Xəbər lenti
 
 
Qarabağ məsələsi öz həllini tapıbsa, o zaman Rusiya sülhməramlıları orada nə gəzir?”
 
Ovqat.com xəbər verir ki, Ermənistan Milli Məclisi sədrinin müavini, hakim “Mülki Müqavilə” partiyasının nümayəndəsi Akop Arşakyan Sputnik Ermənistan -a müsahibəsində belə deyib.
 
Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ məsələsi həll olunub” iddiasına münasibət bildirən Arşakyan daha sonra öz ritorik sualını da cavablandırıb:
 
“Əslində sual belədir - Rusiya kontingenti münaqişə həll olunana qədər orada qalmalıdır. Dağlıq Qarabağdakı vəziyyət rus sülhməramlılarının orda olmasını tələb edir”.
 
 Göründüyü kimi, Rusiya ordusunun “sülhməramlı adı altında Qarabağı işğal etməsi və öz boynuna götürdüyü öhdəlikləri yerinə yetirməməsi, əksinə münaqişəni yenidən qızışdırması, ən əsası isə rəsmi Bakının, problem qarşılıqlı anlaşma şəraitində çözülsün deyə buna səbrlə yanaşması İrəvanda da bu cür haqlı sualların yaranmasına gətirib çıxarır.



Bununla belə, Akop Arşakyan yəqin unudur ki, Moldova, Gürcüstan, Ukrayna kimi ölkələrin də ərazilərində rus “sülhməramlı”ları var və onlar bizdən fərqli olaraq həmin bölgələrə heç bir dəvət almadan giriblər. Yəqin ki, Azərbaycan da həmin ölkələrdə olduğu kimi, Qarabağın rus işğalına məruz qalacağına əmin olduğundan və problemin həllində dialoqa yer qoymaq istədiyindən 10 noyabr Bəyanatına imza atıb və üzərindən 1 il keçməmiş bunun ağır nəticələri ilə qarşılaşıb. Son zamanlar Azərbaycan Müdafiə Nazirliyinin verdiyi bəyanatlar, Prezident İlham Əliyevin “CNN-Türk”ə dünənki müsahibəsi də rəsmi Bakının rus “sülhməramlı”ları ilə uzağa gedə bilməyəcəyini anladığını göstərir. Ümidvarıq ki, ölkə rəhbərliyi yaxın günlərdə rus “sülhməramlı”larının əslində işğal ordusu olduğunu açıq şəkildə bəyan edəcək və onun dərhal Qarabağdan çıxarılması üçün müvafiq addımlar atacaq. Nəticədə hətta İrəvanı belə “narahat edən” yaranan haqlı suallar öz cavabını tapacaq.
 
Rus “sülhməramlı”larının Qarabağdan çıxarılmasının yolları, əlbəttə, vardır. Ümidvar olmaq istərdik ki, ölkə rəhbərliyi Azərbaycanın hərbi müttəfiqləri ilə bu barədə müzakirələr aparır və yaxın zamanlarda bu istiqamətdə atılacaq konkret addımların şahidi olacağıq.


 
Sözsüz ki, Rusiyanın işğalçılıq siyasətinin cavabı Qarabağdan əvvəl Bakıda verilməli, Moskvanın paytaxtımızda yerləşdirdiyi “Troya atları” (adına adətən “5-ci kolon” deyirlər) tamamilə zərərsizləşdirməli, sapı özümüzdən olan baltaları yetişdirən rusdilli məktəblər bağlanmalı, hibrid savaşlarının əsas silahı sayılan media qurumları ələkdən keçirilməli, şimal qonşumuzla siyasi-iqtisadi-ticari əlaqələrə yenidən baxılmalı, Qərb ölkələri ilə inteqrasiya prosesi gücləndirilməlidir. Məhz arxadan alacağımız bu kimi zərbə ehtimalları tam zərərsizləşdirildikdən sonra Qarabağın rus işğalından qurtarılması yollarını gözdən keçirmək olar.
 
Ovqat.com
  


Ana səhifəyə qayıt        Baxış: 6 056          Tarix: 15-08-2021, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma