Xəbər lenti

“Əl-Cəzirə”

 

Camal Xaşuqci təxminən 30 illik karyerası sayəsində öz nəslinin ən görkəmli Səudiyyə Ərəbistanı jurnalisti və ərəb siyasi şərhçilərindən biridir.

1958-ci ildə Mədinə şəhərində anadan olmuş Xaşuqci bir zamanlar Səudiyyənin kral ailəsinə yaxın olub, xanədanın regional və daxili siyasətini tənqid edərək, ölkə gündəminin sərhədlərini genişləndirən islahatçı kimi tanınıb.

Gənc Xaşuqci jurnalistika təhsilini ABŞ-ın İndiana Universitetində alıb və ingilis dilində nəşr edilən “Saudi Gazette”-nin müxbiri kimi işə başlayıb.

1987-ci ildən 1990-cı illərə qədər Londonda çıxan, Səudiyyə Ərəbistanına məxsus “əş-Şərq əl-əvsət” və “əl-Həyat” qəzetlərində işləyib.

Xaşuqci 1990-cı illərdə Əfqanıstan, Əlcəzair, Küveyt və bütövlükdə, Yaxın Şərqdə baş verən hadisələrin şərhi ilə ən yaxşı şəkildə tanınıb. O, hələ “əl-Qaidə” qrupunun lideri olanadək Üsamə bin Ladenlə bir neçə dəfə görüşüb.

1999-cu ildə Xaşuqci Səudiyyə Ərəbistanının “Arab News” qəzetinin redaktor müavini təyin edilib və bu vəzifədə dörd il işləyib. “Al-Watan” qəzetinin baş redaktoru kimi növbəti vəzifəsi 2003-cü ildə cəmi iki ay davam edib. Onun “redaksiya siyasəti” bəzi şəxslərin xoşuna gəlməyib.

Daha sonra jurnalist Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri və 2005-ci ildən 2006-cı ilin sonuna qədər ABŞ-da Səudiyyə səfiri vəzifəsini icra edən şahzadə Turki bin Feysəlin media məsləhətçisi olub.

Xaşuqci 2007-ci ildə “Al-Watan”-ın redaktoru vəzifəsinə bərpa edilib, lakin 2010-cu ildə yenidən “Səudiyyə cəmiyyətində müzakirələrin sərhədlərini genişləndirdiyinə görə” işdən çıxarılıb. Həmin ildə Xaşuqci şahzadə əl-Vəlid bin Talalın sahibi olduğu və Bəhreynin Manama şəhərindən fəaliyyət göstərən “Al-Arab” xəbər kanalının baş meneceri vəzifəsinə təyin edilib. Kanal 2015-ci ilin fevral ayında işə başlamasından bir gün sonra bağlanıb. Səbəb bəhreynli bir müxalifətçinin mavi ekrana çıxarılması olub.

Xaşuqci bir sıra Səudiyyə və ərəb kanallarında siyasi şərhçi kimi çıxış edib.

 

Susmaq əmri

 

Məhəmməd bin Salmanın (MBS) becid yüksəlişindən sonra Xaşuqci tacdar şahzadənin siyasətini tənqid edib, xüsusilə islahat vədləri həbs və repressiya dalğasına çevrildikdə.

Şahzadələr, tanınmış iş adamları, fəallar və ruhani liderlər MBS-dən qurtula bilməyiblər.

Xaşuqci yazılarında söz azadlığını müdafiə edib və 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı tərəfindən “Müsəlman Qardaşlar”ın terrorçu kimi səciyyələndirilməsinə qarşı çıxıb.

O, “Twitter”-də yazıb: “Bir müddətdir ki, islahatlara, dəyişikliklərə, “Ərəb Baharı”na və azadlığa inanan, dini və ölkəsi ilə qürur duyan hər kəs “Müsəlman Qardaşlar”ın düşüncəsinə təəssübkeşlik edir”.

Xaşuqcinin krallıqda varlığı daha təhlükəli hala gəlib, nəticədə, “susmaq əmri verildiyi” üçün o, Vaşinqtona köçüb.

Eyni ayda, o, “The Washington Post”-da ölkəsini tənqid edib: “Səudiyyə Ərəbistanı həmişə bu cür repressiv ölkə olmayıb”.

Məkkə əyalətinin qubernatoru şahzadə Xalid əl-Səudun “Twitter”-də tənqidi onu qəzəbləndirib. “Bizim rəhbərliyimiz sizə və məsləhətlərinizə ehtiyac duymur”, – deyə Səud ailəsinin üzvü Xaşuqciyə cavab yazıb.

Bir neçə aydan sonra, dekabr ayında “Əl-Həyat” qəzeti onunla olan münasibətini sona çatdırıb və Xaşuqcinin “Səudiyyə Ərəbistanı əleyhinə olan baxışları” ucbatından yazılarının dərcini qadağan edib.

 

Səudiyyə siyasətinin tənqidi

 

Vaşinqtonda yaşadığı müddətdə, Xaşuqci insan haqları və azadlıqlarını müdafiə etmək üçün geniş fəaliyyətə qatılıb.

“The Washington Post” qəzetinin köşə redaktoru kimi yeni vəzifəsində Xaşuqci, Rusiya prezidenti Vladimir Putinə bənzəyən MBS-nin tənqidini daha çox səsləndirib.

Mayın 21-də “The Washington Post”-dakı köşə yazısında o yazıb: “Biz neçə-neçə çərək əvvəl bu məsələləri həll etmək üçün cəsarət göstərən səudilərə heç bir istinad etmədən, ictimai islahatlar vəd edən tacdar şahzadəni tərifləməliyik?”

“Bizdən siyasi azadlığa dair ümiddən imtina etməyi və yalnız tənqidçilərin ailələri deyil, həm də özlərinin həbsi və səyahət qadağalarından danışmamağı xahiş edirlər”.

Xaşuqci Livanın baş naziri Səəd Haririnin Riyadda müəmmalı istefası, eləcə də Yəmən müharibəsində Səudiyyənin rolu ilə əlaqədar MBS-ni dürüstlüyə səsləyib.

2018-ci ilin sentyabrında “Səudiyyə Ərəbistanının tacdar şahzadəsi ölkəsinə qürurunu bərpa etməlidir” başlıqlı məqaləsində o, “Yəməndə üç ildən artıq davam edən müharibə nəticəsində yaranan zərərə görə krallığı məsuliyyətə” çağırıb.

Bundan sonra Səudiyyə Ərəbistanının Kanada ilə insan haqları mövzusunda ixtilafını tənqid edib.

 

Səudiyyə konsulluğundan yoxa çıxma

 

Oktyabrın 2-də Xaşuqci İstanbula uçub və xanımı Xədicə Cengizlə nikahını təsdiqləyən sənədləri əldə etmək üçün Səudiyyə konsulluğuna daxil olub, sonra yoxa çıxıb.

Türkiyə polisinin rəyincə, Xaşuqcu öldürülüb. “Reuters” agentliyinə verdiyi məlumata görə, cinayət sonrası cəsəd konsulluqdan çıxarılıb.

Digər tərəfdən, İstanbuldakı Səudiyyə konsulu Məhəmməd əl-Utəybi deyib:“Camal Xaşuqci konsulluqda və ya Səudiyyə Ərəbistanında deyil”.

Bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamada deyib ki, dipmissiyanın girişlərinə aid bütün videokameralar və uçuş marşrutları təhqiq olunacaq.

Ərdoğan deyib: “Mən məsələni izləyirəm və biz dünyaya məlumat verəcəyik. İnşallah, istəmədiyimiz bir vəziyyətlə üzləşməyəcəyik, hələ də buna ümid edirəm”.

 

Həmkarların rəyi

 

“The Washington Post” Xaşuqcini “öz sahəsində və ölkəsində ən görkəmli mütəfəkkirlərdən biri” adlandırıb.

“Post” yazarı Ceyson Rezaian həmkarı barədə yazıb ki, Xaşuqci oxuculara“dərin mənalı şərhlər və ölkə haqqında kəskin tənqidlər təqdim edib”.“Tənqidə baxmayaraq, Camal bu məqamda daima Vətəninə sevgisini və geri dönmə arzusunu izhar edərək, Səudiyyə Ərəbistanının daha yaxşı durumda olacağına inandığını təkrarlayıb”.

Xaşuqcinin redaktoru Karen Attia: “Biz bu məsələni diqqətdə saxlayacağıq”.

“Middle East Eye”-ın baş redaktoru David Hirst, Xaşuqcini “sədaqətli səudiyyəli” adlandırıb. “O özünü dissident saymırdı”.

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 660          Tarix: 8-10-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma