“Gözün uzun müddət günəşin zərərli şüalarına məruz qalması göz xəstəlikləri əmələ gətirə bilər”.
Ovqat.com-un məlumatına görə, bunu Metbuat.az-a açıqlamasında oftalmoloq Şahin Novruzlu deyib: “Gözün uzun müddət ultrabənövşəyi şüalara məruz qalması katarakta, mirvari suyu, xalq arasında gözə ət gəlməsi və s. kimi xəstəliklərin yaranma riskini artırır”.
Həkim əlavə edib ki, yay aylarında gözün quruluğu, allergik xəstəliklər çoxalır. Havada ağac tozları artır və göz quruluğu olanlarda da göz yaşı buxarlandığı üçün gözlərdə qızarıqlıq, qaşıntı, qum varmış kimi hissiyat meydana gəlir.
Həkim gigiyenik normalara uyğun olmayan hovuzlarda çimməyin gözlər üçün təhlükəli olduğunu vurğulayıb. “Yayda dəniz və hovuzlara gedənlərin sayı artır. Xüsusilə, hovuzlarda çimmərkən ehtiyatlı olmaq lazımdır. Təmizliyinə əmin olmadığınız hovuzlara getməyin. Çirkli hovuzlarda gözlərə infeksiya keçmə riski artır. Dəniz və hovuzların xloru gözdə infeksiya yarada bilər. Hovuzdan çıxandan sonra mütləq təmiz su ilə duş qəbul etmək lazımdır".
Həkim əlavə edib ki, uşaqlar günəş şüalarına daha həssas olduqları üçün valideynlər diqqətli olsun. Günün intensiv saatlarında (10:00; 16:00) məcbur qalmadıqca uşaqları çölə çıxarmaq məsləhət deyil. Çölə çıxdığınız zaman mütləq günəş eynəkləri və şapkalardan istifadə edin. Uşaqların əllərini sabunla yuyun.
Günəşin zərərli şüalarından gözləri qorumaq üçün nə edək?
Oftalmoloq Şahin Novruzlu deyib: “Çölə çıxarkən ultrabənövşəyi şüaların 98, 100 faiz qarşısını alan günəş eynəklərindən istifadə edin. Bu mövzuda polarize şüşələr son dərəcə uğurludur. Günəş eynəklərinin ultrabənövşəyi şüaları süzdüyünə dair sertifikatı var. Eynək alarkən sertifikat tələb edin. Gündəlik həyatda optik eynək istifadə edənlər yay aylarında gözlərini qorumaq üçün optik günəş eynəklərindən istifadə etməlidir. Üzünüzə günəş kremi vurarkən göz çevrənizə yaxınlaşdırmayın. Alın bölgəsinə vurulan kremlər istinin təsiri ilə gözə zərər verə bilər. Bu da gözün qıcıqlanmasına səbəb olacaq”.
Aysel Yaqubqızı
Paylaş: