Xəbər lenti
Dünən, 19:25


İcra hakimiyyətlərinin icazəsi ilə sökülən qazanxanaya görə illərdir məhkəmə çəkişməsi gedir.

Musavat.com xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti və Nizami rayon İcra Hakimiyyəti rayonun Ə.Əzimzadə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsindəki köhnə tikililərin sökükülməsi barədə sərəncam verib.

Sərəncama əsasən, sökülən binaların yerində çoxmərtəbəli binalar tikiləcək. Söküntü aparılan ərazidə “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxana da olub.

ASC söküntü işlərini həyata keçirən “FVS-İnşaat” MMC-dən şikayətçidir. Qazanxananın bərpa edilməsi üçün məhkəməyə müraciət ediblər. Məhkəmə çəkişməsi üç ildən çoxdur davam edir. “Azəristiliktəchizat” iddia edir ki, 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin balansında olan 277 saylı qazanxana onlara xəbərdarlıq edilmədən sökülüb.

Söküntünü aparan “FVS-İnşaat” MMC-nin nümayəndələri isə deyir ki, “Azəristiliktəchizat” 99 kvadrat metrlik qazanxananın məhz bu şirkət tərəfindən sökülməsini sübut edə bilmir.

Şirkət bildirir ki, söküntü işlərinə dövlət orqanları icazə verib və buna görə də özbaşına söküntüdən söhbət gedə bilməz.
“Şəhərsalma və Arxitektura Komitəsinin “Azmemarlayihə” Dövlət Baş Layihə institutu tərəfindən ərazinin tikinti planlaşdırılma eskizi tərtib edilib. Həmin eskiz Dövlət Ekspertizası Baş idarəsi ilə razılaşdırılıb.

Qazanxananın istiliklə təmin etməli olduğu ikimərtəbəli köhnə binalar qəzalı vəziyyətdə olduğuna görə sökülüb. Yerində tikiləcək çoxmərtəbəli binaları isə şirkət istiliklə təmin edəcək"- deyə şirkət mövqeyində bildirib.
İlk olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qazanxananın bərpası barədə “Azəristiliktəchizat”ın iddiasını təmin etməyib.
Qərardan narazı qalan ASC Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məhkəmə isə bu qurumun xeyrinə qərar verib. Sonra isə şirkət narazı qalaraq, Ali Məhkəməyə şikayət verib.
Bu dəfə isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılıb. Bu qurum yenə qazanxananın bərpasına qərar verib.
“FVS-İnşaat” MMC bir daha Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə iyulun 10-da bir daha apellyasiya intsansiyasının qərarını ləğv edərək, işi təkrar bu quruma qaytarıb.
 




Ana səhifəyə qayıt        Baxış: 1 783          Tarix: 27-08-2020, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma