Xəbər lenti
 

Dağlıq Qarabağ uğrunda aparılan son 44 günlük savaşda Türk “Bayraktar TB2”lərinin bəlkə də ən böyük uğurlarından biri Rusiyanın sinəsinə döyərək öydüyü “S-300”ləri ovlamaq qabiliyyəti idi. Prezident İlham Əliyevin bildirdiyinə görə, bu savaşda məhv edilmiş və ələ keçirilmiş hərbi texnikalar arasında 7 ədəd “S-300” HHM sistemi də var. Sözsüz ki, bu sayda hərbi sistemin məhv edilməsi təsadüf ola bilməzdi. Görünən budur ki, Türk “Bayraktar”ları həqiqətən də rus “S-300”-lərinin ən yaxşı ovçularıdır.
 
Bəzi rusqafalılar iddia edə bilər ki, rusların daha yeni HHM kompleksi var – “S-400”. Odur ki, Türk və ya İsrail silahlarının “S-300” kimi köhnə rus müdafiə kompleksini darmadağın etməsi Moskva üçün o qədər də əhəmiyyətli deyil. Necə olsa, o özünü dünyanın ən etibarlı HHM kompleksi “S-400”lərlə qoruyur.
 
Hər nə qədər bu arqument ilk baxışdan rusqafalılar üçün əsl sevinc qaynağı kimi görünsə də, bizdən onlara məsləhət: papağınızı göyə atıb “Ura!” çəkməyə tələsməyin, çünki Türkiyə “S-400”lərin də “qatil”ini kəşf edib. Özü də bunu biz yox, Rusiyanın hərbi dairələrinə yaxın qaynaqlar iddia edir.


Ovqat.com xəbər verir ki, Rusiyanın hərbi portallarından olan Avia.pro bu məlumatı yayıb.
 
Məlumata görə, Rusiyadan aldığı “S-400”lərin sirlərini öyrənən Türkiyə bu silahın radarlarını atlaya və sıradan çıxara biləcək anti-radar raketini inkişaf etdirməyi bacarıb. “Türkiyənin “Akbaba” adlanan yeni anti-radar raketi 5-ci nəsil TF-X qırıcısı üçün hazırlanan silah növlərindən biri olacaq”, - yazan portalın iddia edir ki, mövcud məlumatlar nəzərə alınmaqla hazırlanan yeni raket digər NATO ölkələrinə də ixrac oluna bilər. Xüsusilə də Şimali Atlantika Alyansı (NATO) Rusiya silah sistemlərinə qarşı mübarizə apara biləcək raketlərlə maraqlanır.
 
Rus hərbi ekspertləri isə Türkiyənin S-400-ə qarşı yeni raket hazırlaya biləcəyini istisna etməsələr də, bunun hələ öz hədəfini zərərsizləşdirmək üçün kifayət qədər effektiv olduğuna inanmırlar. Onların fikrincə, S-400 “Triumf” raket sistemlərinin ətrafına qısa və orta mənzilli raketlər yerləşdirilir. Türkiyənin “Akbaba”sı “S-400”ləri atlaya bilsə də, hədəfinə bir neçə 10 km-ə qalmış köməkçi raketlər vasitəsilə zərərsizləşdirilə biləcək. Aydındır. Təbii ki, heç kim öz qıcqırmış ayranına belə “turş” demək istəməz.
 
Bəs, gəlin, görək Türkiyə hərbi sənaye kompleksi doğrudanmı belə bir silah kəşf edibmi və Ankarada bu barədə nə deyirlər?


 
Türkiyənin hərbi sənaye kompleksinin rəsmi saytı Svunmasanayist.com da bir neçə gün bundan əvvəl “Akbaba” qanadlı raketi barədə məlumat yaymışdı.
 
Məlumata görə, milli imkanlar hesabına hazırlanmış “Akbaba” radiasiya əleyhinə raketinin mövcudluğu ilk dəfə Hava Qüvvələri Komandanlığı tərəfindən rəsmən təsdiqlənib.
 
“Türk müdafiə sənayesi şirkətlərinin milli qaynaqlar hesabına “AKBABA” adlı bir radiasiya əleyhinə raket hazırladıqları barədə söz-söhbət bir müddətdir ətrafda dolaşırdı. 30 iyun 2021-ci ildə başlayan “Anadolu Qartalı - 2021” hərbi təlimi çərçivəsində təşkil edilən mətbuat konfransında “Akbaba”nın da adı rəsmi olaraq zikr olunub.
 
 
Tədbir zamanı Hava Qüvvələri Komandanlığı səlahiyyətliləri Milli Mübarizə Təyyarəsi (MMU) Layihəsi çərçivəsində hazırlanan TAI TF-X döyüş təyyarələri haqqında məlumatları yerli / xarici mətbuat mənsublarına və xarici hərbi personala təqdimat ediblər. Təqdimat zamanı MMU TF-X-nin hava sursatı olaraq “Akbaba”dan da istifadə edəcəyinin planlaşdırıldığı bildirilib.
 
Bir müddətdir inkişaf etdirilən “Akbaba” hazırda Türk Hava Qüvvələrinin inventarında olan AGM-88 HARM tipli radiasiya əleyhinə raketini əvəz edəcək. Milli radiasiya əleyhinə raket kimi hazırlanan “Akbaba”nın HARM ilə oxşar fiziki xüsusiyyətlərə sahib olacağı təxmin edilir.


 
“AKBABA” radiasiya əleyhinə raketin proqram cədvəlinin son vəziyyəti hələ məlum olmasa da, mövzu ilə bağlı bəzi ipucları var. Müdafiə Sənayesi İdarəsinin Başçısı Prof. Dr. İsmail Dəmir son aylarda “Coşkunöz Müdafiə və Havaçılıq” şirkətini ziyarət etdi. Səfərdən sonra şirkətin verdiyi açıqlamada bu ifadələr yer aldı: “Səfər zamanı ROKETSAN, ASELSAN, TÜBİTAK SAGE, TUSAŞ kimi əsas podratçı şirkətlər ölkədəki açar teslim məhsullar barədə məlumatlandırıldı. “Bora”, “Atmaca”, “Hisar –A / O”, “Cirit”, “Sarp”, “SOM”, “Akbaba”, “Sarp”, “MİLGEM” kimi layihələrin istehsal prosesləri yerindəcə müşahidə edildi”. 
 
Radiasiya əleyhinə raket nədir?
 
Anti-radiasiya raketləri radar, komanda idarəetmə və elektron müharibə sistemləri kimi hədəfləri məhv etmək üçün hazırlanır. Passiv radar proqramı sayəsində şüalanmanın sıx olduğu nöqtəni hədəf almaq, quruda və dənizdə yerləşdirilən sistemləri məhv etmək üçün istifadə olunur”.






Ana səhifəyə qayıt        Baxış: 6 853          Tarix: 6-07-2021, 13:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma