Rus qoşunları Donbassın Pervomayskoye kəndinə daxil olublar.
Ovqat.com Almaniyanın “BILD” qəzetinə istinadən xəbər verir ki, Ukrayna qüvvələri bir sıra xətlərdə geri çəkilmək məcburiyyətində qalıb.
Alman ekspert Julian Röpkenin fikrincə, Rusiya qoşunları Donetsk vilayətindəki Pervomayskoyeyə girərək kəndin 40%-ni işğal ediblər.
Eskpert yazır: “Rusiya işğalçı qüvvələri (yavaş-yavaş) Pervomayskiyə doğru irəliləməyə davam edir və indi Donetskin qərbindəki kiçik kəndin (əvvəllər 2200 sakini) qalıqlarının təxminən 40%-ni nəzarət altına alıb”.
Ukraynada artıq rus qoşunlarının irəliləməsi ölkənin hərbi rəsmilərini də hərəkətə keçirib. Ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov vəziyyətlə bağlı həyəcan təbili çalıb. O, Ukrayna Silahlı Qüvvələrinin yaxın vaxtlarda Qərbdən silah almayacağı təqdirdə müstəqilliyini itirəcəyini bildirib.
Bundan əvvəl “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia ABŞ-ın yardımı gecikdirəcəyi təqdirdə Ukraynanın daxili resursları hesabına 2 ay uzana biləcəyini iddia etmişdi. Danilov isə media açıqlamasında bildirib ki, “əgər tərəfdaşlar yaxın gələcəkdə silah verməsələr, hər şey daha tez mürəkkəbləşəcək”.
Danilov iddia edir ki, Rusiyanın İran və Şimali Koreyadan silah tədarükü zənciri döyüş meydanında “bəzi” dəyişikliklərə səbəb olub. O, həmçinin aydınlaşdırıb ki, Ukrayna heç bir halda dayanmayacaq və öz ərazilərini müdafiə etməyə davam edəcək, çünki başqa alternativ yoxdur.
Danilov əmindir ki, Birləşmiş Ştatlar tezliklə Ukraynaya lazımi yardım paketini təsdiq edəcək, çünki bir neçə məsələ təhlükə altındadır: Ukraynanın müstəqilliyi, Qərbin imici və həmrəyliyi.
“Ümid edirik ki, tərəfdaşlarımız müstəqilliyimizin, eləcə də bütün Qərbin imicinin, nüfuzunun və birliyinin təhlükə altında olduğunu başa düşəcəklər...”, - deyə o yekunlaşdırıb.
Qərb mediasının iddiasına görə, Zelenskinin hərbi rəhbərliyi dəyişdirməsi qərarı da Ukrayna ordusunun mənən çöküşünə səbəb olub.
Paylaş: