Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox önəmli açıqlamalar verdi. Türkiyə hökumət toplantısından sonra efirə çıxan Ərdoğan İsrailin dövlət ağlını itirdiyini, terror təşkilatı kimi mülki şəxsləri qətlə yetirdiyini vurğulamaqla, Fələstin-İsrail Sülh Konfransının çağırılmasını təklif etdi. Bildirdi ki, belə bir addım atılarsa, Türkiyə də həmin missiyanın yerinə yetirilməsində müəyyən məsuliyyətlərin altına girə bilər.
Ərdoğan bu təklifi ilə nə demək istəyir? Bu, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsində qarantor dövlət kimi iştirak etmək iddiasıdırmı?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Türkiyənin İsrail-Fələstin münasibətlərinin tənzimləməsində qarantor dövlət kimi çıxış etmək niyyəti ilk dəfə ortaya atılmayıb:
Bundan əvvəl AK Partiyanın parlament qrupundakı çıxışında da Ərdoğan eyni təklif irəli sürmüşdü. “Qarantorluq məsələsini real həll üçün ən təsirli metod hesab edirik. Siyasi və hərbi varlığımızla Fələstin tərəfinin qarantı olmağa hazırıq. Biz Fələstin-İsrail sülh konfransını təklif edirik. Hər iki tərəfin bizim xüsusilə də qarantorluq təklifimizin həyata keçirilməsinə yönəlik addımlara ehtiyacı var”, - deyə Ərdoğan bildirmişdi.
-Elədirsə, bir başqa sual ortaya çıxır: İsrailə qarşı kəskin mövqe tutan Türkiyənin bu təşəbbüsü beynəlxalq birlik tərəfindən necə qarşılana bilər? Qarantor dövlətin tərəfsiz olması gərəkli deyilmi?
- Qarantorluq üçün bitərəf mövqe tutmağa ehtiyac yoxdur. Biz də bəzən vasitəçiliklə qarantorluq məfhumlarını qarışdırılır. Belə ki, beynəlxalq hüquq normalarına görə, ədalətli vasitəçilik üçün tərəfsizlik şərti tələb olunur. Yəni vasitəçi qismində çıxış etmək istəyən istənilən üçüncü tərəf mütləq bitərəf olmalıdır. Əks halda, tərəflərdən biri onun vasitəçilik təklifini qəbul etməz, nəticədə, bu təşəbbüs ölü doğulmuş ideyaya çevrilər. Bundan fərqli olaraq, qarantorluq iddiasını ortaya qoyan şəxs aparılacaq danışıqlarda mütləq hansısa tərəfin mövqeyini müdafiə etməlidir. Yeri gələndə onun adından danışmaq səlahiyyəti qazanmalıdır. Əks halda, kiminsə adından danışa və üzərinə hansısa məsuliyyət götürə bilməz. Açığı, Rəcəb Tayib Ərdoğan ilk gündən İsrail əleyhinə mövqe sərgiləməsinin əsas səbəbi də bu idi. Məqsəd Fələstin tərəfinin onun qarantorluğunu rahat şəkildə qəbul etməsi və ona öz adından danışmaq səlahiyyəti verməsinə nail olmaq idi. Bu mənada Türkiyənin İsrailə qarşı sərt mövqeyinin Tel-Əviv tərəfindən yanlış anlaşılacağından və bunun tərəflər arasındakı münasibətlərə xələl gətirəcəyindən, nəticədə Bakı-Tel-Əviv münasibətlərinin də bundan mənfi yöndə təsirlənəcəyindən çəkinənlər yanılırdılar. Əksinə, daimi sülhə nail olmaq üçün Türkiyə kimi bir dövlətin üzərinə məsuliyyət götürməsi həm Fələstin, həm də İsrail üçün məqbuldur. Türkiyənin qarantorluq sahəsində ciddi təcrübəsi var. Bunun ən bariz nümunələrindən biri kimi, Naxçıvan və Acariyanı göstərmək olar. Moskva və Qars müqavilələrində Naxçıvan və Acariyanı Rusiyaya vermək məcburiyyətində qalan Türkiyə onların etnik yapısının dəyişdirilməməsi üçün üzərinə müəyyən zəmanətlər götürmüşdü. SSRİ dövründə Naxçıvanın dəfələrlə Ermənistana verilməsi nəzərdən keçirilsə də, Türkiyə ilə bağlanmış müqavilələrin şərtləri bu planın həyata keçirilməsinə mane olmuşdu. SSRİ dağıldıqdan sonra Acariyada da Gürcüstanın digər iki muxtar respublikası (Abxaziya və Cənubi Osetiya) kimi separatizm bayrağı qaldırılsa da, Moskva tərəfindən ilhaq olunmamışdı. Əksinə, Saakaşvilinin 2004-cü ildə hərbi müdaxiləsi ilə Acariyanın separatçı lideri Aslan Abaşidze hakimiyyətdən uzaqlaşdırılsa da, bu diyar öz muxtariyyətini qoruya bilmişdi. Bütün bunlar təbii ki, Türkiyənin qarantorluğu sayəsində mümkün olmuşdu. Əks halda Acariya da Rusiyanın təsir dairəsinə düşə və Abxaziya kimi erməniləşdirilər, ya da Cənubi Osetiya kimi Rusiyanın ucqar əyalətinə çevrilərdi. Türkiyənin qarant durduğu digər ölkə Şimali Kiprdir. Türkiyənin Şimali Kipr üçün hansı riskləri gözə aldığını hər kəs bilir.
Fələstinin ən böyük problemi Türkiyə kimi qarant ölkə tərəfindən himayə olunmamağıdır. Fələstinə indiyədək zaman-zaman Misir, Suriya, İordaniya və İraq kimi dövlətlər qahmar çıxıb. Amma bu ölkələrin hamısı son anda İsraillə anlaşıb, Fələstinı yarı yolda buraxıb. Fələstinə indi guya İran və ona bağlı proksi qüvvələr himayədarlıq edirlər. Hazırda İrandan və onun proksilərindən də ciddi bir dəstək görməyən Fələstin liderləri incikliklərini açıq şəkildə dilə gətirirlər. Bu yaxınlarda HƏMAS liderindən Musa Əbu Mərzuq Əl-Cəzirəyə açıqlamasında İranın adını çəkməsə belə, ona bağlılığı şübhə doğurmayan “Hizbullah”dan gözləntilərini dilə gətimişdi
“Hizbullahdan və İordan çayının qərb sahilindəki qardaşlarımızdan çox şey gözləyirdik. Fələstin muxtariyyətindəki qardaşlarımızın münasibətindən də utanırıq. Bir çox əcnəbilər bizə Fələstin administrasiyası və bəzi ərəb ölkələrinin gizli şəkildə Qərbi “Həması aradan qaldırmağa" çağırdığını eşidirik”, - HƏMAS lideri bildirmişdi. İranın dini hakimiyyətinin rəsmi media qurumu olan “Keyhan” qəzeti sanki bu incikliyə cavab məqaləsində açıq şəkildə Fələstin üçün İsraillə savaşa girməyəcəklərini yazıb. Məqalədə vurğulanırdı ki, İslam İnqilabının prinsipi xalqların oyanması və güclənməsinə əsaslanır, azad olmaq istəyən, lakin əvəzində müharibəyə getməyən hər bir məzlum milləti dəstəkləyir və gücləndirir. Və məhz bu strategiya Amerikanın Qərbi Asiya regionunda İrana qarşı müxtəlif ssenarilərini neytrallaşdırıb. İran Fələstin məsələsinə görə İsrailə hərbi müdaxilə etməyəcək.
Fələstin bu gün hər kəs tərəfindən tərk olunub. İndiki şəraitdə Qərb dünyası ilə lazım gələndə çəkinmədən mübahisələrə girməyi, həm də uzlaşmağı bacaran Türkiyə kimi havadara ehtiyaca var. Prinsipcə, İsrail üçün də Türkiyə ilə uzlaşmaq daha rahatdır. Hər halda Türkiyə və İsrail arasında uzaq keçmişə söykənən düşmənçilik yoxdur. Əksinə, tarixin bir çox məqamlarında türklərlə yəhudilər arasında yaxın münasibətlər olub. Türklər hətta yəhudilərin özlərini belə dəfələrlə himayə altına alıblar. Üstəlik, Türkiyə bu sülh prosesinə qarantorluq edərsə, Fələstin tərəfindən İsrailə qarşı planlaşdırılan təxribatların da qarşısını ala bilər. Nəticədə həm fələstinlilər, həm də israillilər güvən içərisində yaşayıb, bir-biri ilə yaxın iqtisadi-siyasi münasibət qura bilərlər.
Heydər Oğuz Türkiyənin, böyük ehtimalla Misiri də öz tərəfinə çəkib onunla bərabər Fələstini qarantiya altına alacağına inandığını deyib:
- İsrailin də böyük ehtimalla, ABŞ və Böyük Britaniya tərəfindən himayə olunacaq. Yəqin ki, Ərdoğanın təklif etdiyi Fələstin Sülh Konfransında İsraili ABŞ və Böyük Britaniya himayə edəcək. Bu mənada Ərdoğanın məlum çıxışından sonra ABŞ Dövlət katibi Blinkenin yaxın günlərdə Türkiyəyə səfərə gələcəyinin açıqlanması təsadüfi deyil. Zənnimcə, bu səfər çərçivəsində bir sıra məsələlərlə yanaşı İsrail-Fələstin problemi də masaya yatırılacaq.
İsrailin son hərbi əməliyyatlarda dalana dirəndiyini deyən Heydər Oğuz fikrini belə əsaslandırıb:
-Düzdür, İsrail indiyədək 9 mindən artıq fələstinlini qətlə yetirib, amma bu, HƏMAS-ın hərbi qüdrətini nəinki azaltmayıb, hətta mən deyərdim ki, daha çox artırıb. Çünki öz xalqının adından savaşan HƏMAS kimi təşkilatların sosial bazası mənsub olduqları toplumlardır. Bu toplumlar nə qədər çox əzilsələr, üzləşdikləri haqsızlıqların qisasını almaq istəyənlərin sayı bir o qədər artar. Məhz bu səbəbdən də Qəzzaya atılan hər mərmi HƏMAS-ın sıralarını genişləndirir. Üstəlik, İsrail ordusunun HƏMAS-a zərbə vurmaq imkanları da yoxdur. Çünki bu təşkilat tunellərdə gizlənir və məqam yetişən anda tunellərdən çıxıb düşmən üzərinə hücuma keçir. Belə hərbi qüvvələri yalnız tunellərə girərək zərərsizləşdirmək olar. Tunellərə girən nizami ordular isə assimetrik döyüş aparan qüvvələrə qarşı bütün üstünlüklərini itirirlər. Tunelləri daha yaxşı tanıyan, onun içərisindəki hücrələrdə gizlənib ovunu gözləyən tərəf daha avantajlı duruma düşür.
Təsadüfi deyil ki, İsrailə köməyə gələn ABŞ generalları Tel-Əvivi bu bataqlığa girməməyi məsləhət verərək geri qayıtmışdılar. Fikrimcə, İsrail də getdikcə, Qəzza bataqlığına qərq olduğunu anlayır və sonunda Türkiyənin sülh təklifi ilə razılaşmalı olacaq.
-Bəs, Türkiyənin təklif etdiyi Fələstin Sülh Konfransı tərəflərə hansı formatda ortaq məxrəcə gəlməyi məsləhət görəcək?
- Fələstin-İsrail danışıqlarının formatı çoxdan bəllidir. 1990-cü illərdə tərəflər 2 dövlətli həll prinsipində razılaşmışdılar. O razılaşmanın həyata keçməməsinin səbəbi Fələstini o vaxt müdafiə edən tərəfin – SSRİ-nin dağılması oldu. Daha sonra HƏMAS-ın ortaya çıxması ilə əldə olunan razılaşma da bağlanıb arxivə atıldı. Yenidən bu prinsip üzərində razılığa gəlmək mümkündür və hətta yeganə yoldur. Ona görə ki, həm İsrail, həm də Fələstin arasında düşmənçilik son həddə çatıb. Onların vahid dövlət əsasında birləşməsi mümkün görünmür. Digər tərəfdən indiki şəraitdə fələstinlilərlə yəhudilərin sayları da bir-birinə bərabərdir. Yaxın gələcəkdə demoqrafik üstünlük fələstinlilərin tərəfinə keçə bilər. Bu da İsrail dövlətinin ərəbləşməsi deməkdir. İki dövlətli çözümdə isə gələcək qarşıdurmaların kökündən həll etmək olar.
- Fələstin xalqının iki fərqli məkanda məskunlaşması və aralarında hər hansı torpaq bağının olmaması onun özünü ayrıca dövlət kimi bəyan etməsinə nə dərəcədə zəmin yaradır?
-Coğrafi bütövlüyün olmaması dövlətləşmə prosesində ciddi problem yaradır. Qəzza zolağının Misirə, İordan çayının qərb sahillərinin İordaniyaya verilməsinin gündəmə gələ bilər. Zənnimcə, indiki şəraitdə ən uyğun çözüm yolu budur. Amma bunu gərək fələstinlilərin özləri də qəbul edə. Əks halda İsrail-Fələstin konfliktinin qarşısını almaq mümkün olmayacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: