“Brüssel və Vaşinqton prosesləri ilə paralel Kreml də çalışır ki, guya Azərbaycanla Ermənistan arasında sülh yaratmaq üçün hansısa daha real və perspektivli addımlar atdığını nümayiş etdirsin...”
“Kişinyov görüşü öncəsi sizə verdiyim şərhdə də bildirmişdim ki, bu görüşdə hansısa ciddi nəticə əldə olunacağına ümidim yoxdur, sadəcə, ola bilsin, müəyyən müsbət irəliləyiş üçün işıq yolu yarana bilər. Görüş baş tutduqdan sonra mətbuatda gedən informasiyalardan, o cümlədən Şarl Mişelin açıqlamalarından müəyyən uğurların əldə olunduğu bildirilir”.
Bunu Moderator.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Azərbaycan və Ermənistan liderlərinin iyunun 1-də Moldova paytaxtı Kişinyovda Avropa İttifaqı, Almaniya və Fransa liderlərinin vasitəçiliyi ilə keçirilmiş danışıqlarının nəticələrindən danışarkən söyləyib.
“Amma bir tərəfdən də, Moskvada Rusiya baş nazirinin müavini Overçukun rəhbərliyi ilə Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin görüşü keçirilib. Zəngəzurdan keçməklə Naxçıvan dəmir yolunun bərpası, çəkilməsi haqda ümumi razılaşma əldə edilib. Yəni Brüssel və Vaşinqton prosesləri ilə paralel Kreml də çalışır ki, guya Azərbaycanla Ermənistan arasında sülh yaratmaq üçün hansısa daha real və perspektivli addımlar atdığını nümayiş etdirsin. Bu mənada Rusiyanın fəallığı fonunda Qərbin sülhyaratma prosesinin, o cümlədən Kişinyov görüşünün konkret olaraq özündə hansı gələcək uğurların yükünü daşıdığını söyləmək çətindir”,- deyə açıqlamasının davamında siyasi şərhçi bildirib.
“İndi, iyunun 21-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüşü olmalıdır. Bundan əlavə, bu ilin oktyabrında İspaniya paytaxtı Madriddə də daha bir görüş planlaşdırılıb. Hələlik Qərbin moderatorluğuyla təşkil olunan görüşlərin Rusiyasız keçməsi özü bir uğurdur. Lakin, öncə dediyim ki, bütövlükdə Avropa və ABŞ-ın apardığı bu işin nə dərəcədə uğurlu olacağını, doğrudan da Azərbaycan və Ermənistan arasında ədalətli sülhün əldə olunması ilə nəticələnib-nəticələnməyəcəyini hələ zaman göstərəcək”,- deyə analitik vurğulayıb.
Sultan Laçın
Paylaş: