“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzulla Seyidov mayın 22-də axşam saatlarında ev dustaqlığına buraxılıb. O, hazırda evindədir”.
Strateq.az xəbər verir ki, bu barədə Mirfeyzulla Seyidovun vəkili Cavad Cavadov “Amerikanın Səsi” radiosuna bildirib.
Vəkilin sözlərinə görə, mayın 22-də Nərimanov Rayon Məhkəməsi müdafiə tərəfinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətini təmin edib.
“İctimai dəstəyə görə hüquq-müdafiə təşkilatlarına, mediaya, bütün insanlara təşəkkürümü bildirirəm. Bizim müraciətə müsbət cavab verildiyinə görə, Baş prokurora təşəkkür edirəm”, – vəkil qeyd edib.
Ancaq mayın 21-də Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı Mirfeyzulla Seyidov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişməmişdi. Vəkili Seyidovun müdafiəsindən ötrü hüquqi addımların davam etdiriləcəyini bildirmişdi.
Cavad Cavadov həmçinin vurğulamışdı ki, Mirfeyzulla Seyidov bir neçə gün öncə 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasından tibb hissəsinə köçürülüb.
Müdafiəçiləri hesab edirdi ki, Seyidovun vəziyyətinin yaxşılaşmasından ötrü onun tibb hissəsinə köçürülməsi yetərli deyil, müxalifətçinin azad olunması lazımdır: “Onu həftədə üç dəfə dializ proseduruna aparırlar, hər prosedur 4 saat davam edir. Sonra özünə gəlmək üçün daha 4 saat xəstəxanada qalmalı olur. Seyidov həm də diabet və hipertoniya xəstəsidir”.
Bir həftə əvvəl isə vəkil Baş prokurora müraciət edərək, həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş etmişdi.
Paylaş: