Nemət Pənahlı: “Azərbaycan, ya da Türkiyə bu ixtiralara sahib çıxsa, 15 ilə Yaponiya ilə də, Almaniya ilə də, yəhudi ilə də rəqabət imkanında olarıq”
Nemət Pənahlı ilə budəfəki söhbətimiz tamam başqa bir sahədəndir. Bu dəfə ixtiradan, kəşflərdən, elmdən danışırıq. O da tam təsadüfi bir ziyarətdən qaynaqlandı. Soyuq qış günlərinin birində Nemət Pənahlının evinə getdim. Bizim tez-tez qarşılıqlı çay süfrəsi ətrafında millətin və dövlətin taleyindən söhbətlərimiz olur. Belə söhbətlərdən birində Nemətin evində bir qızdırıcı soba gördüm və bu haqda dərhal bir canlı yayınla söhbət etdik. Bu söhbət ictimaiyyətdə şimşək effekti verdi və bir neçə dəfə mövzuya qayıtmalı olduq.
Söhbətləşdikcə söhbətin sadəcə bəsit bir soba ilə kifayətlənmədiyini gördüm. Söhbət daha dərin idi. Söhbət Azərbaycan İxtiraçılar Birliyinə və onların həllini gözləyən ciddi problemlərinə qədər gedirdi və Nemət Pənahlı ilə bu söhbəti etməyə qərar verdik. Bu söhbət o söhbətdir. İxtiraçılıqdan, əslində dünya millətlərinin əksəriyyətinə qadağan olunan bir sahədən danışmaq elə də asan deyil. Hələ bu qadağanın burnumuzun dibinə qədər gəldiyini görmək və hadisələrin canlı şahidi olmaq adamın bağrını partladır. Bizə də qadağan olunub ixtiraçılıq. Bizim də elmimizin başı qatışdırılıb. Ciddi işlərlə dünyanın ciddi millətləri – ya da özünü elə hesab edənlər məşğul olmalıdır. Söhbətlərdən belə çıxdı.
Nemət Pənahlı məni uzun illər bundan əvvəl də İxtiraçılar İttifaqının sədri Tofiq İmaməliyev adlı bir adamla tanış etmişdi. İndi də görüşdük Tofiq müəllimlə. Elə söhbətlər açıldı ki, matım-qutum qurudu. Təkcə sadə bir soba məni heyrətləndirmişdi, amma Nemət Pənahlı və Tofiq İmaməliyevlə söhbət həm də düşündürdü. Gör iş nə yerdədir ki, bu ölkədə Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının, Rəssamlar Akademiyasının binaları təmir olunur, onların hər işi təşfiq olunur, dövlət büdcəsindən onlara pul ayrılır, amma İxtiraçılar İttifaqına nəinki yardım göstərilir, hətta əlindən qərargahı alınır. Və bu boyda Birlik küçələrə tökülür. Təkcə bu fakt göstərir ki, İxtıraçılıq bizə qadağan olunub. Dünyanın bəzi işlərini görən millətlər bu sahəni bizə qadağan etdirib tamamilə unutdurmaq istəyir. Ona görədir bu qurumun qərargahının əlindən alınıb, əməkdaşlarının küçələrə tökülməsi…
Menyüdə isə çox şey var. Sobadan ən müasir silahlara, ağır xəstəliklərin və yanıqların sürətlə sağalmasından daha nə qədər yeni-yeni ixtiralara. İndi Azərbaycan ixtiraçıları ümidlərini tamam üzüblər Azərbaycan hakimiyyətindən. Cəmiyyətin digər bir çox nümayəndələri kimi onlar da üzlərini Türkiyəyə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana tutublar. Çünki Türkiyənin yeni siyasəti ixtiraya və ixtiraçılığa qapılarını taybatay açıb. Nə həzindir ki, son zamanlara qədər ixtira Türk milləti üçün də qadağan olunmuş sahələrə aid idi. Ancaq görünür ki, Türkiyə o qabıqdan çıxır. Gələcəyin necə olmasından asılı olmayaraq, Türkiyədə şiddətli bir müqavimətin olduğu hiss olunur, ancaq nə yazıqlar olsun ki, bunu bizdə görmək mümkün deyildir!
Beləcə, bu dəfə Nemət Pənahlı ilə ixtiraçılıqdan və bu sahədəki problemlərdən danışacağıq. Nemət danışdıqca təəccüblənməmək mümkün deyil. Hələ savaşın qızğın zamanında yeni silah növlərinin istehsalı və onun hətta sınaqdan çıxarılması mümkün olub. Amma zamanın baş nazirləri projenin qarşısını alıblar. Sürət Hüseynov “bizə silah istehsalı lazım deyil”, Fuad Quliyev isə “mənim dərdim 5-6 milyon pul yığmaqdır, hökumət yoxdur” sözləri ilə məsələyə nə qədər dırnaqarası baxdıqlarını göstəriblər. Vəssalam. Bu da belə…
Yenə də çox maraqlıdır bu müsahibə. Azərbaycanın ən zor günlərinin tarixidir həm də. Buyurun, İxtiraçılar İttifaqının adlarından danışmaq səlahiyyəti verdikləri Nemət Pənahlının ixtiraçılıq haqqında dediyi qandondurucu gerçəkləri dinləyin…
“Sözüm var” layihəsində Nemət Pənahlıdır…
Əvəz Zeynallı
“Sözüm var”
II – sonuncu hissə
– Mən tutdum ki, Ərdoğan məsələni dərk edib
– Bu gün divin canı ixtiraçılıqdadır
– Türkiyə rəzalət və səfalət içində idi. Ərdoğan Türkiyəni o rəzil durumdan dünyaya meydan oxuyacaq duruma gətirdi. Nəyin hesabına?
– Sinanla Süleyman bir araya gəlməsə, heç nə alınan deyil
– Azərbaycan ixtiraçılarının adından danışıram, əldə 100-lərlə ixtiralarımız var.
– Yazıçılar İttifaqının, Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının – hamısının binası da var, büdcəsi də. Amma İxtiraçılar İttifaqının binasını nəinki özlərinə vermədilər, balanslarına keçirmədilər, binalarını əllərindən aldılar.
– Allah Namiq Abbasova ömür versin, o zaman Namiq Abbasova çıxdım, dedim ki, İxtiraçılar İttifaqının binasını əllərindən alırlar, bu, Azərbaycanın beyninin, idrakının axtalanması deməkdir. Namiq müəllim dayaq çıxdı, arxa oldu, imkan vermədi ki, bunların yerləri əllərindən alınsın
– 1988-ci ildə mən həbs ediləndə mənim tərcüməçim olan İsmayıl Bağırov indi Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavinidir
– İxtiraçılar İttifaqının binasını Əmlak Komitəsinin əli ilə alıb Dini Komitəyə verdilər
– Allahşükürə bu qədər yer azlıq edirdi ki, İxtiraçılar İttifaqının binasını da ona verdilər?
– Azərbaycanın neftindən və təbii sərvətlərindən 100 qat böyük sərvət var – intellektual sərvət. Bunu da tökdülər bayıra. Ona görə də mən ümidimi itirmişəm.
– Ərdoğan 10-ca il də bu istiqamətdə Türkiyəni aparsa, Türkiyəyə artıq qalib gəlmək mümkün deyil. Bütün oyunlar onun üzərində qurulub ki, Türkiyənin bel sütunu sındırılsın
– İstifadə etdiyimiz əlifba latın əlifbası deyil
– Bu gün Türkiyə Akop Dilaçarın yaratdığı əlifba ilə yaşayır
– Tofiq İmaməliyev “İnkişaf Əlifbası” adlı əlifba hazırladı
– Tofiq İmaməliyev 60-70 düyməli klaviaturanı 8 düyməyə endirdi – 8 düyməli klaviatura ixtira etdi
– Buradan Rəcəb Tayyib Ərdoğana müraciət edirəm: “Türk Dünyasında ən yüksək səviyyəli ixtiraçılıq Azərbaycandadır və nəticələr var. Bu nəticəni reallaşdırmaqdan ötrü hazırıq – heç olmasa Türkiyə bizə sahib çıxsın!”
– Bu gün ya Azərbaycan dövləti, ya da Türkiyə bu ixtiralara sahib çıxsa, bunun arxasında dayansa, maksimum 15 il içərisində Azərbaycan Yaponiya ilə də, Almaniya ilə də, yəhudi ilə də rəqabətə girmək imkanında olar
– İntellektual sərvət istifadə edildikcə artan sərvətdir
– Dünyanı idarə edən 2 super dövlətin kosmik tədqiqatlarla bağlı sahəsinə rəhbərlik edən 2 şəxsin ikisi də azərbaycanlı idi – Lütfi Zadə və Kərim Kərimov
– Ərdoğana əminliklə deyirəm ki, Azərbaycanda olan ixtiraçılar Amerikada və Avropada olan ixtiraçılardan geridə deyil
Paylaş: