Xəbər lenti


Politoloq: “Artıq ox yaydan çıxıb, kim kimin yanındadır, bəllidir”

Rusiya 1993-cü ilin mayında çıxarılan ordusunu yenidən Azərbaycan ərazisində yerləşdirməyə çalışır, özü də müxtəlif adlarla. Elə bu günlərdə məlum oldu ki, Moskvada humanitar atəşkəsin əldə olunması ilə nəticələnən –erməni tərəfinin əməl etmədiyi atəşkəsdən söhbət gedir – danışıqların 11 saat çəkməsi də əsasən, sülhməramlıların Qarabağ bölgəsində yerləşdirilməsi planı ilə əlaqədar olub.

Sonradan Rusiya tərəfi etiraf etdi ki, Moskva və İrəvanın razı olduğu bu təşəbbüsə Bakı etiraz edib. Azərbaycan prezidenti isə açıq şəkildə bəyan edib ki, Azərbaycanın razılığı olmasa, heç bir ölkənin sülhməramlıları ölkəmizin ərazilərində yerləşdirilə bilməz.

Qeyd edək ki, Prezident İlham Əliyev  “Haber-Türk”ə müsahibəsində bu məsələ ilə bağlı prinsipial mövqeyini açıqlamışdı.


Sitat: “İlk növbədə, onu bildirməliyəm ki, sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Həmçinin sülhməramlıların göndərilməsi və sülhməramlıların tərkibi. Yəni orada kim olacaq, hansı ölkələr olacaq? Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir”.

Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayarkən yenə bu barədə danışıb. “Danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənstan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə, regionun statusunun müəyyən edilməsinə qədər 5 rayondan çıxarılmasını nəzərdə tutur. Daha sonra Ermənistan Ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Bütün bu müddət ərzində bölgədə sülh sülhməramlılar tərəfindən həyata keçiriləcək”,- deyə Lavrov deyib.

O, münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini də təklif edib. Amma nazir bunun hər iki tərəfin razılığı ilə gerçəkləşə biləcəyini əlavə edib. “İndi son baş verən qanlı toqquşmalar danışıqlar prosesini sürətləndirməklə paralel təhlükəsizlik məsələlərini də həll etməyə imkan verəcək”,- deyə Lavrov əlavə edib.

Rusiya XİN başçısı həmçinin, Ankaranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Moskva tərəfindən qəbul edilmədiyini də bildirib. Lavrov Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanla Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramovun qatıldığı 11 saatlıq Moskva danışıqlarını Vladimir Putinlə sıx əlaqədə apardığını da vurğulayıb. Sülhməramlılarla bağlı planın Putinə məxsus olduğuna şübhə yoxdur.

15 oktyabrda isə məsələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti sammitinin gündəminə çevrilib. KTMT Baş katibi Stanislav Zasın sözlərinə görə, iclasda Dağlıq Qarabağ, Qırğızıstan və Belarus məsələsi müzakirə edilib. (Axar.az) Zas, həmçinin Cənubi Qafqazda bir-birilə mübarizə aparan tərəflər arasında dialoqun bərpa olunması üçün işin aparıldığını bildirib. O, bu regionda sülhməramlılarla bağlı müzakirənin aktiv şəkildə aparıldığını deyib.  

Rusiya diplomatiyasının rəhbəri S.Lavrov da hesab edir ki, Qarabağdakı siyasi həll razılaşmaların icrası ilə paralel getməlidir. Moskva hesab edir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları olmalıdır, lakin son söz münaqişə tərəflərinə aiddir. “Həmsədrlərin işlədiyi və işləməyə davam etdikləri təkliflər danışıqlar masasında qalır. Onların məzmunu artıq məlumdur. Bu, Qarabağın təhlükəsizlik zəmanətlərinə riayət edərkən və Qarabağın son statusu müəyyənləşmədən əvvəl etibarlı bir əlaqə təmin edərkən Qarabağ ətrafındakı bölgələrin mərhələli, tədricən azad edilməsidir. Ermənistan və Qarabağ”,- deyə Serqey Lavrov
Rusiya jurnalistlərinə verdiyi müsahibədə bildirib. “Qarabağda sülhməramlıların yerləşməsi yalnız Ermənistanla Azərbaycanın razılığı halında mümkündür”. Bunu isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Birinci məsələ budur ki, mübarizə aparan tərəflər buna hazırdırlarmı? İstənilən sülhməramlının yerləşməsi yalnız tərəflərin razılığı ilə mümkündür”, – deyə o bildirib.

Qeyd etdiyimiz kimi, Lavrov da deyib ki, münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini təklif ediblər. Amma nazir bunun hər iki tərəfin razılığı ilə gerçəkləşə biləcəyini əlavə edib. Hərbi müşahidəçi nə deməkdir? Onlara hansı mandat verilə bilər ki, “münaqişəni həll etsinlər?” Sual olunur, əslində Rusiya Qarabağa hərbi müşahidəçi, yoxsa əsgər göndərmək istəyir? Azərbaycan hazırda vəziyyəti öz xeyrinə dəyişib, düşmən aman diləmək üzrədir. Belə olan halda sülhməramlıların bölgəyə gəlişi Ermənistana nəfəs dərmək və işğalı davam etdirmək fürsəti yaradardı. Təbii ki, Bakı bunu nəzərə alır və xalq da buna heç zaman razılaşmaz.


Politoloq Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, əslində Putin bir tərəfdən Nikol Paşinyanı cəzalandırmaq və erməni cəmiyyətinə dərs vermək istəyirdi: “Demək istəyirdi ki, siz Rusiyasız heç kimsiniz, Rusiya olmasa, Azərbaycan sizi məhv edər. Eyni zamanda, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, müəyyən güclər ermənilər vasitəsilə öz maraqlarını həyata keçirməkdədirlər. Ona görə də, müəyyən dərəcədə Ermənistan cəmiyyətini qorxutmaq məqsədinə çatan Moskva, status - kvonun tamamilə dəyişməməsi naminə fəal şəkildə atəşkəsin bərqərar olması üçün ciddi şəkildə diplomatik fəaliyyətə başlayıb. Moskva görüşündə əsas məqsədlərinə nail ola bilməyən Kreml Gəncəyə, Mingəçevirə, Tovuza qarşı hücuma sanksiya verərək Azərbaycana siqnallar vermək istədi. Artıq ox yaydan çıxıb, kim kimin yanındadır, bəllidir. Onların əsas məqsədi mülki əhalini vuraraq Azərbaycan ordusunu Ermənistan ərazinə istiqamətləndirmək, nəticədə bəhanə kimi rus ordusunu regiona daxil etməkdir”.

Rusiyanın bir tərəfdən atəşkəsin əldə olunması üçün çalışması, digər tərəfdən də Ermənistan XİN rəhbərini Moskvadan silah-sursatla yola salmasına gəldikdə, Z.Məmmədov dedi ki, bu, ikili oyunun məntiqi nəticəsidir: “Mnatsakanyanın və ümumilikdə bu son günlər müxtəlif vəzifəli ermənilər tərəfindən VİP reyslər vasitəsilə, eyni zamanda mülki təyyarələrlə Ermənistana ağır texnikaların daşınması beynəlxalq hüququn pozulması ilə yanaşı, Moskvanın əslində kimin yanında olduğunun bariz göstəricisidir. Bu, Azərbaycanı qəti addımlar atmağa sövq edir”. Politoloq qeyd etdi ki, BMT - nin 51 -ci maddəsi özünü müdafiə məqsədilə Ermənistana raket zərbələri endirilməsindən tutmuş, sərhəddi keçərək bizim suverenliyimizə təhdidi aradan qaldırmağa da imkan verir. KTMT nin 4 cü bəndində də BMT nin 51 ci maddəsinə istinad var. Bu isə, hüquqi cəhətdən Ermənistanın hərbi - siyasi tərəfdaşlarının düşmən ölkəni müdafiə etməsini inkar edir. Azərbaycan da öz hüququndan istifadə edib torpaq bütövlüyün təmin etmək üçün hərəkətə keçib. Dünya dövlətləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdiyi üçün Azərbaycan ordusuna təşəkkür etməlidir…
    
“Ermənistan hökumətinə və Ermənistan xalqına açıq şəkildə mesaj ünvanlamışam ki, azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaq”. Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tvitter səhifəsində qeyd edib. Bu, faktiki olaraq Ermənistana “təslim ol” mesajıdır. Belə olan halda hansısa sülhməramlıya ehtiyac qalmır, işğala son qoyduqdan sonra Azərbaycan özü bölgədə sülhü təmin edəcək...






Ana səhifəyə qayıt        Baxış: 2 343          Tarix: 15-10-2020, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma