Xəbər lenti

Bir il əvvəl Rusiya Ukraynaya qarşı Kremlin “xüsusi hərbi əməliyyat” adlandırdığı, amma əslində, tammiqyaslı müharibə olan hərbi fəaliyyətlərə başladı. Bəs bu işğalın məqsədi nədir? Müxtəlif versiyalar səsləndirildi - demilitarizasiya, denazifikasiya, Donbasın qorunması... Amma ümumiyyətlə, heç kim onları başa düşmür. Bəs Moskvanın Rusiyanın nəyin uğrunda mübarizə apardığına dair anlayışı varmı?

Bu barədə rusiyalı siyasətçi, Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin keçmiş müavini, FTB-nin istefada olan general-mayoru Yevgeni Savostyanov Oxu.Az-a şərh verib.

Onun sözlərinə görə, məhz rasional əsaslar olmadığından keçən il müharibə ehtimalını 15% qiymətləndirib.

“Niyə” deyə bilərsiniz, amma “hansı səbəbə” deyə soruşa bilməzsiniz. Mən nümunələr verməyi sevirəm. Yetkinlə yeniyetmə arasındakı fərq, bilirsiniz, nədir? Yetkin insan “niyə?” deyil, “nə səbəbə?” sualını verir. Müsbət və mənfi cəhətləri, itkiləri ölçmək lazımdır. “Nə səbəbə” sualı 2014-cü ildən bəri havadan asılı qalıb. Hazırda sivilizasiya çevrilişi dövründəyik. Rusiya Avropa sivilizasiyasını tərk edib və bir növ Afrika-Asiya sivilizasiyasına doğru sürünür, Çindən tam asılı olmadan öz yerini tapmağa çalışır, lakin hələ də ÇXR-in təsir dairəsinə düşür”, - deyə o izah etdi.

Politoloq vurğulayıb ki, ABŞ-yə tabe olmağın qızğın əleyhdarı kimi çıxış edənlər ancaq buna nail oldular ki, Moskvanın Çinin təsirinə düşməsi və ona tabeçiliyi artdı.

“Beləliklə, bir daha deyirəm: “Nə səbəbə” sualına rasional cavab yoxdur. Görünür, bu, ölkənin dünyadakı rolu ilə bağlı bəzi fantom ağrıların təzahürüdür, dünyanın taleyinin müzakirəsində bərabərhüquqlu iştirak edəcək və bir vaxtlar Sovet İttifaqına məxsus olan “torpaqların birləşdiricisi”nə çevriləcək müəyyən fövqəldövləti dirçəltmək istəyidir”, - deyə Savostyanov əlavə edib.

Ekspert hərbi fəaliyyətlərdə nəticəyə baxmayaraq Moskvanın istənilən halda məğlub olduğunu bildirib.

“Təsəvvür edək ki, Rusiya öz məqsədlərinə çatdı, bütün Ukraynanı ələ keçirdi (axı yalnız bir hissəsini ələ keçirmək kifayət deyil, çünki hərbi fəaliyyətlər orada bitməyəcək). Bəs sonra? Tar-mar edilmiş və əhalisi nifrətlə dolu olan şəhərləri aldılar. Axı onların çoxu özlərini rus kimi hiss edirdi, Ukraynanın şərq vilayətlərində yaşayırdı. Ancaq bu insanların başlarına bombalar səpələndi. Hərbi əməliyyatlar məhz rus əhalinin yaşadığı ərazilərdə başladı və bu müharibədən ən çox əziyyət çəkən onlar oldular.

İkincisi, bu əhalini qidalandırmaq, şəhərləri bərpa etmək lazımdır və s. Aydındır ki, bu, Qərbdən ən ağır iqtisadi, siyasi və texnoloji təcrid vəziyyətinə düşəcək Rusiya iqtisadiyyatına güclü zərbə olacaq. Çindən asılılıq artacaq. Deməli, hətta hərbi qələbə də geosiyasi uğur gətirməyəcək. Moskva digər keçmiş sovet respublikalarını da almağa cəhd edə bilər, lakin bu, çox baha başa gələcək və onsuz da, heç nə verməyəcək.

Vaxtilə SSRİ-nin dağılmasından Rusiya, demək olar ki, bütün digər respublikalardan daha çox faydalandı, Baltikyanı ölkələri saymasaq, daha rahat yaşamağa başladı. Kremlin hazırkı ideyaları isə heç bir halda rusiyalıların həyatının yaxşılaşmasına səbəb olmayacaq”, - deyə politoloq fikrini əsaslandırıb.

Ukraynada müharibənin necə və nə vaxt bitəcəyinə gəlincə isə FTB-nin istefada olan general-mayoru döyüşlərin müxtəlif cür nəticələnə biləcəyini deyib.

“Əsl mənzərəni bilmirik, hər iki orduda insan və texnika itkiləri ilə bağlı dəqiq məlumat yoxdur. Bir şey aydındır: prinsipcə, “Ramştayn” formatı (Rusiya işğalını dəf etmək üçün Ukraynaya hərbi yardım göstərən beynəlxalq koalisiya - red.) həlledici amilə çevrilə bilər. Əgər Ukraynanı, kobud dillə desək, qabaqcıl silahlarla doldursalar, o zaman hərbi əməliyyatlar kifayət qədər tez və bir tərəfin (Ukrayna - red.) xeyrinə bitə bilər. Əgər tədarükləri dayandırsalar, o halda döyüş əməliyyatları tez başa çatacaq, amma qarşı tərəfin (Rusiya - red.) xeyrinə”, - deyə Yevgeni Savostyanov sözlərini yekunlaşdırıb.

Nair Əliyev




Ana səhifəyə qayıt        Baxış: 3 875          Tarix: 9-03-2023, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma