Xəbər lenti

 
Qazaxıstan Dövlət Televiziyası ölkədəki iğtişaşların böyük ölçüdə nəzarət altında alındığını açıqlayıb. 
 
Ovqat.com Qazaxıstan mediasına istinadən xəbər verir ki, ölkə prezidenti Qasım Cömərd Tokayevin “Konstitusiya quruluşunun bərpa olunduğunu” rəsmən açıqlaması gözlənilir.
 
Qazaxıstan Prezident Administrasiyasından sızdırılan məlumata görə, Tokayev gözlənilən çıxışında bəzi terrorçuların hələ də qaldığını fikirlərinə əlavə edəcək, bununla da Qazaxıstandan çıxmaq və ya çıxmamaq seçənəyini Moskvanın öhdəsinə buraxacaq.
 
Fikrimizcə, Tokayevin bu cür çoxməchullu tənliyə bənzər açıqlama verməyə hazırlaşması KTMT “sülhməramlılarının” ölkədə qalmasının əsaslarını da aradan qaldırır. KTMT Baş katibi Stanislav Zasın dünən RİA Novosti-yə verdiyi müsahibə də bu ehtimalı gücləndirir. Baş katib həmin müsahibədə açıq şəkildə bildirmişdi ki, KTMT qüvvələri qısa müddətliyə Qazaxıstana girib: Hansı qısa müddətə - bir neçə gün və ya bir neçə həftəyə – bu sualın cavabı Qazaxıstanda yaranacaq vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq. Əgər Qazaxıstan hesab etsə ki, vəziyyət sabitləşib və ona digər dövlətlərin köməyi olmadan öz qüvvələri tərəfindən nəzarət edilir, o zaman təbii ki, əməliyyat başa çatacaq və bütün qoşunlar çıxarılacaq”. Göründüyü kimi, Tokayevin bir azdan verəcəyi güman olunan açıqlaması Rusiyanın bu arqumentini ortadan qaldıracaq. Sözügedən açıqlamadan sonra KTMT “sülhməramlıları”nın Qazaxıstandan çıxmasına ümid edilir.

 

Qeyd edək ki, Rusiya əslində Qazaxıstanın işğalı planında öz məqsədinə çatmış sayılır. Məqsədlərdən biri Qərb dünyası və ABŞ-la yaxın münasibətlər quran Nazarbayev komandasını iqtidardan uzaqlaşdırmaq və bunun yaradacağı reaksiyaları ortadan qaldırmaq idi. Tokayevin sosial etirazları əsas gətirib ilk addım olaraq Nazarbayevin təsir dairəsində olan hökuməti istefaya göndərməsi bu mənada təsadüfi deyildi. İstefa qərarından sonra daha da böyüyən iğtişaşların qarşısını almaq naminə KTMT-yə müraciət etməsi isə qazax liderinə öz rəqiblərinə verdiyi göz dağı və beynəlxalq birliyə hansı tərəfdə dayandığını göstərmək üçün lazım idi. Qazaxıstanda tamamilə Moskvadan asılı olan hakimiyyətin bərqərar olmasından sonra Rusiya qoşunlarının bu ölkədə qalması Kreml üçün əlavə baş ağrısına çevrilməkdən başqa heç nə gətirməyəcək. Odur ki, Qazaxıstanda konstutision düzənin qurulduğunu bəyan edib öz qınına çəkilmək Moskvanın atacağı ən doğru addım olardı. Görünür, Qərb ölkələri də buna inandığından hələ ki, Qazaxıstanın işğalına adekvat cavab verməyib, sadəcə müxtəlif səviyyələrdə danışıqlar aparmaqla kifayətləniblər. Mümkündür ki, danışıqlarda Putin administrasiyası da onları iğtışaşları yatırdıqdan sonra Qazaxıstandan çıxacağına inandırıb. KTMT-nin hərbi müdaxilə barədə verdiyi qərarda əməliyyatın “qısa müddətliyinə” xüsusilə eyham vurulması da bundan qaynaqlanmış ola bilər.
 
Moskvanın Qazaxıstan əməliyyatında ikinci məqsədi bir neçə gündən sonra NATO ölkələri və ABŞ-la başlayacaq görüşlərdə öz “qırmızı cizgiləri” məsələsində nə qədər qətiyyətli davranacağını göstərmək idi. Qazaxıstan əməliyyatı ilə əslində bu məqsədə çatıldı və Rusiyanın post-sovet məkanlarında əsas silahının hakimiyyətlərin zülmündən narazı qalan xalq kütləsi olduğunu nümayiş etdirildi. Etiraf edək ki, demokratiyanı bəhanəyə çevirən Qərb həqiqətən də bu “silah” qarşısında acizdir və bir zamanlar eyni “silah”dan öz istifadə edib post-sovet məkanında rəngli inqilablar törətmək istəyirdi. Dolayısıyla öz qurduğu oyunun qaydaları ilə indi barışmaq məcburiyyətindədir.


 
Rusiyanın yanvarın 10-da və 12-də NATO və ABŞ-la aparacağı danışıqlara Qazaxıstanın işğalı faktı ilə getməsi qarşı tərəflə uzalaşmaq mövqe sərgiləməsi mənasına gəlir və bu radikal mövqe danışıqlarda hər hansı ortaq məxrəcə gəlməyi mümkünsüzləşdirir. Moskva həqiqətən də bu danışıqlarda səmimidirsə, sözsüz ki, vəziyyəti mürəkkəbləşdirməməlidir. Danışıqlar isə ABŞ-dan və Avropadan daha çox Moskvaya gərəkdir. Çünki bu görüşlərdən effektli qərarlar çıxmasa, Rusiya çox ağır iqtisadi sanksiyalarla üzləşəcək. Nəticəsiz danışıqlar Rusiya üçün iqtisadi qiyamətin başlanğıcı sayıla biləcək SWIFT-dən çıxarılma ehtimalına da gündəmə gətirə bilər. Rus rəsmiləri nə qədər SWIFT-ə alternativ ödəmə sistemi yaratdıqlarını və ya yaradacaqlarını bəyan etsə də, bu sistemin aktiv dövriyyəyə girməsi illərlə vaxt aparacaq. Rusiya iqtisadiyyatı isə beynəlxalq ödəniş sistemi olmadan illərlə duruş gətirəcək gücdə deyil. Deməli, özünü daha ciddi risklərə atmadan əsas iqtisadi tərəfdaşı olan Qərb dünyası ilə ümumi dil tapmağa çalışmalıdır. Ən azı, “Şimal axını-2” layihəsinin alternativi sayılan “Sibir gücü-2” kəmərini işə salana qədər. Bu kəmərin aktiv hala işləməsi isə 2025-ci ildən tez başa gəlməyəcək.
 
Bütün bunlar Rusiyanın qısa müddət ərzində Qazaxıstandan çıxmasını şərtləndirən başlıca amillərdəndir.


Ana səhifəyə qayıt        Baxış: 5 194          Tarix: 7-01-2022, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma