Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Bu dövrdə qərbçilər və islamçılar arasında daha loyal, orta mövqe tutanlar isə türkçülər idi. Əvvəlcə ayrı-ayrılıqda ideoloji mübarizə aparan türkçülər-millətçilərdən bəziləri islamçılara (Ə.Hüseynzadə, Ə.Ağayev və b), bir qismi isə sosial-demokratlara (M.Ə.Rəsulzadə, A.Kazımzadə, M.H.Mövsümov, T.Nağıoğlu və b.) meyl edirdilər. Maraqlıdır ki, türkçülər-millətçilər islamçılar və sosial-demokratlardan fərqli olaraq ideoloji və siyasi cəhətdən bir qədər gec təşkilatlansalar da, qısa bir zamanda, aralıq mövqe tutmalarına baxmayaraq cəmiyyət daxilində daha yüksək nüfuz qazandılar. Buna səbəb isə türkçülərin-millətçilərin islam və qərb mədəniyyətini bir-birinə qarşı qoymaq əvəzinə, onlar arasında oxşar, üst-üstə düşən ideyaları uzlaşdırması idi. Özlərini Zərdabinin, Əfqaninin xələfləri sayan türkçülər-millətçilər (Ə.Hüseynzadə, Ə.Ağayev, M.Ə.Rəsulzadə və b.) ictimai və fəlsəfi fikirin ana xəttini dəyişə bildilər.
Bu baxımdan milli-demokratik ideyaların formalaşmasında mühüm yeri türkçülər-millətçilər tutdular. Onlar milli dəyərlər, millət naminə islami və qərb dəyərlərini, o cümlədən sosial-demokratiyanın bəzi müddəalarını uzlaşdırmağı özlərinə bir vəzifə saydılar. Bunun nəticəsində milli-demokratik ideyaların müəllifləri qatı dindarları-islam birliyi tərəfdarlarını və sinifsiz cəmiyyət qurmaq istəyən radikal marksistləri gölgədə qoydular. Türkçülər-millətçilər, yəni milli-demokratik ideyaların nümayəndələri ümməti millətdən, müsəlmançılığı türkçülükdən, sosial bərabərliyi ifrat ictimai mülkiyyətçilikdən ayırmaqla, cəmiyyətin elmi-fəlsəfi mənzərəsinə əsaslı şəkildə təsir etdilər.
Bununla da, bu dövrdə Azərbaycan fəlsəfi fikrində ən mühüm yerlərdən birini milli-demokratik ideyalarla (türkçülük, müasirlik və islamçılıq) marksizm ideyalarının toqquşması təşkil etdi. Qeyd edək ki, bu ideyalar mütəfəkkirlərin ictimai-siyasi fəaliyyətində olduğu kimi, fəlsəfi dünygörüşlərində də bir sıra ziddiyyətlərə yol açmışdı. Bu baxımdan milli-demokratiya (türkçülük, müasirlik və islamçılıq) ötən əsrin əvvəllərində Azərbaycanın fəlsəfi fikrinin bir istiqamətini təşkil edirdisə də, əks bir cəbhədə marksizm ideologiyası dayanırdı. Əvvəllər, maarifçi-demokratlar bu ideyalar arasında tərəddüd etsələr də, sonralar onların əksəriyyəti mövqelərini konkretləşdirərək milli-demokratik və yaxud marksist mövqeyə keçdilər. Ancaq bunun özü belə məsələnin tamamilə həll etmədi. Belə ki, marksizmə rəğbət bəsləyənlər arasında sonralar birmənalı şəkildə milli cəbhəyə keçənlər də, sosial-demokrat kimi qaldıqları halda belə, tənqidi mövqe tutaraq mübarizələrini davam etdirənlər də oldu.
Bəs, milli-demokratiya anlayışı nə deməkdir və necə oldu ki, türkçülər-millətçilər bu ideyaya üz tutdular. Əslində milli-demokratiya iki sözün birləşməsi olub, millət və demokratiya sözlərini özündə əks etdirir. Millət sözü ərəb mənşəlidir və Qurandangəlmə bir anlayış kimi dini mənanı ifadə edir. Bu mənada "millət", "milli" sözləri islam dininə inanların topluluğunu ifadə etmək üçün işlədilir. Yeni dövrdə (18-19-cu əsrlər) millət anlayışı ayrı-ayrı toplumlara, cəmiyyətlərə aid edilməyə başladı. Artıq millət dedikdə, müəyyən ərazisi, adət-ənənələri, dili, iqtisadi birliyi, mədəniyyəti əlamətləri olan bir cəmiyyət nəzərdə tutulurdu.
Demokratiya isə yunan mənşəlidir, xalq hakimiyyəti deməkdir. Başqa sözlə demokratik quruluşda hakimiyyətin mənbəyi xalqdır. Əlbəttə ki, qədim yunanlardakı demokratiya anlayışı hərfi mənasını qoruyub saxlasa da, yeni və müasir dövrdə demokratiyanın əsil mənası heç də bütün cəmiyyətlər və onların mütəfəkkirləri tərəfindən birmənalı qəbul edilmir. 20-ci əsrin əvvəllərində yaşamış Azərbaycan mütəfəkkirləri bu zamanda, demokratiya anlayışını demək olar ki, Avropada olduğu kimi qəbul edirdilər. Yəni azad seçki yolu ilə, seçicilərin öz nümayəndələrini hakimiyyətə gətirməsi və insan hüqüq və azadlıqları çərçivəsində dövlətin idarə olunması. Şübhəsiz ki, azərbaycanlı milli-demokratlar öz ideyalarını yayarkən yerli şəraiti nəzərə alırdılar.
Bu baxımdan milli-demokratiya dedikdə, cəmiyyətin demokratik şəkildə idarəçiliyi, insan hüquq və azadlıqlarının təminatçılığı ilə yanaşı, milli və dini dəyərlərin, milli adət-ənənələrin, milli mədəniyyətin qorunub saxlanılması nəzərdə tutulmalıdır. Başqa sözlə, millət, xalq öz milli dəyərlərini qorumaqla, yaşatmaqla yanaşı, dövrünün yenilikləri ilə ayaqlaşmalı, dünyada mövcud olan demokratik dəyərləri də mənimsəməli və əməl etməlidir.
Şübhəsiz ki, milli-demokratik ideyaların meydana çıxması birdən-birə baş verməmiş təkamül nəticəsində formalaşmışdır. Hələ XIX əsrin ikinci yarısında, xüsusilə həmin əsrin sonlarında Şimali Azərbaycan xalqının bir millət kimi özünü dərk edib, formalaşmağa başlamasında və qərbin demokratik ənənələrini (bu dövrdə yaşayan Azərbaycan mütəfəkkirləri qədim dövrdə və orta əsrlərdə Azərbaycan xalqına aid olan az-çox demokratik ənənələrdən ya məlumatsız idilər, ya da onlara məxsus olanları başqa xalqlara aid edirdilər) mənimsəməsində bir sıra amillər mühüm rol oynayıb: iqtisadiyyatın, o cümlədən neft sənayesinin inkişafı və iqtisadi amillərin təmərküzləşməsi; əhalinin demoqrafik artımı, o cümlədən Bakı, Gəncə və b. bu kimi iri şəhərlərin yaranması; türk dilinin ədəbi dil kimi inkişaf edərək, bu dildə yazan mütəfəkkirlərin sayının çoxalması; Azərbaycanda milli mətbuatın və milli məktəblərin yaranması; milli Azərbaycan-türk kapitalistlərinin yaranması; milli məfkurəli mütəfəkkirlərin saylarının ilbəil artması.
Bu baxımdan deyə bilərik ki, 1900-cü illərdə siyasi-ideoloji cərəyanlara aid ədəbiyyatda fəlsəfi fikir öncə üç – milli-dini demokratik, liberal-demokratik və marksizm (sosial-demokrat), 1910-cu illərdə isə, əsasən iki – milli-dini demokratik və marksist-bolşevik yöndə inkişaf etmişdir.
Siyasi-ideoloji cərəyanlara aid ədəbiyyatda fəlsəfi fikrin milli-dini demokratik yönü birmənalı şəkildə millətçilik (türk birliyi), islamçılıq (islam birliyi) və müasirlik (qərb mədəniyyətini mənimsəmək) ideyaları ilə bağlı idi. Burada başlıca məqsəd milli və dini məsələlərin əsas prinsiplərindən kənara çıxmamaq şərti ilə Qərbin müsbət demokratik dəyərlərini də mənimsəmək idi. Deməli, bu dövrdə siyasi-ideoloji ədəbiyyatda milli-dini demokratik ideya Azərbaycan türk fəlsəfi fikrində önəmli yer tutmuşdur.
Şimali Azərbaycanda Milli-dini (türk-islam) demokratik cərəyanın yaranması və təkamülü dörd mərhələdən keçmişdir: 1) 1828-1875-ci illər (ilk parakəndə milli-dini üsyanlar, ilk parakəndə milli-dini ideyalar); 2) 1875-1905-ci illər (ilk milli teatr, ilk milli qəzet, ilk milli-dini nəzəriyyələr); 3) 1905-1918-ci illər (Azərbaycan türkçülüyü ideyasının doğuşu-ümumi türkçülükdən xüsusi türkçülüyə keçid); 4) 1918-1920 (Azərbaycan Cümhuriyyəti-xüsusi türkçülükdən ümimi türkçülüyə-turançılığa).
Milli-dini demokratik ideyanın ilk iki mərhələsinə qısaca nəzər yetirsək görərik ki, Azərbaycan türkləri çar Rusiyasının müstəmləkəçiliyinə qarşı bütün sahələrdə, ilk günlərdən başlayaraq mübarizə aparmışlar. Şübhəsiz, ilk mərhələdəki (1828-1875) bütün milli işlər (üsyanlar, kitablar) parakəndə, sistemsiz, nizam-intizamsız xarakter daşısa da, növbəti mərhələnin (1875-1905) meydana çıxmasında əvəsiz rol oynamışdır. Özəlliklə, 1830-cu illərdə Şimali Azərbaycanda Çar Rusiyasına qarşı baş qaldıran milli üsyanlar, eyni zamanda A.Bakıxanlının “Tarix”i, Mirzə Şəfi Vazehin “Türk dili” dərsliyi, M. F.Axundzadənin milli komediyaları sonrakı mərhələ, yəni milli-türk teatrın, mətbuatın, nəzəriyyələrin ortaya çıxması üçün zəmin hazırlamışdır. Bu anlamda H.Baykaranın yazması ki, “M.F.Axundzadə, A.Ağa Bakıxanov Azərbaycan xalqı, Şərq ölkəsi üçün bir fikir rəhbəri, ideya xəzinəsidir”, burada həmin əsərlərin təsirindən söhbət gedir. Hər halda A.A.Bakıxanovun milli «Tarix»i, M.F.Axundzadənin türkcə yazdığı komediyalarının davamı olaraq H.Zərdabinin «Əkinçi»də ortaya atdığı «milli-dini birlik» nəzəriyyəsi, Ünsizadələrin «Kəşkül» və «Ziya»da gündəmə gətirdikləri «türk milləti», «Azərbaycan milləti» anlayışları, C.Əfqaninin özünü dərk etmiş millətlərin islam birliyi nəzəriyyəsi, H.Z.Tağıyevin hamisi olduğu «Kaspi» qəzetində dərc olunun milli-dini yazılar 20-ci əsrin əvvəllərindəki fəlsəfi fikrin yaranmasında əvəsiz rol oynamışdır.
Bu o deməkdir ki, milli-dini demokratik ideya marksizm-leninizmdən fərqli olaraq Azərbaycana xaricdən gətirilməyib. İndinin özündə də xalqa bəzən yanlış bir fikir təlqin edilir ki, Azərbaycana millətçilik, türkçülük, islamçılıq kimi ideyalar kənardan-xaricdən gətirilmişdir. Bu, qətiyyən doğru deyil. Milli-dini demokratik ideyaların beşiyi Azərbaycan xalqı, türk milləti özü olmuşdur. Bu ideyanın formalaşması isə birdən-birə baş verməmiş, təkamül nəticəsində, tarixi şəraitə uyğun olaraq yetkinləşmiş və meydana çıxmışdır. Bu məsələ ilə bağlı H.Baykara yazır: «…Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlu Fransadan, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə İstanbuldan gətirdiyi düşüncəsi yanlış və əsassızdır. Şəraitin yetişmədiyi bir zamanda kənardan heç kim, heç bir fikir gətirib toplum həyatına yerləşdirə bilməz».
Təxminən XIX əsrin ikinci yarısından etibarən Azərbaycan türk mütəfəkkirlərindən bəziləri (M.F.Axund¬zadə və b.) millətin xilas yolunun milli-dini dəyərlər, özəlliklə İslam dini əsasında axtarılmasının əleyhinə çıxıb daha çox yeniləşmək adı altında Qərb mədəniyyətinə, Qərb ideyalarına meyil göstərdiyi halda, digərləri (A.A.Bakıxanov, S.Ə.Şirvani və b.) Qərb mədən¬iy¬-yət¬in¬dəki müsbət meyilləri inkar etmədən, ancaq Türk-İslam mədəniyyətindən möhkəm yapışıb Türk adət-ənənələrini və ilkin İslam dəyərlərini dirçəltməklə cəmiyyətin prob¬lemlərinin həll olunmasına inanırdılar. Bununla da, XX əsrin əvvəllərində bu mütəfəkkirlərin sələfləri arasında əsasən qərbçiliyə-avropalaşmağa (M.A.Şahtaxtlı, C.Məmmədqulu¬zadə, N.Nərimanov və b.) meyil edənlərlə yanaşı, türkçülüyü və islamçılığı (Türk-İslam mədəniyyətini) önə çəkənlər (Ə.Hü¬seyn¬zadə, Ə.Ağaoğlu və b.) də vardı. Doğrudur, hər iki xəttin tərəfdarları arasında da milliliyə və qərbləşməyə meyillər ol¬muş¬dur. Ancaq hər iki tərəf bütövlükdə, digər ideyalara müna¬sibət¬də tutduqları ideya xətti çərçivəsindən kənara çıxmırdılar. Bu mənada, Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun türkçülük və islamçılıqla yanaşı, müasirləş¬məyə, hətta sosial-demokratizmə bəzən müsbət münasibət¬ləri başa düşüləndir. Eləcə də, C.Məmmədqulu¬zadənin, N.Nərimanovun Rus-Avropa-Qərb xəttinə üstünlük vermələrinə baxmayaraq türk kimliyini və türk dilini daim müdafiə etmələrində də qəribə heç nə yoxdur. Ancaq hər iki ideya xəttinin tərəfdarları ümumilikdə millətin bu günün və gələcəyini ya Rus-Avropa-Qərb mədəniyyətində, ya da Türk-İslam-Şərq dəyərlərində görmüşlər.
Dos., Dr. Faiq Ələkbərli
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar