Xəbər lenti

 
 
 
Rusiya prezidenti Vladimir Putin Qara dənizdə meydan sulayan NATO qüvvələrinə cavab vermək fikrində deyil.
 
Ovqat.com-un məlumatına görə, Rusiya prezidenti bu gün media açıqlamasında bunu bildirib. 
 
Onun fikrincə, NATO qüvvələri Qara dənizdə keçirdikləri  hərbi təlimlərdə Strateji Hərbi Hava Qüvvələrindən istifadə etməklə faktiki Rusiyaya meydan oxuyur. Üstəlik, bu hərbi təlimlər əvvəlcədən də planlaşdırılmayıb. Putin deyib ki, məhz bu səbəbdən Rusiya Müdafiə Nazirliyi ABŞ və NATO qüvvələrinə eyni tərzdə cavab vermək istəyib. Amma Putin buna lüzum görməyib. Çünki o, vəziyyətin gərginləşdirilməsində maraqlı deyil.
 
Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri indi Qara dənizdə planlaşdırılmamış – vurğulamaq istəyirəm: planlaşdırılmamış –təlimlər keçirirlər. Üstəlik, nəinki kifayət qədər güclü gəmi qrupu yaradılıb, həm də bu təlimlərdə aviasiyadan, o cümlədən strateji aviasiyadan da istifadə olunur. Fakt budur ki, onların göyərtəsində strateji döyüş silahları var. Bu, bizim üçün ciddi çağırışdır”, - deyə dövlət başçısı bildirib.
 
O, həmçinin qeyd edib ki, “NATO-nun Qara dənizdə fəallığını artırması insanda belə bir təəssürat yaradır ki, onlar Rusiyaya “dincəlməyə icazə vermək istəmirlər, amma bilsinlər ki, biz də istirahət etmirik”.
 
Putin həmçinin bildirib:
 
“Müdafiə Nazirliyimiz onların planlaşdırılmamış təlimlərinə bənzər eyni akvatoriyada eyni qaydada planlaşdırılmamış təlim keçirmək təklifi irəli sürüb. Lakin mən hesab edirəm ki, bu, məsləhət deyil və orada vəziyyəti daha da gərginləşdirməyə ehtiyac yoxdur”.
 
Putin vurğulayıb ki, buna görə də Rusiya Müdafiə Nazirliyi “yalnız təyyarə və gəmiləri müşayiət etməklə fəaliyyətini məhdudlaşdırıb”.


 
Qeyd edək ki, Qara dəniz Rusiyanın ən strateji nöqtəsidir. Bu dəniz vasitəsilə isti sulara çıxan Rusiya dünya dövləti olmaq şansını əlində saxlayır. Vaxtilə SSRİ dövründə Qara dənizin yalnız güneyi Türkiyənin ixtiyarında idi, digər hissələrinə isə Rusiya nəzarət edirdi. Hətta buna görə Qara dənizi Rusiyanın qapalı gölü sayanlar vardı. 
 
SSRİ dağıldıqdan sonra Rusiyanın təsir dairəsindən çıxan keçmiş Varşava Paktı ölkələri tədricən NATO-ya daxil oldular. Qara dənizdə təkcə Gürcüstan və Ukrayna Rusiyanın nəzarətində qaldı. 2008-ci ildə Gürcüstanın, 2014-cü ildə isə Ukraynanın Qərb ölkələrinə inteqrasiya xətti tutması Qara dənizin tamamilə Moskvanın nəzarətindən kənarlaşacağı təhlükəsi yaratdığından Kremlin bu təşəbbüslərə reaksiyası çox sərt oldu. Əvvəl Gürcüstanın bəzi bölgələrini ələ keçirən Rusiya onun Qara dənizdə akvatoriyasını daraltdı və bu ölkənin başı üzərində Demokl qılıncı kimi dayanmaq şansı qazandı. Üzərindən 5 il keçəndən sonra isə Ukraynada Rusiya ilə yolları ayırmaq prosesi başladı. 2014-cü ildə Maydan hərəkatı qələbə çaldıqdan sonra isə Rusiya Donbass və Krımı ilhaq etdi. Krımın ilhaqı ilə Qara dənizdəki öz akvatoriyasını şimal sahilləri boyunca böyüdən Moksva Donbassdakı separatçı rejimi dəstəkləməklə isə Azovu tamamilə öz qapalı gölünə çevirdi. Başqa sözlə, Rusiya həyati əhəmiyyət daşıyan Qara dənizi əlində imkan olarsa, əsla başqasına buraxmayacaq mövqeyə malikdir və böyük dövlət olmaq şansını əldə saxlamaq üçün buna məcburdur da.


 
İndisə NATO qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələri heç bir əsaslı səbəb göstərmədən rahatlıqla Qara dənizdə lövbərləniblər. ABŞ-ın 6-cı Donanmasının qərargah gəmisi belə, artıq Gürcüstanın Poti limanında Rusiyaya ən yaxın sərhədlərdə dayanıb. Bundan əlavə Yunanıstandan tutmuş Bolqarıstana, Rumıniyaya qədər Aralıq dənizindən Qara dənizin şimal sahillərinə qədər bütün ölkələrdə ABŞ-ın hərbi təyyarələri yerləşdirilib. Bu hərbi təyyarələr arasında atom bombası daşıyanlar da var. Ən maraqlısı isə budur ki, həmin nüvə daşıyıcı təyyarələr vaxtaşırı Krım sahillərində uçuşlar keçirir və Rusiyanı nüvə zərbəsi ilə təhdid edirlər. 
 
Bundan əlavə Baltikyanı ölkələrə də ABŞ-ın strateji təyyarələri yerləşdirilib və tez-tez təhdidkar təlimlər keçirirlər. Bir müddət əvvəl Baltikyanı ölkələrdə keçirilən hərbi təlimlərdə 7 min metr yüksəklikdən atılan bombaların dəqiq zərbə ebdirmək qabiliyyəti xalqa açıq şəkildə nümayiş etdirilmişdi. Olduqca təhlükəli və hava şəraitinin dəyişilməsi nəticəsində hədəfdən yayınma ehtimalı böyük olan bu təlimlərin uğurla başa çatması Moskva üçün ciddi mesaj idi. Məsələ burasındadır ki, kifayət qədər yüksəkdən uçan bu təyyarələri vurmaq çətin olduğu kimi həm də təhlükəlidir. Ən azı ona görə ki, həmin təyyarələr nüvə bombaları daşıyırlar və onların göydə partlaması belə, nəinki  hədəfin təhlükəsizliyini qorumur, əksinə təsirini daha geniş sahəyə yayıla bilər.
 
Rusiya Prezidentinin “biz də boş durmamışıq” deyərkən, nəyə işarə etdiyini müəyyənləşdirmək çətindir. Belə ki, Rusiyanın dünən Belarusda keçirdiyi hərbi təlimləri o qədər də uğurlu adlandırmaq mümkün deyil. Həmin təlimlərdə iki paraşütçü göydə toqquşub bir-birini ölümünə səbəb olmuşdular. Rusiya Müdafiə Nazirliyi bunu hava şəraitinin uyğunsuzluğu və küləyin gözlənilməz təsiri ilə izah etsə də, əslində desant təlimlərində ilk növbədə bu amillər nəzərə alınmalı idi. Necə ki, NATO qüvvələri 7 min metrlik məsafədən bomba atanda bu nüansları dəqiq hesablamışdı. Görünür, dəqiqlik parametrləri müasir tələblərə çox da cavab verməyən, Paşinyan demişkən atdığı raketləri ən yaxşı halda 10% partlayan Rusiya məhz bu səbəbdən Qara dənizdə NATO-nun qarşısına çıxmağa cəsarət edə etmir, rəqiblərinə cavabı xeyli uzaqda həm də silahlarını yox, desantlarını sınaqdan çıxarmaqla verməyə çalışır. Bu qədər təvazökar təlimlərdə belə, tam fiasko ilə qarşılaşır.

 
 
Maraqlıdır ki, bu ilin əvvəlində ABŞ “USS Porter" və "USS Donald Cook" hərbi gəmilərini yenə Qara dənizə göndərmiş və bölgədə Türkiyənin TCG Turgutreis" və "TCG Oruçreis" freqatları ilə birgə keçid törəni keçirmişdi. Həmin vaxt Rusiyanın ABŞ-dakı səfirliyi Twitter hesabında bəyanat yayaraq bunu Vaşinqtonun “təhlükəli qılınc oynatmasına” bənzətmiş və onu bu cür təxribatçı manevrləri dayandırmağa çağırmışdı. Bəyanatda “Qara dənizdə sülh və təhlükəsizliyin xarici müdaxiləyə ehtiyac olmadığını” vurğulanmışdı. ABŞ-ın 9 ay bundan əvvəl verdiyi bu xəbərdarlıqdan sonra gözləmək olardı ki, ABŞ-ın bu hərəkətlərinə Rusiya sərt cavab verəcək. İndi isə Putinin  NATO qüvvələrinə necə cavab verəcəklərini göstərməyə belə lüzum görmür, sadəcə quru sözlərlə üzəngi parlatmağa çalışır. Bu isə istər-istəməz NATO qüvvələr tərəfindən qorxaqlıq kimi yozula və onları qarşıdurmaya daha da həvəsləndirə bilər. 
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 415          Tarix: 13-11-2021, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma