Xəbər lenti

 
Şair-publisist Heydər Oğuzun dünyada və ölkəmizdə baş verən son hadisələrlə bağlı Moderator.az-a veridiyi müsahibənin II hissəsini təqdim edirik.
 
(Əvvəli bu linkdə
Heydər Oğuz:“Azərbaycan hakimiyyəti radikal islahatlara getməsə, bizdə də “əfqanlaşma” prosesi başlaya bilər”)
 
-Sizə elə gəlmir ki, İran və Səudiyyə Ərəbistanı kimi radikal islamçı ideyaları yayan ölkələrin təxribatlarından ən yaxşı sığortalanmağın yolu başqa mədəniyyəti əxz edən insanlar yetişdirməkdir? Elədirsə, niyə rusdilli məktəblərə qarşısınız?
 
-Rəsul Rzanın məşhur bir sözü var: 
“Sözlərin zahirən müdrikdir,
Fəlsəfən çürükdür”.

Şairin sözü olmasın, xüsusilə 19-cu əsrdə müsəlman dünyasının ağır vəziyyətini görən bir çox ziyalılarımızın başqa mədəniyyətləri əxz etmək eşqinə düşməsinin təməl fəlsəfəsinə bənzəyən bu ideyanın o qədər yanlış tərəfləri var ki, cavaba haradan başlayacağımı belə bilmirəm. Əvvəla, fars və ərəb mədəni ekspansiyasına qarşı rus qalxanı ilə çıxmağın həm praktiki, həm də nəzəri qüsurları var. Nəzəri qüsur ondan ibarətdir ki, məqsəd əgər milli kimliyi özgə təsirlərdən qorumaqdırsa, rusçuluq da bizə yad dəyərdir. Hətta ərəblərlə, farslarla tarixən paylaşdığımız ümumi dəyərlər ruslarla müqayisədə daha çoxdur.
 
 Praktiki qüsur ondan ibarətdir ki, rusçuluq və farsçılıq (yaxud ərəbçilik) Azərbaycanda bir-birini əngəlləyən dəyərlər kimi fəaliyyət göstərmir, əksinə, bir-birini dəstəkləyən, milli kimliyimizi yox etməyə çalışan iki müttəfiq kimi eyni hədəfi qarşılarına məqsəd qoyurlar. Yəni onları üz-üzə qoymaq, bir-birinə qarşı istifadə etmək  praktiki olaraq mümkün deyil.
 
Rus imperiyası 200 illik əsarət tariximiz boyu bizi bir millət kimi məhv etməyi qarşısına qoyub və bu istiqamətdə bəzi addımlar atıb. Əvvəla, millət olaraq adımızı dəyişdirib, tarixi yaddaşımızı silməyə çalışıb. İkincisi, ərazimizi paramparça edib milli-coğrafi bütünlüyümüzü sıradan çıxarıb. Azərbaycanın tarixi torpaqlarının bir qisminin başqa respublikalara verilməsi azmış kimi, Naxçıvanla Azərbaycanın digər hissəsi arasındakı ərazilərdə qondarma Ermənistan dövləti yaradılıb.  Məqsəd, sözsüz ki, bizi millət kimi yox etməyə çalışmaq olub. Çünki vahid coğrafi məkan da millətləşmə prosesinin tərkib hissəsidir və bu amili aradan qaldırsan, hissələrə bölünmüş xalqı daha rahat həzmi-rabedən keçirə bilərsən. 
 
Stalin dövründə ümumiyyətlə bütün azərbaycanlıların bu coğrafiyadan Orta Asiyaya, Qazaxıstan çöllərinə köçürülməsi belə planlaşdırılırdı, özü də bu plan təkcə bizə qarşı yox həm də digər türkdilli və müsəlman xalqlara qarşı həyata keçirilirdi. SSRİ qurulandan II Dünya müharibəsinə qədər keçən qısa zaman ərzində Krım tatarlarının köçürülməsi ilə başlayan bu plan Şimali Qafqaza qədər irəliləmişdi. Krım türkləri ilə yanaşı çeçenlər, inquşlar və digər Qafqaz xalqları öz yurd-yuvalarından didərgin salınmışdı. Onlardan sonra növbə bizə gələcəkdi. Azərbaycanı bu fəlakətdən Hitler Almaniyasının SSRİ-yə hücumu qurtardı. Bəşəriyyətə böyük zərbə vursa da, alman faşizminin rus imparializmi ilə kəllə-kəlləyə gəlməsinin bəlkə də bizim üçün yeganə müsbət tərəfi SSRİ-nin bu proyektinin qarşısının alınması oldu.  

Digər tərəfdən, rus imperializminin (əslində təkcə onun da yox, bütün müasir imperiyaların) başlıca məqsədlərindən biri milli kimlikləri silib öz kültürəl dəyərlərini müstəmləkə xalqlara təlqin edərək, ortaq mədəniyyət yaratmaqdır. Bunun ən qısa yolu isə müstəmləkə torpaqlarında imperialist dövlətin dilində məktəblər açmaq və milli təhsil ocaqlarını sıradan çıxarmaqdır. Sovet hakimiyyəti illərində Moskva bunu “sovet xalqı” yetişdirmək adıyla həyata keçirirdi. Bugünkü İran da “islam milləti” pərdəsi altında eyni siyasəti yürüdür. İstənilən imperializmin “parçala, hökm sür” strategiyasının başqa adlar altında həyata keçirmək siyasətinin əsas səbəbi odur ki, öz bətnində assimilyasiya uğratmaq çalışdığı xalqları duyuq salmasın. İngilislər də, fransızlar da, ispanlar da eyni siyasətdən məharətlə istifadə ediblər. Siz təsəvvür edin ki, əhalisinin sayına görə dünyanın 6-cı böyük dövləti olan, nüvə gücünə malik nadir ölkələrdən sayılan strateji müttəfiqimiz Pakistanın belə, iki rəsmi dili var – urduca və ingiliscə. Eynilə bir çox Afrika ölkələri də Pakistan kimi iki dillidirlər. Çünki müstəqilliklərini II Dünya müharibəsindən sonra qazanıblar. O zamana qədər isə müstəmləkəçi dövlətlərin dilində danışmağa məcbur ediliblər. Ən azı siyasi-inzibati ünsiyyət vasitələri müstəmləkəçilərin dili olub. Dolayısıyla, bütün müstəmləkəçi dövlətlər azad etmək məcburiyyətində qaldıqları ölkələri mədəni bağlarla öz təsir dairəsində saxlamağa çalışıblar. Bu gün Rusiya da keçmiş sovet respublikalarına zorla öz dilini qəbul etdirmək xəttini tutub. Post-sovet məkanının, demək olar ki, bütün ölkələrinin rəsmi olaraq iki dili var. Bunlardan biri yerli xalqların dilləri, digəri isə beynəlxalq ünsiyyət vasitəsi kimi qondarma status verilən rusca. Yəqin razılaşarsınız ki, beynəlxalq dil statusu milli dil statusundan daha böyükdür. Bu da həmin respublikaları zorla rus dilində danışmağa vadar edir. Keçmiş müstəmləkə ölkələrini mədəni bağlarla özünə bağlamağın ən asan yolu isə onlarda imperialist dövlətlərin dilində məktəblər açmaq və bu təhsil ocaqlarında yetişən nəsilləri toplumun idarəetmə orqanlarına yerləşdirməkdir. Öz milli kimliyindən uzaq salınmış imperialist zehniyyət daşıyıcılarının “5-ci kolon” adlanmasının da səbəbi budur. Bu zehniyyət daşıyıcıları xarici dövlətlərin ölkə içərisində yerləşdirdiyi legionerlərə bənzəyir. İstənilən an milli dövlətləri daxildən parçalayıb yox etmək üçün hazırlanıblar.
 
Təsadüfi deyil ki, Rusiya öz milli dəyərlərini zorla keçmiş müstəmləkələrinə qəbul etdirir. Diqqər edibsinizsə son zamanlar Qırğızıstanda, Qazaxıstanda vətəndaşdaşların sualına rusca cavab verən məmurlardan öz milli dilində danışmağı tələb edən insanları Moskva yerli rəhbərlərə təzyiq göstərərək cəzalandırmağa çalışır. Artıq bir qırğız vətənpərvərin sırf bu məqsədlə həbsə atıldığı barədə məlumatlar var. Onun həbsini Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov qırğız həmkarına telefon açaraq tələb etmişdi. Rusiya Dövlət Duması hətta post-sovet ölkələrində məmurlardan öz dilində danışmağı tələb edən insanlara qarşı bəzi sanksiyaları nəzərdə tutan qanunvericilik aktı hazırlayır. Təsəvvür edirsinizmi, sən Azərbaycanda yaşayırsan, öz dilinə hörmət göstərdiyin üçün Rusiya tərəfindən cəzalanırsan. Bəs Azərbaycanın, Qırğızıstanın, Qazaxıstanın və s. ölkələrin suverenliyi harda qaldı? Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin “ermənilərə silah satmayın” tələbinə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bir cavabı vardı – “bu bizim suveren haqqımızdır”. Suverenlik hüququnu öz sərhədlərindən kənarda iki xalqı üz-üzə qoymaq, bir-biri ilə döyüşdürməyə vadar etmək kimi anlayan bu zehniyyət dövlətlərin ən təməl haqqı sayılan öz dilində danışmaq hüququna məhəl belə, qoymaq istəmir. Halbuki, hər bir dövlət hansısa millətin təşkilatmış institutudur. Onun milli kimliyini, dəyərlərini qorumaq və inkişaf etdirməyi qarşısına məqsəd qoyur. Milli dəyərlər isə iki kateqoriyaya bölünür – stabil və dəyişkən dəyərlər. İqtisadiyyat, ərazi, pul, bayraq, hətta dövlətin adı kimi bu gün bir çoxlarımıza dövlət artributu kimi görünən dəyərlər yeri gələndə dəyişkən faktorlardır. Zamanla iqtisadiyyat qalxar, enər, hətta tənəzzülə də uğraya bilər. Bununla millətlər yox olmaz, özünü toparlayıb yenidən böyük gücə çevrilər. Necə ki, I və II Dünya müharibələrində Almaniya və Yaponiya defolt oldu, amma qısa müddət ərzində yenidən dünyanın aparıcı iqtisadiyyatlarını qurdular. Ərazilərin də artıb-azalması dövlətlərin və millətlərin mövcudluğuna o qədər də ciddi təsir etməz. Bunun ən bariz örnəyi Azərbaycandır. Ötən il 44 günlük savaşa başlayanda ərazilərimiz indikindən 20% az idi, çünki 30 il əvvəl rus-erməni qüvvələri tərəfindən işğal olunmuşdu. 44 günlük müharibədən sonra isə işğaldan azad etdiyimiz torpaqlar hesabına dövlət ərazlərimizi bərpa etdik. Amma o zaman da Azərbaycan idik, indi də. Yəni torpaqlarımızın azalıb çoxalması nəticəsində mahiyyət etibarilə ilə dəyişməmişdik. Eyni sözləri pul vahidimizə, dövlət adımıza, ordumuza da şamil edə bilərik. Vaxtilə Hindistandan Anadolu sərhədlərinə qədər dünyanın ən geniş coğrafiyasına hökm edən Azərbaycan ordusu bu gün cəmi 86,6 min km² əraziyə sıxışıb. Lakin milli kimliyimizi itirməmişik. Çünki milli stabil dəyərlərimizi qorumuşuq. Milli stabil dəyərlərin başında isə dil gəlir. Dilini, milli xüsusiyyətlərini, mədəniyyətini itirən millətlər dünyadan silinməyə məhkumdurlar...
 
-Bəy, amma tarixə böyük mədəniyyətlər bəxş edən elə millətlər var ki, bu gün dilləri yaşasa da özləri yox yoxdurlar. Məsələn, latınlar...
 
-Doğrudur. Çünki eyni imperiya ərazisində yaşadıqları digər millətlərin təsiri altında qalıb, yox olublar. Nəticədə dilləri ancaq kilsələrdə və bəzi elmi ədəbiyyatlarda yaşayır. Sizin bu arqumentiniz mənim fikirlərimi nəinki təkzib etmir, əksinə gücləndirir. Mən də onu deyirəm ki, milli stabil dəyərlərimizi qorumasaq, hansısa dilə beynəlxalq dil statusu versək, biz də tədricən öz kimliyimizi itirə bilərik. Çünki beynəlxalq dil nəticə etibarilə müstəmləkəçilərin dilini daha üstün görmək mənasına gəlir. Zamanla yeni nəsillər yalnız öz ailə və qohum ortamında danışdıqları milli dilə ehtiyac duymur və bəşəri dillə danışmağı yetərli sayırlar. Beləcə, milli kimliklərini də itirirlər. Amma dünyada öz unudulmuş dillərini kitablardan öyrənən və milli dövlətlərini quran toplumlar da var. Məsələn, yəhudilər. Vaxtilə yurd-yuvalarından didərgin salınan və hərəsi bir dildə danışan yəhudilər öz dövlətlərini qurduqdan sonra dünyanın aparıcı gücünə çevrildilər...


 
-Axı Azərbaycanda elə bir problem yoxdur. Bizim konstitusiyamıza görə, Azərbaycanın bir dili var...
 
-Konstitusiyamıza görə elədir. Bilirsiniz ki, sovet hakimiyyəti illərində 1956-cı ilə qədər Azərbaycan dili dövlət dili kimi qəbul edilmirdi. Stalin öləndən sonra Azərbaycan SSR Ali Soveti yenidən bu maddəni Konstitusiyaya saldı. Halbuki, o zamanadək həm Ermənistanın, həm də Gürcüstanın konstitusiyasında dövləti dili barədə konkret maddə vardı. Stalin hakimiyyəti zamanında (1937-ci il) Azərbaycanın konstitusiyasından bu maddənin çıxarılması da Cənubi Qafqazdan Azərbaycan kimliyinin silinməsi projesinin həyata keçirilməsindən xəbər verir. Bu gün bizdə digər Orta Asiya ölkələrindən fərqli olaraq beynəlxalq dil anlayışı konstitusiyaya salınmasa da, faktiki eyni siyasət yerinə yetirilir. Dövlət idarələrində, müxtəlif şirkətlərdə rusca bilməyənlərin işə qəbul olunmaması faktiki olaraq beynəlxalq dil siyasətinin gizli şəkildə yürüdüldüyünü göstərir.
 
Yeri gəlmişkən, Azərbaycan təkcə Cənubi Qafqazın 86,6 min km²-lik ərazisində yaşayan 10 milyonluq əhalinin dövləti deyil. Eyni zamanda qonşumuz İranda məskunlaşan 40 milyonluq cənublu qardaşlarımızın, İraqda və Suriyada yaşayan türkmanların dövlətidir. Biz öz milli kimliyimizi qoruyaraq, həm də onların gələcəyinin təminatçısına çevrilməliyik. Bu, bizim dövlət kimi müqəddəs borcumuzdur. Vaxtilə mərhum Heydər Əliyev məhz bu məntiqdən çıxış edərək özünü 50 milyonun prezidenti sayırdı. Biz də otaylı-butaylı Azərbaycanın təmsilçisi, dövləti kimi özümüzü aparmalı və qardaş Türkiyə ilə əl-ələ verib gələcəyin ən böyük mədəniyyət mərkəzinin təməllərini atmalıyıq. Bu fikirlərim bəlkə bir çoxlarına nağıl kimi gələ bilər. Fəqət unudulmamalıdır ki, bütün reallıqlar nağıllardan doğar. Bəlkə də nağıllardakı uçan xalçalar olmasaydı, bəşəriyyət təyyarələr, raketlər kəşf edib göylərə uça bilməzdi. Böyük hədəfləri olmayan millətlər kiçilməyə məhkumdurlar.
 
-Belə çıxır ki, siz Cənubi Azərbaycan məsələsinin vaxtaşırı gündəmə gətirilməsinin tərəfdarısınız. Sizcə, bu, İranla mehriban qonşuluq siyasəti prinsipinə nə dərəcədə uyğundur?
 
-Əvvəla, mən bu ölkənin rəsmisi yox, şairi, publisistiyəm. Dövlətlərin daxili işlərinə qarışmamaq şairlərin, yazarların yox, prezidentlərin məsuliyyətinə daxildir. 
 
İkincisi, İran nə zamandan bizim “mehriban qonşumuz” oldu? 44 günlük savaşda ermənilərə maşın karvanları ilə silah göndərən sizin “mehriban qonşu” adlandırdığınız həmin İran deyildimi? İranın bu “mehribançılığı” bu gün də davam etmirmi? Təsəvvür edin, Azərbaycan rəsmilərinin dəfələrlə şifahi xəbərdarlıq etmələrinə baxmayaraq, İran bu “mehriban” əlaqələrini kəsmədiyindən XİN-miz bu ölkənin səfirini çağırıb nota vermək məcburiyyətində qaldı. Üstəlik, bu etiraz rəsmi açıqlama ilə bəyan olundu. Səfirlik isə guya, özünə yaxın mənbələr vasitəsilə İranın rəsmi saytlarına bildirdi ki, ona heç bir nota verilməyib. Faktiki olaraq, Azərbaycan XİN-ni yalançılıqda ittiham etdi. Diplomatik ritorika baxımından, bu təkzib açıqlaması, kobud desək, “mən sənin notanı hərləmirəm” mənasına gəlirdi. Yəni Ermənistana və Qarabağ separatçılarına yardımlarını davam etdirəcəyinə eyham vururdu. Özünü İslam Respublikası adlandırdığı halda, mədəniyyət, tarix ortaqlığı və s. dəyərlər baxımından ən yaxın müsəlman ölkəsinə qarşı rəsmi ideologiyasına görə “kafir” sayılan bir dövləti dəstəkləmək heç bir ölçüyə sığmır.
Bununla belə, mən “Cənubi Azərbaycanın milli haqlarına sahib çıxmalıyıq” deyəndə qətiyyən İranın parçalanmasını nəzərdə tutmuram. Ümumiyyətlə, dünyanın böyük ittifaqlara getdiyi bir zamanda bizim kiçik hüceyrələrə bölünməyimiz heç kimə fayda gətirməz. Üstəlik, İran tarix boyu türk torpağı olub, yenidən türkün olacaq. Dünyanın gedişi də bunu tələb edir. İranda yaşayan xalqları özünün köləsinə çevirmək xülyası ilə yaşayan, elə bu səbəbdən də 100 ildir ki, onu geriliyə sürükləyən fars şovinizmi öz yanlış siyasətlərindən vaz keçib vətəndaşlarına milli haqlar verməli, ölkəni hər kəsin daxilən mənimsədiyi vətənə çevirməlidir. Nə yazıq ki, İranın bu yanlış siyasəti cənubdakı qardaşlarımızı kimi, digər etnik qrupları da öz vətənlərinə sahiblik hissini öldürür. Cənubi Azərbaycandan tutmuş Xuzıstana, Bəlucistana qədər İranın ən müxtəlif yerlərində keçirilən etiraz aksiyalarında açıq şəkildə separatçı tələblərin, şüarların dilə gətirilməsi də bunu göstərir. Bütün bunların səbəbi isə İranın yürütdüyü səhv siyasətdir. Şəxsən mən regional ittifaqların tərəfdarı və İranı türk xalqlarının ana vətəni sayan bir şəxs kimi bu cür bölünmələri milli və dini dəyərlərimiz baxımından potensial təhlükə kimi qiymətləndirirəm. İranı daxilən parçalayan bu tendensiyanı isə İranın mövcud rejimi dayandıra bilər. Bu gün etiraz aksiyalarını zor gücünə yatırmağa çalışan molla rejimi Bismarkın məşhur kəlamını unutmamalıdırlar: “Bir ölkəni nizə ilə fəth edə bilərsən, amma nizə üstündə oturmaq olmaz”. İranın mövcud rəhbərliyi İslam Respublikasının necə qurulduğunu xatırlasın. 1979-cu ildə Məhəmməd Rza şah Pəhləvi də İranı silah gücünə əldə saxlayacağını düşünürdü. Amma İranda başlayan etiraz dalğası indiki Əfqanıstanda olduğu kimi bir neçə günün içində Pəhləvi səltənətini viran qoydu. Xalqın iradəsinə qarşı gedənlər bir gün mütləq onun ayaqları altında qalırlar. Mən şəxsən bunu arzulamır və Tehranın tədricən öz siyasətini dəyişdirərək zamanın tələbləri ilə ayaqlaşacağına ümid edirəm.
 
-Son zamanlar Azərbaycanın xalq şairi, deputat Sabir Rüstəmxanlının Xalq Mücahidləri Təşkilatının toplantısında iştirakı geniş müzakirələrə səbəb oldu. Hətta İran XİN Azərbaycana bununla bağlı nota verdi. Bununla bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı.
 
-Dəyərli ziyalımızın özü bu təşkilatın toplantısında niyə iştirak etməsilə bağlı suallara aydınlıq gətirib. Hesab edirəm ki, kifayət qədər haqlıdır da. Çünki hər bir ziyalı millətin vicdanı, Əhməd Cavad demişkən, “haqq bağıran səsi” olmalıdır. Sabir Rüstəmxanlı da ziyalılığına yaraşan şəkildə Azərbaycanın səsini hansısa platformada dilə gətiribsə, onu ancaq alqışla bilərəm. O başqa məsələdir ki, Xalqın Mücahidləri Təşkilatı Cənubi Azərbaycan üçün heç də yaxşı ideyalara sahib deyil və əvvəlki nüfuzu da yoxdur. Xüsusilə İran-İraq savaşında Səddam Hüseynin yanında yer almaqla öz ölkəsinə belə xəyanət edib və bu səbəbdən də populyarlığını itirib. Bununla belə, əsl ziyalı, auditoriyanın kiçikliyini-böyüklüyünü nəzərə almadan istənilən platformada öz sözünü deməlidir. Sabir bəy də bunu edib. 
 
İranın buna görə bizə nota verməsinə isə üzülməyə dəyməz. Bizim notamıza məhəl qoymayan dövlət adekvat cavaba layiqdir. Bu cavabı hökumət verə bilmirsə, xalqın vicdanı olan ziyalılar önə çıxmalı və öz sözlərini deməlidir. Çünki dövlət təkcə hökumətdən ibarət deyil. Ziyalı sözü bəzən hökumətin rəsmi bəyanatlarından daha ötkəm və təsirli olur. Sevinirəm ki, son zamanlar həm Rusiyaya, həm də İrana layiqli cavab verən ziyalılar tapılır. Necə ki, İsfəndiyar Vəhabzadə Rusiyadan gələn təhqiramiz ifadələrın payını verdi, Sabir Rüstəmxanlının da Xalq Mücahidləri Təşkilatında cənublu qardaşlarımızın sözünü deməsini şəxsən mən İranın erməni separatçılarına yardımının cavabı hesab edirəm. İran da, Rusiya da başa düşməlidir ki, Azərbaycan 1990-cı illərin başıqapazlı ölkəsi olmaqdan çoxdan çıxıb və getdikcə beynəlxalq nüfuzu, çəkisi artan dövlətə çevrilir. İstənilən dövlətə qarşı da əlində təzyiq rıçaqları, yumşaq və sərt gücü var. Kimsə Hərbi Qənimətlər Parkında sərgilədiyimiz dəmir-dümürünə güvənib həddini aşmasın.


Ana səhifəyə qayıt        Baxış: 6 726          Tarix: 21-08-2021, 09:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma