Xəbər lenti

Globalinfo.az siyasi şərhçi Heydər Oğuzla müsahibəni təqdim edir:

– Oktyabrın 28-də İstanbulda Böyük Qəzza Mitinqi keçirildi. 1.5 milyon insanın qatıldığı mitinqdə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İsrailin əleyhinə çox sərt çıxış etdi. Bu çıxışından sonra İsrail Türkiyədəki diplomatik nümayəndələrini geri çağırdı. Görünən budur ki, yenidən iki dövlət arasında soyuq küləklərin əsdiyi dövrə geri qayıdırıq. Bəs, yeni geosiyasi reallıq Azərbaycanın xarici siyasətinə necə təsir göstərəcək? Türkiyə prezidentinin İsrailin əleyhinə səsləndirdiyi fikirləri necə qiymətləndirirsiniz?

– Bəli, çıxış çox sərt idi. Hətta bəzi Türkiyə mediasının iddialarına görə, Ərdoğanın xüsusilə “HƏMAS – terror təşkilatı deyil, azadlıq mücahidləri qrupudur” sözləri AK Partiya rəhbərliyi tərəfindən də heyrətlə qarşılanmışdı. Bu da səbəbsiz deyil. Çünki HƏMAS-ın 7 oktyabrda İsrailə hücumu zamanı mülki şəxsləri hədəf alması, əksəriyyəti dinc vətəndaşlardan və uşaqlardan ibarət olan 1400 nəfəri qətlə yetirməsi, yüzlərlə mülki şəxsi əsir götürməsi kimi əməllərə heç bir şəkildə bəraət qazandırıla bilməz. Ümumiyyətlə, mülki vətəndaşları hədəfə alaraq siyasi nəticələrə varmaq istəyi terroristlərin istinad etdiyi taktikadır və HƏMAS da buna əl atmışdı. Onun bu əməlini milli azadlıq hərəkatı kimi dəyərləndirmək mümkün deyil. Baxmayaraq ki, İsrailin “HƏMAS-ı yox edəcəyəm” deyərək mülki hədəfləri bombardmana məruz qoyması da mahiyyət etibarilə eyni məntiqə əsaslanır və qınanmalıdır. Amma bunun dövlət lideri tərəfindən bu qədər kəskin bir üslubla tənqid olunması diplomatiyanın incə cizgisinə uyğun deyil.

Sözsüz ki, Rəcəb Tayib Ərdoğan böyük və təcrübəli siyasətçidir, onun bizim bildiklərimizi bilməməsi imkansızdır. Üstəlik, o, 28 oktyabrda səsləndirdiyi fikirləri ilk dəfə dilə gətirmirdi. Bundan hardasa 10 gün qabaq Türkiyə parlamentində AK Partiyanın qrup toplantısında da eyni fikirləri səsləndirmiş və İsraillə münasibətlərdə dərin uçurumlara yol açmışdı. Bu baxımdan, mən cənab Ərdoğanın İsrailin əleyhinə fikirləri təsadüfən, necə deyərlər, spontan şəkildə dilə gətirmədiyini düşünürəm.

– Bilirik ki, bundan bir ay əvvəl ABŞ-da Binyamin Netanyahu ilə bir araya gələn Ərdoğan İsraillə münasibətləri normallaşdırmağa qərar vermişdi. Onun birdən-birə İsraillə Türkiyə arasında münasibətləri alt-üst edən bu açıqlaması hansı zərurətdən qaynaqlana bilər?

19 sentyabr 2023-cü il, Nyu-York. Rəcəb Tayyib Ərdoğanın Binyamin Netanyahu ilə görüşü

– Bilirsinizmi, xarici siyasət fizikanın məşhur birləşmiş qablar qanununa bənzər prinsiplərə tabedir. Birləşmiş qablar qanununda bir qabın içindəki mayenin səviyyəsi onun bağlı olduğu digər qabdakı mayenin səviyyəsinə bərabər olur. Bu baxımdan Türkiyə prezidentinin çıxışı da İsrail rəhbərliyinin son zamanlardakı səsləndirdiyi ritorikasına və yürütdüyü siyasətə adekvatdır. Sirr deyil ki, İsrailin Qəzzada başlatdığı antiterror əməliyyatının ilk günlərində Türkiyə prezidentinin çıxışları da xeyli yumşaq idi. Çünki İsrail Qəzzadakı əməliyyatlarına yeni başlamışdı və Ərdoğan tərəfləri barışığa çağırmaqla sülhə nail ola biləcəyini düşünürdü. Hətta 7 oktyabr hücumundan sonra Türkiyədə mənzillənmiş HƏMAS liderlərinin ölkəni tərk etməsi barədə göstəriş verdiyi bildirilirdi. Lakin Tel-Əvivin bu çağırışlara müsbət cavab verməməsi, ABŞ-ın öz hərbi gəmilərini Aralıq dənizinin şərq sahillərinə göndərməsi və açıq şəkildə İsraili dəstəkləməsi Türkiyədə bəzi sualların yaranmasına yol açdı. Ondan əvvəl ABŞ hərbi təyyarələri Suriyada Türkiyə SİHA-sını vurmuş və bunu rəsmən bəyan etmişdi. Halbuki, Türkiyə öz müttəfiqinin bu təcavüzkar mövqeyini açıb-ağartmaq istəmirdi. Sanki ABŞ bununla Türkiyəni cəzalandırdığını qəsdən ictimailəşdirməyə çalışmışdı. Odur ki, ABŞ-ın bu mövqeyi HƏMAS-İsrail gərginliyinin yayılması ilə hədəfə alınan ölkələrdən birinin də Türkiyə ola biləcəyi ehtimalını ağla gətirirdi. Belə vəziyyətdə, sözsüz ki, Ankara öz sərhədləri ətrafında baş verənlərə laqeyd qala bilməzdi. Ən əsası isə Fələstin məsələsi Türkiyə üçün olduqca həssas mövzudur. Bu, yalnız HƏMAS-ın islamçı təşkilat olmasından, Ərdoğanın siyasi məfkurəsi və dini həssaslığından da irəli gəlmir. Hətta Türkiyədə sekulyar hakimiyyətlərin dövründə belə, bu coğrafiyada baş verən hadisələrə eyni həssaslıqla yanaşıldığını görə bilərik. Fələstin Osmanlı dövlətinin bir parçası olub və bu imperatorluğa ən sadiq bölgələrdən biri kimi tanınıb. Bunu haqqında danışdığımız çıxışında Ərdoğan da vurğulamışdı. Bildirmişdi ki, Fələstindən Çanaqqala döyüşlərinə qatılıb şəhid olanların Türkiyənin bəzi bölgələrindən çoxdur. Odur ki, Ərdoğandan əvvəlki türk liderləri də Fələstin məsələsinə həssaslıqla yanaşıblar. Doğrudur, Ərdoğanın Fələstinə münasibəti digər sələflərindən kəskin fərqlənir. Bunun həm obyektiv, həm də subyektiv səbəbi var. Obyektiv səbəb odur ki, İsrailin hazırda Fələstində apardığı hərbi əməliyyatlar keçmişdəki əməliyyatlardan daha qanlıdır və istər-istəməz daha kəskin reaksiya doğurur. Subyektiv səbəb isə Ərdoğanın dini həssasiyyətindən irəli gəlir.

-Maraqlıdır, Netanyahu hakimiyyəti niyə Qəzzaya qarşı öz sələflərindən daha aqressiv mövqe sərgiləyir?

19 oktyabr, 2023-cü il. Qəzza sərhədi. Binyamin Netanyahu İsrail hərbçiləri ilə bir arada

-Məncə, bu aqressivlik Netanyahu hökumətinin koalision tərkibindən irəli gəlir. Məlum olduğu kimi, Netanyahu 1996-cı ildən İsrailin əsas idarəedici siyasi xadimlərindəndir. Öz radikal mövqeyi ilə seçilən Netanyahu xüsusilə son seçkilərdə çoxluğu qazana bilmədi və hakimiyyətə gəlmək üçün radikal yəhudi millətçiləri ilə ittifaq qurdu. Hakimiyyətini sağlamlaşdırmaq üçün onlara polis və daxili təhlükəsizliyə cavabdeh olan nazirlikləri verdi. Beləcə, özünün yürütdüyü siyasət də getdikcə radikallaşdı. 2021-ci il seçkilərindən sonra Netanyahunun qurduğu hökumət İsrail tarixinin ən radikal hökuməti olaraq bilinir. Hətta İsrailin keçmiş ədliyyə naziri Yossi Beilin bir il əvvəl indi baş verənləri təxmin edərək bunları demişdi:

“İsraildə keçmişdə də radikal hökumətlər olub. Ancaq belə bir radikal hökuməti ilk dəfə görəcəyik. Qurulacaq koalisiya İsrail cəmiyyətinin ən uç nöqtələri üzərində inşa olunacaq”.

Netanyahunun yeni kabinetində milli təhlükəsizlik naziri vəzifəsinə Itamar Ben-Gvirin təyin olunması bu gün baş verəcəklərin ilk siqnalı idi. Mübahisə doğuran digər radikal şəxs Bezalel Smotriç isə maliyyə naziri təyin olunmuşdu. İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi məskunlaşmaları ilə bağlı məsələlər də Smotriçin yurisdiksiyasına daxil edilmişdi.

İsrailin sabiq ədliyyə naziri Beilin bu təyinatlardan narahatlığını açıq ifadə edərək deyirdi:

“Çox narahat olduğumuzu deyə bilərəm. Çünki koalisiyanı təşkil edən partiyaların platformaları son dərəcə radikal, hətta müəyyən mənada irqçidir. Likud və digər partiyaların bağladığı razılaşmada çox fərqli və radikal maddələr var. Yeganə ümid bunadır ki, Netanyahu özünün yeni kabinetini parlamentə qəbul etdirə bilməyəcək”.

Nə yazıq ki, Beilinin bu ümidləri doğrulmadı və yeni hökumətin ilk işi İordan çayının qərb sahilində yüzlərlə fələstinlinin ölümünə səbəb olan zorakılığın başlanmasına icazə verilməsi oldu. Yerləşimçilər adlanan yəhudi köçkünlər İsrailin radikal nazirlərinin qızışdırması ilə fələstinlilərin mülklərinə, kəndlərinə hücum etdi və onları öldürdü. Qəzza savaşının çıxış səbəbi də bu siyasətdir. Onlar İsrail xalqına təhlükəsizlik vəd edərək hakimiyyətə gəlmişdilər, amma bu gün xalqa nə vaxt bitəcəyi bilinməyən Qəzza savaşı bəxş etdilər. İsrail hazırda öz tarixində ən böyük təhlükəsizlik sindromu ilə qarşı-qarşıya qalıb və savaşın bütün Yaxın Şərqə yayılma ehtimalı da istisna edilmir. Bu isə İsrail vətəndaşı olmağı cazibədar qılan təhlükəsizlik və rifahı da təhlükə altında qoyur. Məhz bu səbəbdən də istər ABŞ, istərsə də digər ölkələrdəki yəhudi lobbilərini narahat edir. İsraildə yaşayan yəhudilərin əksəriyyəti də bu durumu qəbul edə bilmirlər.

-Yeri gəlmişkən, Rəcəb Tayib Ərdoğanın bu cür kəskin çıxışlarına dünyadan da gözlənilən sərt reaksiyaları görmürük. Sizcə, bunun sirri Netanyahu hökumətinin tərkibinə beynəlxalq reaksiyadan irəli gələ bilərmi?

-Açığı, mən də hesab edirəm ki, Ərdoğanın sərt çıxışı təsadüfi deyil. Dünyanın mütərəqqi gücləri onun haqlı olduğunu görüb susurlar. Hətta bir çox yəhudilər belə, qəlbən Ərdoğanla razılaşırlar. Təsadüfi deyil ki, ABŞ-da yəhudi diasporası tez-tez Konqres binası qarşısında Netanyahu hökumətinə qarşı etiraz aksiyası keçirir. İsrail hökumətinin ən çox dəstəkləyən ABŞ onu Oslo zirvəsində qəbul olunan prinsipləri, xüsusilə də iki dövlətli çözüm razılaşmasını həyata keçirməyə çağırır. Prinsipcə, Ərdoğanın çıxışındakı bəzi sərt üslublu ifadələri çıxsaq, o da eyni fikirləri səsləndirir. Amma çıxışına “HƏMAS terror örgütü deyil, milli azadlıq fədailərinin toplaşdığı siyasi qurumdur” kimi mübahisəli rənglər də qatır. Onun sözlərini əlavə rənglərdən arındırsaq, əslində dünya ictimaiyyətinin ümumi rəyini ifadə edir. Bu səbəbdən də dünyanın sərt reaksiyası ilə üzləşmir.


Sizə bir faktı deyəcəyəm, təsəvvür edin, Netanyahunun indiki hökuməti ilyarımdır qurulub, amma indiyədək o, ABŞ-da Ağ Evdə qəbul olunmayıb. Ümumiyyətlə, istər Barak Obama, istərsə də Co Bayden dönəmində Netanyahuya münasibət xoş olmayıb. Demokratlar rəsmən onu təcrid ediblər. Təbii ki, uzlaşmaz mövqeyi və Vaşinqtonu İranla savaşa təşviq etməsi səbəbindən. Üstəlik, fikrimcə, Türkiyə liderinin bu sərt üslubu Fələstin məsələsində aktiv rol oynaya bilməsi üçün də vacib şərtlərdən biridir. Çünki Türkiyə bu prosesdə yer almasa, təşəbbüskarlıq İran kimi məzhəb müharibələrini özünün strateji hədəflərinə çevirən qüvvələrin əlinə keçə bilər. Bu da nəticə etibarilə nə İsrailə, nə Qərbə, nə də Yaxın Şərqin ərəb ölkələrinə sərf edər. Əks halda Yaxın Şərq qana bələnər və çıxacağı gözlənilən regional müharibədə region dövlətləri on illərlə özlərinə gələ bilməzlər.

Heydər Oğuz

-Sizcə, Türkiyə ilə İsrail arasında münasibətlərin getdikcə pisləşməsi Azərbaycana necə təsir göstərəcək?

-Düzünü desəm, Netanyahu hökuməti kimi, Türkiyənin bugünkü hakimiyyətinin də yumşaq qarnı var. Əslində Ərdoğanı lazım olduğundan daha kəskin çıxışlar etməsinin bir səbəbi də budur. Bilirsiniz ki, AKP son seçkilərdə bəzi siyasi qüvvələrin də dəstəyini alaraq qələbə çalıb. Ona dəstək verənlərdən biri də “Hüda-Par” idi. Mən bu partiyanın keçmişi barədə danışmaq istəmirəm. Sadəcə bunu demək istəyirəm ki, yaxınlaşan bələdiyyə seçkilərində Hüda-Par və digər islamçı partiyaların dəstəyini itirmək istəməyən Ərdoğan bəzən onların ritorikası ilə danışmağa çalışır. Nəticədə çıxışlarında gözləniləndən daha ifrat görüşlərə yer verir. Bu da ilk mərhələdə taktiki gediş kimi hansısa fayda verə bilər, amma perspektivdə daha qalıcı və strateji problemlər də doğurar. Azərbaycan da Türkiyənin strateji müttəfiqidir və ağır gündə də, xoş gündə də onun yanında bulunmalıdır. Dərd burasındadır ki, İsrail də bizimlə yaxın münasibətləri olan dövlətlərdəndir. İstər-istəməz bu ikiləmli vəziyyət bizim xarici siyasət qurumlarımızı çətin vəziyyətdə qoyur. Son zamanlar “Hüda-Par”a məxsus media qurumlarında Bakı-Ceyhan xətti ilə İsrailə neft satışının qadağan olunması barədə də məsələlər qaldırılır. Enerji mənbələrindən strateji silah kimi istifadə olunması nə Azərbaycana, nə də Türkiyəyə uğur qazandırmaz, onların etibarını zədələyər, eynilə Rusiya kimi təcrid vəziyyətinə sala bilər. Üstəlik, enerji bazarında ənənəvi müştərilərini itirmək olduqca riski addımdır və onu daha sonra bərpa etmək mümkün deyil. Vaxtilə ərəb ölkələri və İran da bu strateji silahdan istifadə etməyə qalxışmışdı. İtirdiklərini uzun müddət əldə edə bilməmişdilər.

Digər tərəfdən Azərbaycan həm də Orta Asiyanı Avropaya bağlayan keçid məntəqəsi funksiyasını yerinə yetirir. Əsasən də Orta Asiyanın enerji mənbələrinin Avropaya daşınması məsələsində önəmli rol oynamaq əzmindədir. Bu, Türkiyənin də milli maraqlarına uyğundur. Ərəblərin belə susduğu Qəzza məsələsi mövzusunda bizim onlardan daha kəskin mövqe sərgiləməyimizin doğru olacağına inanmıram.

Zaira Akifqızı

Globalinfo.az




Ana səhifəyə qayıt        Baxış: 6 446          Tarix: 30-10-2023, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma