Ankara ilə Avropa İttifaqı arasında münasibətlər gərginliyin yeni mərhələsinə qədəm qoyub. Əslində, İsveçin NATO-ya daxil olması fonunda əlaqələrin yaxşılaşması gözlənilirdi. Amma Avropa Parlamenti sentyabrın 13-də açıqladığı hesabatda, Türkiyə Xarici İşlər Nazirliyində deyildiyi kimi, haqsız ittihamlar və qərəzlərdən istifadə edib.
Türkiyəli politoloq, tarix elmləri namizədi, Yaxın Şərq üzrə ekspert İkbal Dürre vəziyyəti Oxu.Az-a şərh edib.
O, Türkiyə və Avropa İttifaqının əbədi qonşu olduğunu qeyd edib.
“Türkiyənin Aİ-yə daxil olmasının mümkünsüzlüyündən danışanda isə hazırda mövcud olan geosiyasi və yerli şəraiti nəzərə alırlar. Biz isə bilmirik ki, 10 ildən sonra vəziyyət necə dəyişəcək. Ona görə də dövlət orqanları, ziyalılar, cəmiyyətin əhəmiyyətli hissəsi həm insanların əhvali-ruhiyyəsinə, həm də ümumi iqtisadi vəziyyətə təsir etdiyi üçün bu prosesin davam etdirilməsinin tərəfdarıdırlar”.
Ekspert Qərblə yaxınlaşmanın Qərb investisiyalarını cəlb etmək üçün zəmin yaratdığını bildirib. Onun sözlərinə görə, Qərb maliyyə qurumları üçün Qərbə və Avropaya qapılarını bağlayan Türkiyə ilə Aİ-yə daxil olmaq istəyini nümayiş etdirən Türkiyə arasında fərq var.
İ.Dürre, həmçinin, Ankaranın bütövlükdə öz siyasətinin Qərb istiqamətindən imtina edə bilməyəcəyini, bunun Mustafa Kamal Atatürk tərəfindən ölkənin dövlət kodlarında şifrələndiyini vurğulayıb.
“Eyni zamanda, Aİ Türkiyənin güclü, fərqli ənənələrə malik müsəlman ölkəsi olduğunu anlayır. Ona görə də Avropa bundan müəyyən qorxu yaşayır”, - deyən politoloq vəziyyətinə görə Türkiyədən geri qalan ölkələrin Aİ tərəfindən qəbul edildiyini xatırladıb.
Avropa İttifaqının Türkiyəyə, heç olmasa, vizasız rejim təqdim etməməsinə gəlincə isə İ.Dürre bunun səbəbinin açıq olduğunu bildirib:
“Onlar Türkiyə vətəndaşlarının Aİ-yə axınından qorxurlar. Üstəlik, Avropa İttifaqı bir yana qalsın, türk dövlətlərinin heç də hamısı Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq etməyib”.
O, elə Ankaranın da bütün türk ölkələri vətəndaşlarına vizasız giriş icazəsi vermədiyini vurğulayıb.
Ekspert Avropa ölkələri arasında ən çox anti-Türkiyə əhvalının Fransada olduğunu qeyd edib.
“Almaniyadan və digər ölkələrdən Türkiyə əleyhinə bəyanatlar gördük. Ancaq kimisə xüsusi qeyd etmək lazımdırsa, bu, Fransadır”, - deyə İ.Dürre sözlərini yekunlaşdırıb.
Nair Əliyev
Paylaş: