Bu günlərdə oxuculara daha bir ədəbi əsər - “Pərvanə ömrü” adlı tarixi roman-trilogiya təqdim edilmişdir. Əsərin müəllifi Nazim Əkbərov ixtisasca təhsil işçisidir. Ömrünün 75-ci ilinə qədəm qoyan Nazim müəllim əmək fəaliyyətinə təhsildən, məktəbdən başlamış, dövlət qulluqçusuna, hökumət üzvünədək uzun bir yol keçmişdir. Bu dövrdə qələmini də sınamış, mənəvi dəyərlərimiz, əxlaqi məsələlər, təhsil problemləri barəsində məqalələri ilə mətbuat aləminə qədəm qoymuş, iyirmiyə yaxın kitab nəşr etdirmişdir. Onun “Mənəviyyat” seriyasından üç kitabı, Qafqaz İslam ordusunun xilaskar yürüşünə həsr olunmuş “Bərabər yürüdük biz bu yollarda,” həmçinin “Ən böyük əxlaq,” “Müəllimlik sevdası,” Mənəvi qaynaqlarımızın işığında yazdığı “Yaradılışın qayəsi,” “İbadətlər” XX əsr ədəbiyyatının üç nəhəngi M.Ə.Sabir, Cəlil Məmmdquluzadə və Hüsen Cavid yaradıcılıqlarından bəhs edən “Ədəbiyyatımızın tarixi, tariximizin ədəbiyyatı” kimi kitabları, bir sıra tərcümələri oxuculara tanışdır və dəfələrlə nəşr olunmuşdur. Bu gün isə Hacı Zeynalabdin Tağıyevin həyatına dair sanballı – “Pərvanə ömrü” adlı tarixi roman-trilogiya ilə oxucularının qarşısına çıxır, onlara XIX-XX əsr ictimai, iqtisadi, siyasi tariximizin səhifələri arasında baş verənləri təqdim edir.
Oxuculara təqdim olunan “Pərvanə ömrü” adı altında təqdim edilən trlogiyanın “Dövran qəvi, tale zəbun” adlı birinci kitabı XIX əsrin ortalarındək Qafqazda və əsasən də Bakıda, Abşeronda Rusiya İmperiyasının apardığı ermənipərəst siyasət nəticəsində Bakının və onun timsalında Qafqaz müsəlmanlarının məruz qaldıqları zülmü, həyat yolunda yeniyetməlikdən gəncliyə doğru addım atan Zeynalabdinin həyatında və ətrafında baş verən fərdi, ailəvi və ictimai hadisələri sintez halında təqdim edilir. Əsərdə yeniyetməlik dövrünə qədəm qoyan Zeynalabdinin anasının vəfatı ilə başlayan hadisələr oxucunu XIX əsr Azərbaycanında baş verən hadisələrə aparır. Neft sərvəti uğrunda, “Dənizdən dənizə Böyük Ermənistan” üçün imperiyadan dəstək alan erməni iş adamlarının təşkilatlanması öz əksini tapır.
Zeynalabdinin yaşadığı XIX əsr mühiti, o cümlədən ilk məhəbbət macərasının başlanğıcı, sevgisi uğrunda təmkinli mübarizəsi, keçirdiyi psixoloji əhval-ruhiyyə, evlənməsi parlaq boyalarla əks olunur. Əsərdə milli-mənəvi dəyərlərimizi aradan qaldırmaq, xalqı kökündən ayırıb kölələşdirmək üçün aparılan dövlət imperiyalist siyasəti və onun bir qanadı olan erməni işğalçı hərəkatı və onun faciəli nəticələri gənc Zeynalabdinin həyat hekayəsi ilə paralel olaraq oxucuya təqdim edilir.
Əsərdəki obrazlar tarixi şəxsiyyətlər olmaqla yanaşı cərəyan edən siyasi-ictimai hadisələr və onların gizli-açıq mahiyyətləri də tarixi həqiqətlərlə bədii boyalarla oxuculara təqdim olunur.
Romanın dili sadə və cəlbedicidir. Obrazların bəzən mənsub olduqları dildə danışmaları, müqəddimədə isə XX əsrin sonlarında Bakıda bolşevik-imperiya siyasəti nəticəsində xalqın bir qisminin rusdilli əhaliyə çevrilməsi parlaq boyalarla əks olunur.
Oxucular hələlik roman-trilogiyanın birinci kitabının birinci cildi ilə tanış olacaqlar. Ümidvarıq ki, roman geniş oxucu kütlələrinin diqqətini cəlb edəcək, maraqla oxunacaqdır. Mən də elə bu roman-trilogiya haqqında maraqlandıqlarımı və ümid edirəm ki, sizi də maraqlandıran suallarla Nazim müəllimə müraciət edirəm.
- Nazim müəllim, Hacı Zeynalabdin Tağıyev haqqında kitab, daha doğrusu, roman, həm də trilogiya şəklndə roman yazmaq fikri haradan, yaxud nədən doğdu, niyə bu mövzuya müraciət etdiniz?
- Tariximizin bir çox mühüm sahələri kimi, XIX və XX əsr tariximizdə kapitalizmin meydana çıxması və inkişafı ilə əlaqədar olaraq Bakının və Azərbaycanın digər bölgələrində baş verən hadisələr ciddi-cəhdlə gizlədilmiş və xalqa yalan məlumatlar verilmişdir. Bu kimi hadisələr məni çoxdan düşündürür və bunları aşıqlamaq istəyi çoxdan qəlbimdə baş qaldırmışdı. Bu roman bir növ həmin boşluğu doldurmaq üçün bir fürsət oldu.
Konkret olaraq Hacı Zeyalabdin Tağıyev şəxsiyyətinə gəldikdə, mən ilk dəfə Hacı Zeynalabdin Tağıyevin adını 1967-ci ildə, Azərbaycan Pedaqoji Dillər İnstitutuna qəbul olunub birinci kursda təhsil alarkən eşitdim. Bizim institutun, bu günkü təbirlə universitetin kitabxanası iki şöbədən ibarət idi. Binanın zirzəmisində tələbələr üçün olan hissə və həmin binanın ikinci mərtəbəsində yerləşən kiçik, müəllimlər üçün nəzərdə tutulan ikinci hissə. Bu ikinci hissədə çox yaşlı, saçları ağappaq, beli bir az bükülmüş bir qadın diqqətimizi cəlb edirdi. Bütün müəllim və professor heyətinin xüsusi hörmətlə yanaşdığı bu qadın təmiz rus dilində danışırdı. O dövr üçün bu adi hal olduğundan və bizim institutda Avropa dilləri ilə yanaşı rus dili fakültəsi də olduğundan bu çox da diqqəti cəlb etməyə bilirdi. Lakin diqqəti cəlb edən bu qadının qeyri-adi aristokrat həyat tərzi və hər kəsin ona sayqı ilə yanaşması idi.
Mən bu qadının kimliyi ilə maraqlananda “Hacı Zeynalabdin Tağıyevin qızıdır,” deyə cavab verdilər. Kim idi bu Hacı Zeynalabdin Tağıyev? Yaaşdaşlarımın bir çoxu, hətta əksəriyyəti kimi mənim də bu şəxs barədə heç bir məlumatım yox idi. Əlbəttə, nə məktəbdə oxuduğumuz tarix dərsliklərində, nə də bədii ədəbiyyatda belə bir adamdan bəhs edilmirdi. Bəhs edilsəydi belə digərləri kimi kapitalist, istismarçı, düşmən kimi təqdim ediləcəkdi. Yadıma düşdü ki, uşaq ikən anamla Bakıya gəlmişdik və tarix muzeyinə getmişdik. Orada Tağıyev adlı birindən bəhs edilirdi. Amma o illərdə Tağıyev haqqında maraqlanmağa vaxt yox idi. Yenicə tələbə adını qazanmışdım və bütün fikrim qarşıdan gələn imtahanlarda idi.
Daha sonra, yenə tələbəlik illərimdə, Azərbaycanda sovet hökumətinin qurulmasının 50 illiyi ərəfəsində - 1967-ci ildə ekranlara çıxan, “Mosfilm” və “Azərbaycanfilm” studiyalarının birgə istehsalı olan, rejissor Əşdər İbrahimovun "İyirmialtılar," daha sonra isə iki seriyalı “Ulduzlar sönmür” filmlərində Zeynalabdin Tağıyev obrazı ilə rastlaşdım və diqqətimi onun Bakıda menşevik-daşnak Sentrokaspi Diktaturasının qurulmasından sonra bu bəladan xilas olmaq üçün onun və onun kimilərin Osmanlı dövlətindən yardım istəməsi və Qafqaz İslam Ordusunun gəlişi ilə Sentrokaspinin dağılması, 26 Bakı komissarlarının həbsi, güllələnməsi və s. kimi mühüm hadisələr cəlb etdi. O zamandan başlayaraq Azərbaycanın bu görkəmli şəxsiyyəti ilə maraqlanmağa başladım və qarşıma Hacı Zeynalabdin Tağıyev və onlarla Tağıyev kimilər çıxdı.
İllər keçdi. 2010-cu ildə bir nəşriyyatdan mənə Hacı Zeynalabdın Tağıyev haqqında bir kitab yazmaq təklif olundu. Onların təklifi təqribən 100-150 səhifədən çox olmayan, əsasən Tağıyevin xeyriyyəçilik fəaliyyətini işıqlandırmaqdan ibarət idi.
Həvəslə işə girişdim və... qarşıma elə faktlar, elə sənədlər, elə hadisələr çıxdı ki! Bunların hər kəsin bilməsi qənaəti mənə hakim oldu və bu faktları oxucularla paylaşmaq qərarına gəldim və uzun illərin çalışması ortaya bu roman-trilogiyanı çıxardı.
“Pərvanə ömrü” roman-trilogiyasında hadisələr Şimali Azərbaycanın Rusiya İmperiyasına ilhaq edilməsindən iki onillik sonra – 1850-ci ildən başlayıb XX əsrin üçüncü onilliyinin başlanğızınacan – 1923-cü ilədək bir əsrə yaxın bir tarixi dövrü əhatə edir. Buna görə də böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bütün bu dövr ərzində keçən mürəkkəb, ziddiyyətli və xalqın tərəqqisi naminə fədakarlıqlarla dolu olan şərəfli həyat yolu ilə paralel olaraq baş vermiş hadisələri ətraflı əks etdirmək üçün Azərbaycan nəsrində nadir rast gəlinın trilogiya formasına müraciət etdim.
İki cilddən ibarət, böyük şairimiz Məhəmməd Füzulinin məşhur qəzəllərindən birinə iqtibasən “Düşmən qəvi, tale zəbun” adlanan birinci kitab Zeynalabdin Tağıyevin yeniyetməlik və gənclik dövrünün astanasınadək olan on ili əks etdirir. On il deyirəm, amma əslində hadisələr daha əvvəl – Azərbaycanın Rusiyaya ilhaq edilməsi ilə başlayır. Bu illər o qədər zəngin hadisələrlə doludur ki, Hacı Zeynalabdin Tağıyevin 83 illik həyatının yalnız on ilini əhatə edən bu dövr üzərində daha çox dayanmaq, oxuculara o illərdə baş verən hadisələr haqqında ədəbi-bədii boyalarla məlumat vermək qərarına gəldim.
- Bu dövrün əhəmiyyəti barədə bir az məlumat verə bilərsinizmi?
- Əlbəttə. Çar Rusiyasının işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazi ikiyə bölünərək bir hissəsi Qacarlar dövləti, digəri Rusiya İmperiyası tərkibində qaldı və bu parçalanmadan sonra ərazinin müsəlmanlardan təmizlənməsi prosesinə başlanılacaqdı ki, general Sisianovun Bakının İçərişəhər qalası darvazasına yaxın bir yerdə qətl edilməsi, Şeyx Şamilin inadlı dirənişi, istilaçı rus ordusuna qarşı iyirmi il ərzində apardığı inadlı mübarizə İmperialist Rusiyanı Qafqazda möhkəmlənməsi üçün əlavə tədbirlər görməyə məcbur etdi və “təmizləmə” siyasəti təqribən bir əsr gecikdi.
İşgal etdiyi ərzilərdə idarəetməni ələ almaq və təmin etmək üçün təhkimçilik buxovunda ciddi kadr ehtiyacı içərisində çırpınan Rusiya İmperiyası yeni ərazilərdə özünü rahat hiss etmək üçün dindaşlara möhtac idi. Bu dindaşlar isə uzaqd deyildi, bir hissəsi Arazın Cənubunda, digəri Qara dənizin qarşı sahilində, Osmanlı torpaqlarında idi. Lakin onları Qafqaza gətirmək qeyri-mümkün görünürdü. Buna görə də yeni müharibələrə ehtiyac var idi. Müharibəyə girişdi, xeyli sayda erməni əhalini Qafqaza köçürə bildi və onları “Paytaxtı Bakı olmaqla dənizdən dənizə Böyük Ermənistan” dövləti vədi ilə sakitləşdirdi, ümidləndirdi. Azərbaycanın ən böyük iki xanlığı – İrəvan və Naxçıvan xanlıqları ləğv edilərək Erməni Vilayəti adlı qondarma qurum təşkil edildi. Lakin hələ Qafqazda tam möhkələnməyə macal tapmayan Rusiya İmperiyası üçün bu yalnız başlanğıc idi və bunun tamamlanması asan iş deyildi. Bunun üçün müsəlman əhali buradan yox edilməli, qalanları da xristian əhali içərisində əriməli idi. Bir sözlə, trilogiyanın birinci kitabında Zeynalabdinin yeniyetməlik və gənclik dövrü arasındakı on il bu mürəkkəb proseslərin baş verdiyi həmin on ili əhatə edir. Buna görə birinci kitab o dövr halımızı əks etdirən, böyük Füzulimizin
“Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”
beytinə iqtibasən “Düşmən qəvi, tale zəbun” adlanır.
- Maraqlıdır. Bu gün əlimizdə romanın birinci kitabının birinci cildi vardır. Yəqin ki, yaxın zamanda ikinci cild də oxuculara təqdim olunacaqdır. Bəs ikinci kitab, o hansı dövrü əhatə edir?
- İkinci kitab 1860-1901-ci illəri - Zeynalabdin Tağıyevin neft sənayesi və ticarəti işinə qədəm qoyması ilə başlayıb onun milyonçuya çevrilməsi, təkcə onun deyil, çox sayda müsəlman – azərbaycanlı neft milyonçularının meydana çıxması, kapitalist dünyasında özlərinə haqqı olan mövqeyi tutmaları, imperialistlərin bu ərazidə möhkəmlənməsi üçün apardıqları siyasət, Qafqazın və Azərbaycanın ictima-iqtisadi və siyasi simasının dəyişməsi, xalqın kölə halına salınması üçün aparılan siyasət və bu proseslər içərisində Hacı Zeynalabdin Tağlyev və onun kimi digər müsəlman milyonçuların, yeni meydana çıxan ziyalı təbəqənin milli varlığı qorumaq üçün apardığı ziddiyyətli mübarizə təsvir edilir və qız məktəbinin açılması ilə başa çatır.
Qız məktəbi Hacının idealı idi və bu uğurda canı, qanı bahasına mübarizə aparmışdı. Bununla bir çox yaraların sağalacağına ümid edirdi. Bu ümidlə XX əsrə qədəm qoyulur və burada ikinci kitab bitir. Buna görə də ikinci kitab hələlik böyük Hüseyn Cavidimizin bir şeirinə iqtibasən “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” adlanır.
Üçüncü kitab 1901-1823-cü illəri – Hacı Zeynalabdin Tağıyevin ömrünün son iki onilliyindən, bu dövrdə keçən milli qarşıdurma, inqilabi fəaliyyətlər fonunda Tağıyevin şəxsi və ailə faciələri və onların səbəbləri, Azərbaycanda meydana gələn milli burjuaziyanın və ziyalıların ziddiyyətli həyat səhnələrini əks etdirir və buna görə də hələlik şərti olaraq “Faciələrlə bitən ömür” adlanır. “Hələlik” deyirəm, çünki sabah başqa ad da meydana çıxa bilər. Amma trilogiyanın kitabları necə adlanırsa adlansın, sonda onun bütövlükdə adı “Pərvanə ömrü”dür, həyatını xalqının gələcəyinə fəda edən Hacı Zeynabdinlərin ömür hekayəsidir.
- Roman-trilogiyanın “Pərvanə ömrü” adlanması da sual doğurur. Çünki pərvanənin çox az, hətta bir gün yaşaması ilə uzunömürlü Zeynalabdin Tağıyevi əlaqələndirmək fikri harada doğub?
-Klassik ədəbiyyatımızda fədakarlığın, xüsusən də eşq yolunda, ideal yolunda fədakarlığın iki obrazı, iki metaforu vardır – biri maddi aləmə aid olan bülbüllə gülün eşqi, o biri mənəvi aləmə aid olan pərvanə ilə şamın, çırağın, odun, atəşin eşqi. Bunlardan birincisi –dünya həyatını, maddi aləmi və ondakı sevginin də maddiyyatını ifadə edir - bülbül eşqi yolunda yorulmadan, usanmadan cəh-cəh vurur, fəryad edir, naləsi ilə eşqini aləmə car çəkir.
İkincisi mənəvi aləmə daha çox yaxındır. Buradakı eşq İlahi eşqdir, “Mən yoxam, sən varsan!” eşqidir. Ölümünə fədakarlığı, ölümünə sevgini ifadə edir. Hacılar Kəbə evinin başına dönüb dolaşdıqları kimi, pərvanə də məşuqəsinin - odun, alovun başına durmadan, dayanmadan dolanır. Hətta onlardan da irəli gedir, atəşin başına dolana-dolana ona bir az da yaxın gəlir, bir az da, bir az da... ta qanadlarını oda tutuşdurub özünü atəşin içnə atıb yanıb kül olub düşənə qədər. Budur pərvanə eşqi, budur pərvanə ömrü. Şərqin böyük şairi Əsrar Dədənin dediyi kimi:
Davasını tərk etsin, bülbüldə fəda yoxdur,
Bir nöqtəci-yi eşqin pərvanədə qalmışdır.
Yaxud:
Oda yandırmasa gər şölə ilə nöh fələki,
Nə bitər atəşi-ahi-dili-suzanımdan?
(Füzuli)
Və ya:
Bilmədim kim oldu buna səbəb,
Ağladım, ümidim həba oldu həp.
Məndəki suz-i dil varmıdır əcəb
Tutuşub can verən pərvanələrdə?
(Rza Tövfiq Bölükbaşı)
Romanda da Hacı Zeynalabdini, onun müasirlərini xalqına, vətəninə eşqini pərvanənin şama olan eşqi kimi ifadə etməyə və bu eşqi bütün ömrü boyu daşıyan bir qəhrəmanı tanıtmğa çalışmışıq. Onun və onun müasirlərinin keçdiyi yolun nə qədər çətin, bu günümüzlə nə qədər bənzər olduğunu göstərmək istədik. Xələflərlə sələflərin arasında əlaqə qurmağa, körpü salmağa cəhd etdik. Bütün bunların isə yanmadan mümkün olmadığı həqiqətini göstərmək istədik. Bəxtiyarımızın dediyi kimi:
“Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək.
Onun da həyatı yanmağındadır!”, - həqiqətini aşılamağa cəhd etdik. Və bu yanmaq hekayəsini Nazim Hikmətin misraları ilə bitirmək istəyirəm:
Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq
Nasıl çıxar qaranlıqlar aydınlığa?
Deməli, yanmaq şərtdir. Biri pərvanə olmalı, özünü atəşə atıb yandırmalıdır. Yanmadan olmur bəzi şeylər...
- Nazim müəllim, böyük maraqla trilogiyanın bitməsini və oxuculara təqdim edilməsini gözləyirik. İndidən bir tarix vermək mümkündürmü?
İkinci kitab demək olar ki, bitmişdir. İndi təkrar oxunur, redaktə edilir, əyər-əskiyi düzəldilir. Ümid edirəm ki, 2023-cü ilin sonunadək ikinci kitabı da iki cild şəklində oxuculara təqdim edə biləcəyik. Üçüncü kitaba gəldikdə, əgər Allah ömür verərsə, imkan verərsə, 2024-cü ildə bitirməyi nəzərdə tuturuq. İnşallah, dualarınızla buna da müvəffəq olunar.
- Nazim müəllim, bir daha sizə təşəkkür edir, bu faydalı işinizdə sizə uğurlar diləyir, romanın sona çatdırılmasını və oxucuların mühakiməsinə və müzakirəsinə təqdim edilməsini diləyirik. İnanırıq ki, roman-trilogiya ədəbi mühitimizə, gələcəyimizə bir ərmağan olacaq, gələcəyimizi quran gənclər üçün bir növ mənəvi istinad rolunu oynayacaqdır.
- Mən təşəkkür edirəm. Siz həmişə mənə, fəaliyyətimə düşüncələrimə, fikirlərimə öz səhifələrinizdə yer vermisiniz. Mən də sizin bu etibarınıza, etimadınıza cavab olaraq mənə olan hüsnu-təvəccühünüzə layiq olmağa çalışacağıma söz verirəm.
Paylaş: