Xəbər lenti

Yaxud Amerika və Türkiyənin uzlaşa bilmədiyi məqamla.
Soçi görüşündən sonra Türkiyə cəmiyyətinin əsas diqqəti mayın 16-da keçirilən Ərdoğan-Tramp görüşünə yönəlmişdi. Bu görüş həmin vaxta təsadüf edirdi ki, bir tərəfdən Ankara Vaşinqtonun heç də ürəyincə olmadığı bir halda Moskva ilə münasibətləri daha da inkişaf etdirir, digər tərəfdən Birləşmiş Ştatlar da sanki Türkiyəni bu siyasətinə görə cəzalandırırmış kimi Suriyada türklərə qarşı vuruşan YPĞ-ya hərbi dəstək verir. Bütün bunlara rəğmən Vaşinqton görüşünün Birləşmiş Ştatlarla Türkiyə arasında mövcud olan buzları əridəcəyinə böyük ümidlər vardı. Elə Türkiyədə də müstəqil analitiklər hesab edirdilər ki, Vaşinqton görüşü Birləşmiş Ştatlar-Türkiyə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı ola bilər. Buna isə Türkiyədən daha çox Birləşmiş Ştatlar maraqlı olmalıdır. Səbəblər isə müxtəlifdir.

Birincisi, Türkiyənin regiondakı gücü və nüfuzu. Bu gün Vaşinqtona da sirr deyil ki, Türkiyə yerləşdiyi coğrafiyada önəmli funksiya daşıyır. Bu ölkənin Yaxın Şərqə də kifayət qədər təsir imkanları var. Xüsusilə. Birləşmiş Ştatların əzəli və əbədi rəqibi İranın Yaxın Şərqdə möhkəmlənməsinin qarşısını Vaşinqton məhz Ankara ilə sıx əlaqələr qurmaqla ala bilər. Ona görə də hazırkı situasiyada Vaşinqton üçün Ankara xüsusi önəmə malikdir.

İkincisi, Türkiyənin mümkün vasitəçiliyi. Nəzərə alaq ki, Donald Tramp prezident seçilərkən Rusiya ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu ifadə etmişdi. Ancaq ötən müddət ərzində nə Moskva, nə də Vaşinqtonun nümayiş etdirdiyi indakarlıq Rusiya-Birləşmiş Ştatlar münasibətlərinin normallaşması üçün zəmin yaratmır. Bu baxımdan Türkiyə Vaşinqton-Moskva münasibətlərinin normallaşmasında əvəzedici vasitə rolunu oynaya bilər. Ancaq mayın 16-da baş tutan Vaşinqton görüşü onu deməyə əsas verdi ki, Birləşmiş Ştatlar Türkiyənin timsalında bu vasitədən heç də səmərəli istifadə etmək barədə düşünmür. Əksinə Türkiyənin əleyhinə olan addımlar atmaqda davam edir. Hər halda Ərdoğan-Tramp görüşündən sonra mətbuata verilən açıqlamadan bunu aydın görmək mümkündür. Əslində əvvəlcədən Vaşinqton görüşünün də Soçi danışıqları kimi o qədər də uğurlu alınmayacağı proqnozlaşdırılırdı. Çünki Ankaranın ciddi etirazlarına rəğmən Birləşmiş Ştatların YPĞ terrorçularına dəstəyi davam etdirməsi bu görüntünü yaradırdı.

Beləliklə, səbirsizliklə gözlənilən görüş baş tutdu. Ərdoğan-Tramp görüşü kameralar önündə sıcaq bir şəkildə görüntülənsə də, lakin bu sıcaqlıq və qarşılıqlı anlaşma heç də prezidentlər səviyyəsində müzakirə edilən məsələlərdə özünü göstərmədi. Xəbərlərdən də aydın olduğu kimi Ərdoğan-Tramp görüşündə siyasi, iqtisadi, ticari əlaqələrlə yanaşı, bir sıra regional məsələlər, xüsusilə də Suriya məsələsi müzakirə edilib. Vaşinqton görüşündən dərhal sonra Birləşmiş Ştatlar mətbuatında yer alan məqalə və şərhlərdə Ərdoğan-Tramp görüşünün o qədər də uğurla başa çatmadığı əksini tapıb. Ümumiyyətlə, görüşdən əldə edilən nəticə ondan ibarət olub ki, Birləşmiş Ştatlar Suriyada YPĞ-ya hərbi dəstəyini davam etdirəcək. Bütün bunlara baxmayaraq tərəflər hərbi-iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildiriblər.

Ərdoğan və Tramp arasında keçirilən Vaşinqton görüşündə diqqət çəkən məqamlardan biri tərəflərin regional məsələləri müzakirə etməsi zamanı Cənubi Qafqazdakı münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemini yada salmamalıdır. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, Ərdoğan-Tramp görüşündə Dağlıq Qarabağ probleminin müzakirə edilməməsi heç də yaxşı hal deyil. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə hər görüşdən sonra bu məsələ daima səslənir:"Əlbəttə bunun obyektiv səbəbləri var. Çünki Rusiyanın Cənubi Qafqazda həyati maraqları mövcuddur. Ancaq Rusiya kimi Birləşmiş Ştatlar da ATƏT-in Minsk Qrupunun həmsədridir və Qarabağ münaqişəsinin həlli baxımından Rusiya qədər məsuliyyət daşıyır. Digər tərəfdən elə yaxşı ki, "Ərdoğan Trampla Qarabağı niyə müzakirə etmədi" sualı səslənmir. Rəcəb Tayyib Ərdoğan Donald Trampla hansı məsələni həll etdi ki, qalsın hələ bizim məsələdən də danışsınlar".

Vaşinqton görüşü barədə fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politioloq Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatlar və Türkiyənin YPG üzərindən siyasi əlaqələri, Tramp-Ərdoğan görüşündə öz həllini tapmadı: "Görünən odur ki, Birləşmiş Ştatlar YPG-yə silah yardımını davam etdirəcək, iki ölkə arasında qeyri-müəyyənlik davam edəcək. Şimali Suriyada YPG-PKK terror təşkilatını legitimləşdirən ABŞ-ın bu siyasətindən geri çəkilməsi gözlənilmir. Terror təşkilatı üçün kifayət qədər silah və zirehli texnika ilə təmin olunan kürd terrorçularının Rakkadan sonra, əsas hədəfi Türkiyə ilə mübarizə olacaq. Ərdoğan çox çalışır ki, Birləşmiş Ştatlar Türkiyə ilə müttəfiq əlaqələrinə sadiq qalsın". Politoloq onu da deyib ki, Yaxın Şərqdə siyasi-hərbi proseslər Ağ Ev rəhbəri Donald Trampdan asılı deyil: "Pentaqon və dərin dövlət qarşısında geri çəkilməyə məruz qalan Tramp Kürd siyasətində Türkiyəyə dəstək verə bilməyəcək. Türkiyə artıq, Rusiya və Birləşmiş Ştatların YPG-PKK terror təşkilatlarına dəstək verəcəyinin fərqindədir. Buna görə də, Şimali İraqda hava əməliyyatlarını aparır. Türkiyə, səbrlə Rakka əməliyyatından sonra, ABŞ-ın YPG dəstəyini davam ya tamam edəcəyini gözləyir".//Olaylar.Az




Ana səhifəyə qayıt        Baxış: 659          Tarix: 17-05-2017, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma