Ermənistan parlamentinin Araşdırma Komissiyası bu ilin sentyabrından 2016-cı ilin aprel döyüşlərinin nəticələrini araşdırmağa başlayacaq.
“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, məsələni araşdırmaq üçün komissiya üzvlərinin təcrübə və bilikləri yetərincə deyil. Ona görə də araşdırmalara peşəkar hərbçilər cəlb olunacaq.
Qəzet yazıb ki, 1992-1995-ci illərdə Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi və müdafiə nazirinin müavini vəzifələrində çalışmış 83 yaşlı Norat Ter-Qriqoryans da dəvətlilər arasındadır. Ancaq o, komissiyanın işində iştirak etmək üçün şərt irəli sürüb: “Komissiya səhv edənləri həbs etmək və ya həbsxanaya atmaq üçün yaradılıbsa, mən bu işə qatılmayacağam. Yoxsa, adamlar savaşa getməz, deyər ki, özünüz gedin. Ancaq araşdırmada məmnuniyyətlə iştirak edərəm”.
Qeyd edək ki, parlamentin Araşdırma Komissiyasının qərarı hüquqi qüvvəyə malik olacaq.
Xatırladaq ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Paylaş: