“Fransanın, Almaniyanın, bu ölkələrin insanları adından nəsə demək mənim üçün çətindir. Amma Slovakiyanın mövqeyindən danışa bilərəm. Azərbaycan Qarabağ problemini həll edə bildi, öz suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Bu, Slovakiya Respublikası tərəfindən dəstəklənir”.
Bunu Aİ ölkələrinin Cənubi Qafqaz və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müxtəlif cür yanaşmasını, Brüssel, Paris, Berlinin açıq şəkildə erməniləri dəstəkləyən mövqe tutmasını Oxu.Az-a şərh edən Slovakiya Xarici Siyasət Assosiasiyasının (Slovak Foreign Policy Association) baş elmi işçisi, Preşov Universitetinin politologiya professoru, Slovakiya baş nazirinin keçmiş müşaviri Aleksandr Duleba bildirib.
Onun sözlərinə görə, separatçı qurumlar mövzusu təkcə Qarabağ məsələsi deyil, Dnestryanı, Abxaziya, Cənubi Osetiya (Gürcüstanın Tsxinvali bölgəsi - red.), Rusiyanın Ukraynada etdikləri - Donbas, Krımın ilhaqı və s. də daxildir:
“Slovakiyanın bu məsələdə siyasəti aydındır: Azərbaycanın suverenliyinin bərpası düzgün addım idi. Qarabağın Azərbaycanın bir hissəsi olması və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşməsi heç kimdə şübhə doğurmur. Bu barədə heç bir sual yoxdur”.
Politoloq bu məsələdə başqa bir məqama - Ermənistana münasibətə - toxunub. Onun sözlərinə görə, bu ölkə özünü tamamilə təcrid vəziyyətinə salıb - Rusiya Ukraynada ilişib qaldığı üçün oyundan çıxdı, İrəvanda isə Moskvanı xəyanətdə ittiham edirlər:
“Amma Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan indi öz inkişafının yeni mərhələsinə qədəm qoyur, hegemon olan Rusiya ilə sıx koordinasiyaya ehtiyac yoxdur”.
Ekspert əvvəllər Ermənistanın bütün məsələlərdə Rusiyaya ümid bəslədiyini vurğulayıb:
“Amma sonra nə olacaq? Hər şey İrəvandan asılıdır”, - deyə o əlavə edib.
Aleksandr Duleba Bakı ilə Ankara arasında birmənalı əlaqə, Türkiyədən Azərbaycana dəstək gördüyünü qeyd edib.
“Prezident Rəcəb Tayyib Ərdoğan həm ölkəsinin, həm də müttəfiqlərinin maraqları baxımından çox ağıllı siyasət yürüdür. Türkiyə həm Rusiyaya, həm də Qərbə lazımdır, nəticədə Ankara öz maraqlarını irəli sürür və Azərbaycana kömək edir.
Ermənistana gəldikdə isə siyasətçi müharibədə uduzanın bu ölkə, aşkar qalibin isə Azərbaycan olduğunu xatırladıb:
“Bəlkə, İrəvana hansısa perspektiv göstərməyə dəyər ki, o öz siyasətini yenidən nəzərdən keçirsin, maraqlarını başa düşsün və bundan sonra nə edəcəyinə qərar versin?”
O, Ermənistana kömək etmək qərarına gələn Fransanın siyasətinin Avropa İttifaqının (Aİ) siyasəti ilə uzlaşmadığını qeyd edib. Politoloq bildirib ki, əgər Aİ bütün üzv dövlətlərlə birlikdə nəsə edirsə, bu, yalnız konsensus əsasında olur, amma ümumavropa siyasətindən kənarda Aİ üzvü olan digər ölkələr müstəqil hərəkət edə bilərlər.
“Ancaq Slovakiya baxımından bir daha deyirəm: biz separatizmin qəti əleyhinəyik, çünki bu, Slovakiya Respublikasının sərhədlərini şübhə altına alır. Məhz buna görə Bratislava və daha dörd Avropa paytaxtı Kosovonun müstəqilliyini tanımadı. Bu, yalnız Serbiyanın özü belə bir qərar verərsə, mümkündür. Onda biz ona dəstək olacağıq. Bratislavada ikili standartlar yoxdur. Eyni şeyi Rusiya və Ukrayna ilə bağlı da deyirik. Ukraynalılar bununla razılaşmayana qədər biz Krımı Rusiyanın bir hissəsi kimi tanıya bilmərik. Eyni şey Qarabağa münasibətdə də olub və belədir - o, Azərbaycan ərazisinin bir hissəsidir”, - deyə A.Duleba sözlərini yekunlaşdırıb.
Nair Əliyev
Paylaş: