Xəbər lenti
Dünən, 19:25

ABŞ hakimiyyət orqanları Ukraynada prezident Donald Trampın keçmiş kampaniya başçısının əsas yoldaşlarından biri olmuş rusiyalıya qarşı cinayət işi qaldırıb.

Azadlıq Radiosu xəbər verir ki, ona qarşı ədalətə mane olmaq ittihamı irəli sürülüb.

Xüsusi prokuror Robert Müllerin ABŞ sahə məhkəməsində elan edilmiş ittihamnaməsində Konstantin Kilimnikin adı çəkilir.

Trampın keçmiş kampaniya rəhbəri Pol Manaforta qarşı isə Vaşinqton və Virciniya federal məhkəmələrində ayrıca ittihamlar irəli sürülüb. Manafortun ağır cinayət ittihamları ilə mühakiməsinin ərəfəsində ona qarşı şahidlərə təsir göstərməsi barədə yeni iddialar qaldırılıb.

Manaforta qarşı yeni iddialar ilk dəfə iyunun 4-də açıqlanıb. Həmin məhkəmə sənədlərində adları çəkilməyən Avropa siyasətçilərindən ibarət “Habsburq qrupu”ndan söhbət gedir.

Məhkəmə sənədlərindən aydın olur ki, Manafort bir neçə il bundan əvvəl Ukraynadakı rusiyayönlü siyasi partiyanın lobbiçiliyini edib. Yeni ittihamnamədə prokurorlar iddia edirlər ki, Manafort və Kilimnik 2018-ci ilin fevral və aprelində həmin Avropa siyasətçiləri ilə əlaqə yaradaraq, onlardan “Habsburq qrupu”nun lobbiçilik fəaliyyətinin miqyası barədə yalan danışmağı xahiş ediblər.

Yeni ittihamlar ondan xəbər verir ki, Müllerin müstəntiqləri Manafortun zaminliyinin ləğvini və onun həbsinə order verilməsini istəyirlər.

Özünə qarşı bütün ittihamları rədd edən Manafort Trampın seçki kampaniyasının rəhbərliyindən 2016-cı ilin avqustunda çıxarılıb. Buna səbəb onun rusiyayönlü Ukrayna prezidenti Viktor Yanukoviçin siyasi partiyasından qonorarlar alması ilə bağlı xəbərlərin yayılması idi.

ABŞ hakimiyyət orqanlarının Rusiya kəşfiyyatının adamı hesab etdiyi Kilimnik Manafortun Ukraynadakı əsas əlaqələndiricisi olub. Onun hazırda Rusiyada olması güman edilir. O, iki müsahibədə Azadlıq Radiosuna Rusiya kəşfiyyatı ilə əlaqələrinin olmadığını deyib.

Manaforta qarşı ittihamların böyük əksəriyyəti onun Trampla işbirliyindən əvvələ təsadüf etsə də, ittihamlardan bəziləri 2017-ci ilədək olan dövrə düşür.

Bundan əvvəl xüsusi prokuror Müller Trampın ilk milli təhlükəsizlik müşaviri Maykl Flinnə qarşı da ittihamlar irəli sürüb. İndiyədək Flin və Manafortun biznes şəriki Rik Geytes də daxil 5 nəfər xüsusi prokuror Müllerin ittihamları üzrə təqsirlərini etiraf ediblər.

 




Ana səhifəyə qayıt        Baxış: 582          Tarix: 9-06-2018, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma