Ukraynanın müdafiə naziri Aleksey Reznikov Müdafiə Nazirliyi tərəfindən hərbçilər üçün gödəkçələrin alınması ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o, “RBK Ukrayna” agentliyinə müsahibəsində danışıb.
Reznikov istefa verməsi üçün bir şərt irəli sürüb. Hətta məlumatı yayan jurnalist Mixail Tkaç və Ali Radanın Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Komitəsinə rəhbərlik edən deputat Anastasiya Radinaya mərc təklif edib.
“Müdafiə Nazirliyinin, həqiqətən də, qış gödəkçəsi əvəzinə 180 min yay gödəkçəsi aldığı ortaya çıxarsa, mən istefa məktubu yazıram, lakin 180 min qış gödəkçəsinin tədarük edildiyi üzə çıxarsa, deputat Anastasiya Radina istefa verəcək, jurnalist Mixail Tkaç isə 3 il jurnalistika fəaliyyətini dayandıracaq”, - deyə, nazir bildirib.
Bundan əlavə, Reznikov Radanın parlament etika komitəsini və Jurnalist Etikası Komissiyasını bu mərcdə arbitr olmağa dəvət edib.
Müdafiə naziri bəyanatını digər KİV-lərə də göndərib.
Qeyd edək ki, bu günlərdə Ukrayna Müdafiə Nazirliyi Türkiyənin “Vektor avia hava araçları” şirkətindən hərbçilər üçün qış gödəkçələrini şişirdilmiş qiymətə aldığı barədə məlumat yayılıb. İstintaqın məlumatına görə, gödəkçələrin çatdırılma zamanı qiymət 3 dəfə artıq verilib. Bundan əlavə, media Türkiyədən Ukraynaya qış gödəkçələri deyil, yay gödəkçələri göndərildiyini yazıb.
Paylaş: