Xəbər lenti


Qabil Hüseynli: “Belarus müxalifətinin içərisində siyasi ambisiya xəstəliyi, demək olar ki, yox dərəcəsindədir”

Belarus müxalifətinin avqustun 9-da keçirilən prezident seçkilərindən sonra göstərdiyi dirəniş Azərbaycanda da geniş müzakirə olunmaqla yanaşı, bir məsələni yenidən aktuallaşdırıb. Bu da demokratik düşərgənin Belarus müxalifəti kimi vahid mövqedən çıxış edə, təşkilatlana bilməməsidir. İndiyə qədər ölkə müxalifəti 10-larla birlik yaradıb. 

Bunlar daha çox seçkilər ərəfəsində baş tutub. Lakin seçkilər bitər-bitməz həmin birliklər tarix olublar. Hər bir birlik də ciddi qalmaqallarla, narazılıqlarla ömrünü başa vurub.
Amma Belarus müxalifətində biz bunların şahidi olmadıq. Hətta qısa zamanda Svetlana Tixanovskaya kimi xanım siyasətçi meydana çıxaraq, 26 ildir Belarusiya rəhbərlik edən Aleksandr Lukaşenkoya seçkilərdə əsas rəqib oldu, ona ciddi başağrısı olmağı bacardı və hələ də bu hal davam edir. Hətta xanım siyasətçinin seçkilərdən bir gün sonra Litvaya getməyə məcbur olmasına, prosesləri oradan idarə etməsinə baxmayaraq, etirazlarda heç bir səngimə müşahidə olunkur. Belarusda yüz minlərin mitinqi seçkilərdən sonra yaradılan Koordinasiya Şurası tərəfindən təşkil olunur. Orada kimin lider olduğu heç kəsə bəlli deyil, yəni kimsə mikrofon götürmək uğrunda savaşmır, “lider mənəm” demir.

Azərbaycan müxalifətində isə indiyə qədər tamam fərqli mənzərələrin şahidi olmuşuq. Kiminsə liderliyini qəbul etmərəm, yaxud kiminsə bayrağı altına keçmərəm, hər kəs məni dəstəkləsin, hamıdan güclü, nüfuzlu siyasətçiyəm, rəhbərlik etdiyim partiya daha böyükdür və.s kimi düşüncə hər zaman hakim olub. Təkcə bir dövr üçün deyil, hər zaman müxalifət belə olub...

Sabiq dövlət müşaviri Qabil Hüseynli öncəliklə Belarus müxalifətinin rəsmini belə çəkdi: “Belarus müxalifətinin siyasi yetkinliyinin bir sıra səbəbləri var. Bunlardan ən birincisi bu hadisələrə rəhbərlik edən insanların klassik siyasi liderlərdən fərqli olması və onun son dövrlərdə üzə çıxmasıdır. Bu gün zavodlarda tətilləri, yaxud hər hansı bir şəhərdə mitinqləri təşkil edənlərin klassik müxalifətə aidiyyəti yoxdur. Onlar sadəcə olaraq kütlənin içərisindən çıxmış yeni siyasilərdir. Onlar özlərini gurultulu şəkildə siyasi lider də adlandırmırlar. Həddindən artıq təvazökar və milli ideyaya sadiq olduqlarını göstərən adamlardır. Belarus müxalifətinin bir üstünlüyü də ondan ibarətdir ki, milli ideya ətrafında birləşiblər.

Onları müxtəlif düşərgələrə bölən yalançı əqidələr, yalançı platformalar, demək olar ki, yox dərəcəsindədir. Hamı ölkənin indiki hakimiyyətdən azad olunmasını və siyasi demokratikləşmə yoluna qədəm qoymasını istəyir. Bu ideya ətrafında da birləşiblər. Əgər diqqət edilərsə, görünər ki, seçkilərdə qalib gəlmiş Tixanovskaya yeni seçkilərin keçirilməsini tələb edir və yeni seçkilərdə öz namizədliyini verməyəcəyini bildirir. Bundan başqa, prezident seçkilərində iştirak etmiş digər namizədlərin hamısı Tixanovskayanın qələbəsini çox asanlıqla və özü də böyük şövqlə qəbul etdilər, onu müdafiə etdilər. Belarus müxalifətinin içərisində siyasi ambisiya xəstəliyi, demək olar ki, yox dərəcəsindədir.

Müxalif liderlərinin bir qismi Polşadan proseslərə müdaxilə etməyə çalışsalar da, əsas yerdəki yeni kadrlar, müxalifət liderləri prosesləri idarə edirlər. Onların da heç bir xəstə ambisiyaları yoxdur. Ümumi işə xidmət etdiklərini düşünürlər. Bu səbəbdən də hədsiz dərəcədə fədakar və öz işlərinə sadiqdirlər”.

Q.Hüseynli Azərbaycan və Belarus müxalifətinin əsas fərqlərinə də toxundu: “Zənnimcə, bizim müxalifətlə Belarus müxalifətinin əsas fərqi yeni lider, yeni ideya məsələsidir. Yeni ideya deyəndə milli ideyanı nəzərdə tuturam. Burada əsas olan bu ideya ətrafında insanları səfərbər etmək məsələsidir. Həm də yeni simaların, şəxslərin müxalifət sıralarına gəlməsi və liderlik səviyyəsinə çatmaları da burada vacib olan amillərdəndir. Düşünürəm ki, Azərbaycan siyasi müxalifətində siyasi təmərküzləşmə bir sıra kiçik partiyaların daha iri platformalar ətrafında birləşməsinə ehtiyac olmasından irəli gəlir”.

Sonda qeyd edək ki, Belarus müxalifətinin lideri, prezident seçkilərində ikinci yeri tutan Svetlana Tixanovskaya Minsklə danışıqlara hazır olduqlarını dilə gətirib. Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o bu barədə Avropa parlamentinin xarici məsələlər üzrə komitəsində çıxışı zamanı deyib. Tixanovskaya Minskə danışıqlar aparmaq üçün öz nümayəndələrini göndərməyə hazır olduqlarını diqqətə çatıdırıb.


“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 991          Tarix: 26-08-2020, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma