Xəbər lenti


ARAB NEWS, Səudiyyə Ərəbistanı
21.12.2020


Müəllif: Yaşar Yakış (Türkiyənin sabiq xarici işlər naziri)
Ermənitanla Azərbaycan ötən ay Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə saziş imzalayıblar. Razılaşma 44 gün davam etmiş amansız döyüşlərdən sonra əldə olunub. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfdən ümumilikdə 5600 hərbçi və mülki vətəndaş həyatını itirib.
Lakin atəşkəs razılaşmasının imzalanmasından sonra belə, keçmiş döyüş bölgəsilə bağlı fikir ayrılığı yaranıb. Çünki tərəflər arasında imzalanmış saziş ümumi məsələləri əhatə edir. Yəni sazişdə bəzi incə məqamlar əksini tapmayıb və bir sıra məsələlər tədricən ortaya çıxmağa başlayıb.
Hər halda, bu gün ermənilər Rusiyanı ittiham edir. Onlar deyir ki, Moskva Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində muxtar vilayətə çevrilməsinə imkan yaradıb. Bundan başqa, ermənilər Rusiyanın regionla Ermənistan arasındakı əlaqəni kəsdiyini də deyir.

Digər tərəfdən, Azərbaycan da Rusiyanı ittiham edir. Burada bəziləri hesab edir ki, ermənilərin vaxtilə bu regionda məskunlaşmasına məhz Moskva yardım göstərib, bununla da bölgənin etnik tərkibinin dəyişməsinə yol açıb.

Bunan başqa, bəziləri düşünürdü ki, sazişin imzalanmasından sonra belə, bölgədə atəşkəsin pozulması hallarına rast gəlinəcək. İlk belə hal iki həftə əvvəl Köhnə Tağlar və Çaylaqqala kəndlərində qeydə alınıb. Həmin vaxt 4 azərbaycanlı əsgər həyatını itirib, tərəflər atəşkəsin pozulmasına görə, bir-birini ittiham edib.
Yeri gəlmişkən, Ermənistan rəhbərliyi ötən həftə bir neçə hərbi postla əlaqənin itdiyini də açıqlayıb. Bu postların azərbaycanlı əsgərlər tərəfindən tutulduğu güman edilir. Elə həmin günlərdə 60-160 arasında erməni əsgərin itkin düşdüyü də açıqlanıb.

Bölgəyə yerləşdirilmiş rusiyalı sülhməramlılar da atəşkəsin pozulduğu etiraf edib. Lakin onlar buna görə tərəflərdən heç birini günahlandırmayıb.
Bu gün ən vacib məsələ şübhəsiz ki, Dağlıq Qarabağın yekun statusudur. Ermənistanın maksimalist mövqeyi regiona müstəqillik verilməsindən ibarətdir. Avropa İttifaqındakı (Aİ) güclü erməni lobbisi bu məsələni Avropa Parlamentində də qaldırmağa çalışır.
Azərbaycanda isə hesab edirlər ki, Dağlıq Qarabağ regionunun muxtar vilayət statusu ləğv edilməli, onun Azərbaycana tam inteqrasiyasına nail olunmalıdır.

Bu gün Rusiya bu iki maksimalist mövqe arasında qızıl orta tapmağa çalışır.
Baş verənlər fonunda Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsi yeni fenomendir və artıq bununla hesablaşmaq lazımdır. Bu əməkdaşlığın praktiki nəticələri tərəflər üçün başqa faydalı şərtlərin yaranmasına imkan verə bilər.
Türkiyə istehsalı olan dronlar Suriyanın İdlib bölgəsində Əsəd qüvvələrinə (bəzən həm də Rusiya qüvvələrinə), həmçinin Liviyada Xəlifə Həftarın hərbi birləşmələrinə qarşı mübarizədə döyüş sınaından uurla keçmişdi. Onlar Ermənistanla Azərbaycan arasındakı son müharibədə də uğur qazanıb. İndi, Aİ ilə ABŞ-ın Türkiyəyə qarşı mümkün silah embarqosundan sonra Ankara ilə Bakı arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac duyula bilər. Zəngin neft ölkəsi olan Azərbaycanda yerli müdafiə sənayesinin yaradılmasına böyük maraq var. Odur ki, bu ümumi hədəf iki dost ölkənin müdafiə sahəsində daha sıx əməkdaşlığına yol aça bilər.

Yerevanla Bakı arasında imzalanmış atəşkəs razılaşmasında Türkiyə üçün xüsusilə vacib məqam var. Söhbət Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsini birləşdirəcək yolun çəkilişilə bağlı maddədən gedir. Amma yəqin ki, Ermənistan layihənin həyata keçirilməsi vaxtını uzatmağa çalışacaq. Çünki bu layihənin gerçəkləşməsilə Türkiyə Azərbaycana, oradan isə Mərkəzi Asiyanın türkdilli respublikalarına birləşəcək. Üstəlik, bu ssenari türkdilli dövlətlər istisna olmaqla, region ölkələrini qıcıqlandırır. Rusiya da ona yalnız Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizini balanslaşdırmaq məqsədilə dəstək verib.

Bu arada, Ankara ilə Bakı arasında imzalanmış son sazişlərdən biri Türkiyə və Azərbaycan vətəndaşlarının xarici pasportla deyil, şəxsiyyət vəsiqəsilə qarşılıqlı səfərlər etməsinə imkan yaradır. İki lkə arasında viza rejimi hələ 2019-cu il sentyabrın 1-də ləğv edilib. Son saziş və sözügedən yolun tikintisisə onların arasında əlaqələri daha da sıxlaşdıracaq.

Ankara-Bakı əməkdaşlığının nəticələrindən biri də Türkiyənin Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa işlərinə mümkün töhfəsi olacaq. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkəsi Türkiyənin tikinti şirkətlərinin Qarabağın bərpasında iştirakına razıdır. Söhbət dəyəri on milyardlarla dollar olacaq işlərdən, çoxsaylı iş yerlərinin açılmasından gedir.

Bu gün Ermənistanın əhatəsində olduğu dövlətlərin demək olar ki, hamısı ilə problemi var. Doğrudur, xaricdə yaşayan ermənilər ölkəyə yardım göstərir. Amma Ermənistan hər zaman başqasına arxalana bilməz. Çünki xarici ölkələr ona yalnız milli maraqlarının Ermənistanın maraqları ilə üst-üstdə düşdüyü çərçivədə yardım edəcək.

Amma Türkiyənin də bəzi qonşuları ilə problemləri var. Azərbaycan bu mənada istisnadır. Bakı yalnız öz əraziləri üzərində suverenliyini qorumağa çalışır.

Bir sözlə, bu üç ölkə üçün indiki şəraitdə ən müdrik siyasət keçmişi kənara qoymaq (keçmişi dəyişmək mümkün deyil), uzaqgörən strategiya hazırlamaq olardı. Sabit münasibətlərin üstünlüklərindən onların hər biri faydalanacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ARAB NEWS


Ana səhifəyə qayıt        Baxış: 2 605          Tarix: 21-12-2020, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma