"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Petr Pavel arasındakı görüş üçün məkan kimi Bakının seçilməsi qanunauyğundur."
Bu barədə "Report"a Moskava Dövlət Universitetinin İnformasiya-Analitika Mərkəzi nəzdində fəaliyyət göstərən MDB Ölkələrinin Öyrənilməsi Mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev dünən generallar arasında baş tutan görüşü şərh edərkən bildirib.
"Rəsmi Ankara Bakıya alternativ ola bilərdi. Çünki V.Gerasimov daha əvvəl Avropa İttifaqı və ABŞ-ın sanksiyaları altında olan Türkiyədə yerli həmkarı ilə görüş keçirmişdi. Amma Bakı siyasi neytrallıq və logistik rahatlıq baxımından ən əlverişli variant kimi tam qanunauyğun şəkildə seçilib. Unutmayaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov artıq üçüncü dəfədir Bakıdadır", - A.Karavayev vurğulayıb.
Politoloq xatırladıb ki, V.Gerasimov Bakıya ilk dəfə 2014-cü ilin aprel ayında səfər edib və bu zaman MDB dövlətləri Silahlı Qüvvələrinin Qərargah rəisləri Komitəsinin iclasını keçirib: "Həmin iclasda rəsmi Moskva üçün vacib məsələlər - birgə hava hücumundan müdafiə sistemin yaradılması, humanitar minasızlaşdırma sahəsində əməkdaşlıq barədə saziş, coğrafi informasiya mübadiləsi və hərbi təyinatlı peyk rabitəsi sistemlərindən istifadə, habelə 2020-ci ilə qədər hərbi planlaşdırma məsələləri müzakirə olunub."
İkinci səfər 2017-ci ilin fevral ayında baş tutub və o, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar rəisi general Donford ilə görüşüb.
Aleksandr Karavayev
"Bu səfərə qədər rusiyalı və ABŞ-ın yeni seçilmiş prezidenti tərəfindən təyin olunan amerikalı hərbi rəsmilər arasında görüşlər və real məsləhətləşmələr olmamışdı. Sonradan məlum oldu ki, Gerasimov və Danford Suriyada dörd təhlükəsizlik zonasının yaradılmasını müzakirə ediblər", - ekspert bildirib.
A.Karavayevin sözlərinə görə, bu müddət ərzində Gerasimov yalnız bir dəfə - 2016-cı ilin aprel ayında KTMT Müdafiə Nazirləri Şurasının Hərbi Komitəsinin iclası zamanı Yerevanda olub.
Rusiyanın NATO ilə əlaqələrindən danışan politoloq onlar arasındakı soyuq müharibənin əsasən kommunikasiya missiyasını yerinə yetirən texniki strukturlara zərbə vurduğunu qeyd edib: "Münasibətlərin dondurulmasından sonra Rusiya-NATO Şurası (RNŞ) yalnız səfirlər səviyyəsində reallaşıb."
Rusiya və NATO-nun Cənubi Qafqazda maraqlarının toqquşması məsələsinə toxunan ekspert xatırladıb ki, Gürcüstan artıq NATO-ya inteqrasiya olur, Ermənistan Rusiyanın hərbi forpostudur və KTMT-nin üzvüdür, Azərbaycan isə hərbi texnika alıcısı və etibarlı iqtisadi tərəfdaşdır, həmçinin MDB ölkələri regionunda Rusiyanın bir sıra hərbi kommunikasiya proqramlarınən iştirakçısıdır.
"Bu baxımdan Moskva Azərbaycan və Ermənistana arxalana bilər. Problem ondadır ki, Rusiyanın dostları arasında ciddi münaqişə var. Bu isə təbii ki, Rusiyanın iqtisadi layihələrin yerləşdirilməsi potensialını zəiflədir", - A.Karvayev bildirib.
Hərbi sənaye sahəsində Azərbaycan və Rusiya arasındakı əməkdaşlıqdan danışan ekspert Bakının hərbi texnika satınalınmasının davamında maraqlı olduğunu qeyd edib.
Paylaş: