Xəbər lenti
Dünən, 21:48
Dünən, 17:26
15-01-2025, 23:34
15-01-2025, 21:40
15-01-2025, 20:37
15-01-2025, 19:28
15-01-2025, 18:23
15-01-2025, 17:30
15-01-2025, 16:14
15-01-2025, 16:00
“Həm əhalinin sayına, həm ərazisinin böyüklüyünə, həm də iqtisadi gücünə görə bizdən müqayisəolunmaz dərəcədə böyük olan ABŞ-da 15 nazirlik missiyası yerinə yetirən departament var. Bizdə isə nazirliklərin sayı 17-dir. Sözsüz ki, bu qədər nazirlik bizim ölkəmizin nə büdcəsinə, nə də idarəetmə ehtiyacına uyğundur”.
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a Azərbaycanda struktur islahatları aparılması ehtimalını şərh edərkən belə deyib.
Vergilər və Əmlak Məsələri üzrə Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi ilə optimallaşdırma siyasətinin digər strukturlarda da davam edirilməsini vacibliyini düşünən İlyas İsmayılova görə, bir çox nazirliklərin daxilində yaradılan bəzi idarələr də var ki, bu da başqa orqanların funksiyasını yerinə yetirir: “Məsələn, Dövlət Gömrük Komitəsində Əməliyyat və İstintaq Baş İdarəsi mövcuddur. Eyni idarə Ədliyyə Nazirliyində, DİN-də, Baş Prokurorluqda, hətta Vergilər Xidmətində də var. Belə çıxır ki, bu komitə və nazirliklər törətdikləri cinayətləri ancaq özləri araşdıra bilərlər. Yəni özləri əkib, özləri biçirlər. Bu da istintaq işinin obyektivliyinə kölgə salır. Hesab edirəm ki, bütün komitə və nazirliklərdəki bu funksiyalar eyni mərkəzdə birləşdirilməli və yeni yaradılacaq Baş İstintaq İdarəsi heç bir nazirlikdən asılı olmamalıdır”.
İlyas İsmayılov hesab edir ki, təkcə istintaq funksiyası nazirlik və komitələrin əlindən alınmaqda qalmamalı, bəzi dövlət qurumlarının müxtəlif funksiyaları bölüşdürülərək başqa qurumlara birləşdirilməlidir: “Ümumiyyətlə, bir çox nazirliklər də arabanın 5-ci təkərinə bənzəyir və onları ləğv etmək dövrün tələbinə çevrilib.Təcrübələr göstərir ki, idarəetmə mexanizmi nə qədər mürəkkəbləşərsə, süründürməçilik və mənasız bürokratizmə bir o qədər münbit şərait yaranır. Bu həm də rüşvətxorluğun və korrupsiyanın çiçəklənməsi deməkdir”.
Partiya sədri ləğv olunmasını və ya digər qurumlara birləşdirilməsini ön gördüyü bəzi addımları da sıralayıb: “Fikrimcə, Təbii Sərvətlər və Ekologiya Nazirliyinin funksiyası iki yerə bölünməli, qurumun bir hissəsi KTN-ə, digər hissəsi Energetika Nazirliyinə birləşdirilməlidir. Çünki ekologiyanı kənd təsərrüfatından, təbii sərvətləri isə Energetika nazirliyindən ayırmaq böyük qəbahətdir. Ona görə ki, bizim ölkənin əsas təbii sərvəti elə enerji resurslarıdır. Digər təbii sərvətlərimiz əlvan və qara metallurgiya sahələridir ki, eyni nazirliyin bazasında yaradılacaq yeni şöbələrdə bu sektorları birləşdirmək olar. Yaradılacaq yeni qurum isə Energetika və Təbii Sərvətlər Nazirliyi adlandırılmalıdır”.
O ki qaldı Kənd Təsərrüfatı Nazirliyinə, İlyas İsmayılovun fikrincə, ekologiya sahəsi ilə yanaşı, Su-Meliorasiya İdarəsini də ona birləşdirmək lazımdır: “Çünki aqrar sektorun əsas komponentlərindən biri su və meliorasiya tədbirləridir. Bu nazirlikdən həmin funksiyaları almaqla onu Su-Meliorasiya Komitəsindən asılı vəziyyətə sala bilərsən. İstənilən an sözügedən komitə KTN-nin işini pozmaq imkanına malik olar və ya sözügedən iki qurum məhsuldarlığın azalmasında bir-birini günahlandırmaq fürsəti qazana bilər. Bu cür ehtimallara yol verməmək üçün aqrar sektorla bağlı bütün fəaliyyətlər bir nazirliyin tərkibində birləşməlidir”.
Həmsöhbətimizin fikrincə, İdman və Gənclər Nazirliyini də saxlamaq yersizdir. Bu qurumun da bəzi funksiyalarını Təhsil, bəzi funksiyalarını isə Səhiyyə Nazirliyinə birləşdirmək lazımdır.
“Ləğv ediləcək digər qurum isə Dövlət Gömrük Komitəsi olmalıdır. Onun səlahiyyətləri də Vergilər Xidməti ilə bərabər Maliyyə Nazirliyə həvalə edilməlidir.
Ciddi struktur islahatları aparılacaq digər sahə Diaspora ilə iş Komitəsidir. Ümumiyyətlə, bu qurumun fəaliyyəti şəxsən mənə aydın deyil. Fikrimcə, sözügedən komitə XİN-nin səlahiyyətlərinə aid işlərlə məşğuldur. Diaspora Komitəsi ləğv edilib funksiyası XİN-ə verilməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməlidir, - İlyas İsamyılov belə fikirləşir.
Partiya sədri Fövqəladə Hallar Nazirliyinin ayrıca qurum kimi saxlanılmasına da qarşısıdır. Onun fikrincə, bu nazirlik bir çox funksiyaları, DİN-nə, DTX-nə və s. qurumlara verilməklə ləğv olunmalı, bir çox xarici ölkələrdə olduğu kimi, onun yerinə Böhranı İdarəetmə komissiyası yaradılmalıdır.
İlyas İsmayılov Baş nazir vəzifəsinin də saxlanılmasına qarşıdır: “Bəlidir ki, Prezidentlik vəzifəsi icraedici hakimiyyət qolunun rəhbəri deməkdir. Hər bir hakimiyyət qoluna da bir nəfər rəhbərlik etməlidir. Prezidentlik üsulu ilə idarə olunuruqsa, Baş nazirə nə ehtiyac var? Üstəlik, həm Baş nazirin, həm də Prezidentin onlarla köməkçisi, şöbə müdirləri, müşavirləri və s. kadrları mövcuddur. Bunlar isə ya arabanın 5-ci təkərinə çevrilir, ya da məşhur təmsildə deyildiyi kimi, hərəsi başqa tərəfə çəkərək, “araba”nın hərəkətini ləngidir”.
Partiya sədrinin fikrincə, təkcə Nazirlər Kabinetinin strukturunda 20 ədəd “5-ci təkər” var:
“Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri - Rüfət Məmmədov,
Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi -Ələsgər Ələsgərov,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri - Hikmət Xəlilov,
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini -Natiq Məmmədov,
İqtisadiyyat şöbəsinin müdiri - Azər Əmiraslanov,
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri - Zakir Paşayev,
Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri - Ruslan Rüstəmli,
Hüquq və qanunvericilik şöbəsinin müdiri - Xalid Qasımlı,
Sosial məsələlər şöbəsinin müdiri -Niyazi Rəhimov,
Humanitar məsələlər şöbəsi -,
Sənaye və energetika şöbəsinin müdiri- Elşən Hacızadə,
Aqrar və ekologiya şöbəsinin müdiri - Lətif Qasımov,
Regionların inkişafı şöbəsinin müdiri - İlkin Məcidov,
Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri - Feyruz Mustafayev,
Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri - Musa Pənahov,
Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri - Anar Məmmədov,
Ümumi şöbənin müdiri - Asəf Həsənov,
Azərbaycan Respublikası Baş nazirinin köməkçisi -Mehman Tağıyev,
Azərbaycan Respublikası Baş nazirinin köməkçisi -
Fəxri İsmayılov,
Mətbuat xidmətinin rəhbəri - İbrahim Məmmədov. Bir də bu siyahıya Baş nazirin özünü əlavə etsək, olar 20”.
Həmsöhbətimiz paralel strukturların bənzərinin və hətta daha genişinin Prezident Administarasiyasında da müşahidə olunduğunu düşünür və Nazirlər Kabineti instututunun tamamilə ləğv olunmasını təklif edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər