıdumaların yaşanacağından ehtiyatlanır: “Böyük ehtimalla Rusiya da Avropanın daxilində bu cür ziddiyyətlərin körüklənməsində maraqlı olacaq. Ən azı ona görə ki, Avropanın diqqətini Ukraynadan yayındırmaq üçün bu gərginlik Moskvaya lazımdır. Serblərlə alban və boşnaklar arasında artıq yaşanmağa başlayan gərginlikləri, Moldovada və Baltikyanı ölkələrdə etnik ruslarla yerli xalqlar arasında qarşıdurmalar izləyə bilər. Bu ziddiyyətlərin böyüməsi Avropanın digər ölkələrinin də proseslərə müdaxiləsinə yola aça bilər. Fikrimcə, Avropanın diqqətini Ukrayna cəbhəsindən yayındırmaq və bəzi asiləri cəzalandırmaq üçün Rusiyaya gərginliyi daha geniş sahələrə yaymaq sərf edir. Avropanın buna necə reaksiya verəcəyi, təbii ki, yeni hökumətlərin iradəsindən asılı olacaq”.Yeni mərhələdə Aİ-nin aparıcı dövlətlərinin Rusiya ilə dil tapmağa çalışacağını, yenidən onunla iqtisadi əməkdaşlığa başlacağına inanan siyasi şərhçi “qoca qitə”də ultra sağçılığın yüksəlişinin əsas səbəblərindən birinin bu olduğunu düşünür: “Avropa seçicilərinin mövcud hökumətlərin əleyhinə səs verməsinin başlıca səbəblərindən biri enerji qiymətlərinin yüksəlməsi və bunun sosial rifaha mənfi təsir göstərməsi ilə bağlıdır. Məntiqlə, ölkələrini bu böhrandan çıxarmağa çalışan yeni hökumətlər ABŞ-ın onlara təqdim etdiyi bahalı reseptləri bir kənara atacaq və keçmiş günlərə qayıtmağa üstünlük verəcək. Bu isə yenidən enerji mənbələrini Rusiyadan almaq deməkdir”.
Bununla belə, həmsöhbətimiz Aİ-nin əski günlərə qayıtmaq projesininn də istənilən nəticələr doğurmayacağına inanır: “Avropanın qarşı-qarşıya qaldığı mövcud vəziyyəti ən gözəl tərif edənlərdən biri Fransa prezidenti Makrondur. O, çıxışlarından birində Avropanın ölümlü olduğunu demişdi və fikrini 3 amillə əsaslandırmışdı. “Biz enerji baxımından Rusiyaya, iqtisadi baxımdan Çinə, hərbi təhlükəsizlik baxımından ABŞ-a bağlıyıq. Onlardan asılıyıq. Bu asılılıqlardan qurtulmasaq, ölümə məhkumuk”, prezident Makronun sözləridir. Görünən budur ki, Avropa həqiqətən də bu asılılıqlardan qurtulmaq iradəsinə malik deyil. Bunun başlıca səbəbi isə əhalisinin getdikcə yaşlanması və rifaha düşkünlüyüdür. Avropa yaşlandıqca, pensiyaya çıxanların sayı işçilərin sayını keçməyə başlayır və nəticədə qurmuş olduğu rifah sistemi onun öz çiyinlərində ağır yükə çevrilir. Qitənin bu vəziyyətdən xilas olması və iqtisadiyyatının daha rahat çalışması üçün təcili işçi qüvvəsinə ehtiyacı var. Dərd burasındadır ki, qoca nəsil köç siyasətinə də qarşı çıxır və immiqrantların ölkəyə gəlməsini süngü ilə qarşılayır. Bu da nəticə etibarilə Avropanın gəncləşməsini əngəlləyir və onu hər gün Makronun qorxduğu məxrəcə daha çox yaxınlaşdırır. Beləcə, Az.TV-nin illər öncə Avropanın çöküşü ilə əlaqədar verdiyi proqnozlar da nağıldan reallığa çevrilir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: