Xəbər lenti

“Əgər Qarabağda kimlərinsə əli qana batmayıbsa, bəşəri cinayətlər törətməyibsə, sonradan sadə vətəndaş olaraq yaşayıbsa, onları təhlükəsizlik məsələlərində istifadə etmək olar”.

Bu sözləri Qarabağdakı qeyri-qanuni erməni silahlılarının gələcəkdəki taleyini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan erməni silahlılarının hərəkət edə bilməməsi üçün onları daim nəzarətdə saxlayır:

“Müharibədən sonra Samvel Babayan bəyanat vermişdi ki, Qarabağda hərbi qüvvələr olmayacaq, jandarmeriya, daxili qoşun tipli təhlükəsizlik qüvvələri olacaq. Bu, ümidverici bir açıqlama idi. Sonra oradakı digər qüvvələr bunun əleyhinə çıxdılar, hətta ordunun saxlanılması yönündə iş görüldü. Hətta Ermənistan müdafiə naziri Qarabağa gəldi, oradakı silahlılara medallar verdi. Bu da üçtərəfli bəyanata zidd olan bir şey idi.

Hər bir halda, onların hərəkət edə bilməməsi üçün daim nəzarətdə saxlayır. Onların say tərkibi, silahları barədə əlimizdə mükəmməl məlumatlar var. Hər hansı bir qığılcım olacaqsa, dərhal yerindəcə söndürüləcək. Biz bunu müharibədən sonra keçirilən əməliyyatlarda görmüşük.

Əgər Qarabağda kimlərinsə əli qana batmayıbsa, bəşəri cinayətlər törətməyibsə, sonradan sadə vətəndaş olaraq yaşayıbsa, onları təhlükəsizlik məsələlərində istifadə etmək olar.

Müxtəlif saylar deyilir, hər halda, orada yaşayan adamların idarə olunması vacibdir. Azərbaycanın birdən-birə daxili işlər orqanlarının, xüsusi xidmət orqanlarının yerləşməsi və əhali ilə iş aparması qeyri-mümkündür. Ona görə də Azərbaycana loyal olan, hakimiyyəti qəbul edən insanlarla işlənilməlidir. Samvel Babayanın ağıllı olması Azərbaycanın xeyrinədir. Samvel Babayan Arayik Arutyunyan, Ruben Vardanyan kimi, sona qədər mübarizə aparacağını demir. O, Paşinyanın tərəfində olduğuna görə onun vasitəsi ilə hansısa məsələni həll etmək olar. Biz bunu Rusiyanın Çeçenistanda etdiyini görmüşük. Kadırov və atası Birinci Çeçenistan savaşında Rusiyaya qarşı döyüşürdü. Rusiya orada çox böyük iş apardı və onları öz tərəfinə çəkə bildi. Rusiya bunu etməsə, iki variantı vardı: ya onların hamısını qırmalı, ya da oradan çəkilməli idi.

Azərbaycan itkisiz və dünyanı üzərimizə gətirmədən Qarabağdakı erməniləri tabe etməlidir. Orada erməni vətəndaşları qalacaqsa, onların içərisindən olan təhlükəsizlik qüvvələri olmalıdır. 90-cı illərin əvvələrində biz bunu görmüşük. Polislər də, hava limanında xidmət edənlər də onlardan idi. Onlarla altdan-altdan əməkdaşlıq edirdik. Açıq şəkildə etmək mümkün deyildi, çünki onları öldürə bilərdilər. İndi vəziyyət dəyişib. Sərhəd Azərbaycanın nəzarətindədir, texniki imkanlarımız da yüksəkdir. Onların da güvəni yoxdur, birdən-birə Azərbaycan polisini ora qoya bilmərik. Bu şəkildə bunu etmək mümkündür və vacibdir”.




Ana səhifəyə qayıt        Baxış: 4 418          Tarix: 18-05-2023, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma