Xəbər lenti

ABŞ-da mənzillənmiş və əsasən enerji sahəsində informasiya mübadiləsi həyata keçirən S&P Global şirkətinin verdiyi xəbərə görə, Cənub Qaz Dəhlizinə ABŞ-ın İrana qarşı sanksiyalarından istisna olunmaq icazəsi verilib.

Ekspertlər bunu ildə 10 milyard kubmetr Xəzər qazını Türkiyə və Cənubi Avropaya nəql edəcək lahihə üçün uğur hesab edirlər.

Bu barədə sərəncamın prezident Donald Tramp tərəfindən imzalandığı xəbər verilir.

Xəbərdə deyilir ki, Azərbaycanın “Şahdəniz” qaz yataqlarının işlənməsi üçün sanksiyalardan istisna olunmaq hüququnu BP şirkəti almağa çalışırdı.

Bu layihə ona görə ABŞ sanksiyalarının təhlükəsi altında idi ki, İranın NICOşirkəti bu layihədə 10 faiz paya malikdir.

ABŞ-ın noyabrın 4-dən qüvvəyə minəcək sanksiyaları ABŞ-ın maliyyə sistemindən istifadə edən şirkətlərə İranla biznesi qadağan edir. İran neftinin idxalından asılı olan ölkələr ABŞ-dan istisna hüququ almaq üçün səylərini davam etdirirlər.

Bu da xəbər verilir ki, Trampın avqustun 6-da imzaladığı istisna sərəncamı BP-nin Şimal dənizindəki “Rum” yatağına şamil edilməyəcək. Burada da İranın Milli Neft Şirkətinin şərikliyi var. BP-nin ötən il bu yatağı “Serica Energy” şirkətinə satmaq barədə saziş imzalaması da ABŞ sanksiyalarından kənarda qalmaq məqsədi güdür.

Xəbərdə deyilir ki, Trampın sərəncamında konkret olaraq Şahdənizin adı çəkilmir və söhbət yalnız “təbii qaz layihəsindən” gedir. Buna baxmayaraq, sərəncamda əsas olaraq “İran Təhlükəsinin Azaldılması və Suriya İnsan Haqları Aktı” 2012-ci il tarixli ABŞ qanunu göstərilir. Artıq bu qanunda kokret olaraq “təbii qaz yataqlarının inkişaf etdirilməsinə və qazın Azərbaycandan Türkiyə və Avropaya nəqlinə” sanksiyalardan güzəşt nəzərdə tutulur.

Londonda mənzillənmiş “Argus Media” enerji informasiya saytı yazır ki, ABŞ-ın İranın enerji sektorunu hədəfləyən sanksiyalarından Azərbaycanın “Şahdəniz” yatağından qazın nəqlinə istisna veriləcək.

Qanunda deyilir ki, bu qaz kəməri Türkiyə və Avropanın enerji təhlükəsizliyini gücləndirməli və Rusiyadan enerji asılılığını azaltmalıdır.

ABŞ-ın İrandan neft alan ölkələrə qarşı sanksiyaları qlobal bazarda neft təchizatını günə bir milyon barrel azaltmalıdır.

ABŞ hökuməti dünya ölkələrini İrandan neft idxalını sıfra endirməyi tələb edir, lakin Vaşinqton işarə edib ki, bu sanksiyalardan bir sıra zəruri istisnalar mümkündür.

Azadlıq Radiosu

 




Ana səhifəyə qayıt        Baxış: 545          Tarix: 8-08-2018, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma