Xəbər lenti

 
Məlum olduğu kimi, öz enerji resurslarından strateji silah kimi istifadə edən Rusiya müxtəlif bəhanələrlə Polşa və Ukraynaya qaz nəqlini dayandırıb. Digər Şərqi Avropa ölkələrini də eyni qaydada təhdid və şantaj edən Moskva qış fəslinin mösümi xarakterindən faydalanaraq Avropa enerji bazarında süni dalğalanmalar yaradaraq bir tərəfdən “qoca qitə”ni hizaya gətirməyə, digər tərəfdən isə öz enerji resurslarından maksimum gəlir əldə etməyə çalışır. Hazırda Avropanın rus aqressiyasına ən çox məruz qalan ölkəsi olan Polşa, deyəsən, bu ağır vəziyyətdən çıxış yolunu tapıb. Amma rus qazından asılılığa son qoymaq səadəti hələ bir ildən sonra ona nəsib ola biləcək.
 
Ovqat.com-un məlumatına görə, Varşavanın rus qazına alternativ kimi gördüyü Norveç qazının Polşaya tədarükü üçün nəzərdə tutulan “Baltic Pipe” (Baltik borusu) kəmərinin ən çətin mərhələsinin başa çatdığı xəbər verilir.
 
 Söhbət kəmərin dəniz altı ilə çəkilən hissəsindən gedir. Bildirilir ki, Polşanın “Gaz-System” şirkəti və onun gələcək operatoru noyabrın 18-də Danimarka və Polşa arasındakı dəniz hissəsində sonuncu borunun qaynaq edildiyini açıqlayıb. Bu isə işin ən çətin və böyük hissəsinin tamamlanması deməkdir. Bundan sonrakı mərhələdə Danimarkanın və Polşanın quru hissəsində boru çəkilişinin tamamlanmasına çalışılacaq. İşlər qrafik üzrə davam edərsə, borunun tamamlanması gələn ilin oktyabr ayına qədər başa çatacaq.
 
İldə 10 milyard kubmetr qaz nəqlini nəzərdə tutan “Baltik borusu” həcm baxımından Rusiyanın “Şimal axını-2” layihəsindən xeyli geri qalır.  Belə ki, tamamlanmasına baxmayaraq, nəqlinə hələ də izn verilməyən “Şimal axını-2” xətti ilə ildə 55 milyard kub metr qaz ixrac edə biləcək gücdədir. Deməli “Baltik borusu” kəməri rus layihəsindən ən azı 5 dəfə kiçikdir. Bununla belə, onun dövriyyəyə buraxılması ilə Avropanın enerji bazarında vəziyyətin büsbütün dəyişilə biləcəyi istisna olunmur. 


 
Əvvəla, Polşa “Qazprom”un Şərqi Avropadakı ən böyük ixrac bazarı idi və Almaniya, İtaliya, Avstriya, Fransa və Hollandiyadan sonra bütün Avropa İttifaqında Rusiyadan qaz alan altıncı ölkə sayılırdı. Bu ilin sentyabr ayında “Qazprom” onunla bağladığı müqavilənin başa çatdığını əsas gətirib Polşaya qaz nəqlini dayandırdı. Yəqin ki, bu yolla Polşanın tam təslim olacağına və ölkə əhalisinin anti-rus hökumətə qarşı ayaqlanacağına ümid bağlayırdı. Polşada qışın çox soyuq keçdiyini, enerji infrastrukturunun “Qazprom”dan alınan qaza bağlı olduğunu və altertantiv layihənin – “Baltik Pipe” kəmərinin hələ gələn il işləyəcəyini nəzərə alsaq, bu təhlükənin tam sovuşmadığını anlaya bilərik.
 
Müşahidəçilərin fikrincə, Polşa bu qışdan “salamat çıxa bilsə”, Rusiyanın ona tətbiq etdiyi enerji blokadası tamamilə tərsinə çevriləcək və bundan ən çox itirən “Qazprom” olacaq. Söhbət təkcə ondan getmir ki, Polşa onun böyük müştərilərindəndir və ağıllı şirkətlər öz müştərilərini siyasi məqsədlərə qurban verməz. Söhbət həm də ondan gedir ki, Polşa və Ukraynanı enerji blokadasına almaqla “Qazprom” Rusiyanın faktiki geosiyasi təzyiq aləti olduğunu, ondan alınan qazın istənilən an dövlətlərin baş ağrısına çevriləcəyini və bu təzyiqlərin hətta dövlət müstəqilliyindən vaz keçməyə qədər vara biləcəyini açıq şəkildə ortaya qoydu. Qərb ölkələri isə bu məsələyə olduqca həssas yanaşır, Rusiyanın qaz potensialından silah kimi istifadə etməsindən çəkinirlər. Təsadüfi deyil ki, “Şimal axını-2” layihəsinin lobbiçiliyini edən Almaniya qarşısında ABŞ-ın qoyduğu başlıca şərt Rusiyanın bu metoda baş vurmamasına zəmanət verilməsi idi. Almaniya kansleri Angela Merkel Putinlə dəfələrlə söhbətindən sonra buna zəmanət vermiş, əgər Rusiya yenidən eyni  addımlar atarsa, ondan ümumiyyətlə qaz almayacağına boyun olmuşdu. Rusiya isə hər zaman olduğu kimi, yenə müxtəlif bəhanələr taparaq, Şərqi Avropa ölkələrinə qaz nəqlini dayandırdı. Özü də bu addımı həmin ölkələrin qaza ən ciddi ehtiyacları olduğu zaman atdı. Bununla da kifayətlənməyib, süni yollarla Avropanın spot enerji bazarında qiymətlərin artmasına gətirib çıxaran siyasətlər yürüdərək öz tərəfdaşlarını belə, çətin vəziyyətdə qoydu.
 
Sözsüz ki, Avropa ölkələri ən çətin anda onları enerji çatışmazlığı ilə üz-üzə qoyan Rusiyadan qaz almaq məsələsinə əvvəlki kimi isti baxmayacaq və alternativ layihələr axtaracaqlar. Norveçin Polşaya nəql edəcəyi qaz az olmasına baxmayaraq, Avropa ölkələri üçün ümid qaynağıdır. Üstəlik, Varşavanın “Şimal axını-2”ni əvəzləməyi düşündüyü layihələri var. Bu layihədə “Baltic Pipe” kəməri ilə yanaşı, ABŞ-dan LNG qazının alınması da nəzərdə tutulur. ABŞ-ın Avropa üçün yeni enerji layihəsini Polşa üzərindən həyata keçirməsi və LNG-nin kəmər qazından baha başa gəlməsi Qərbi Avropa ölkələrini Rusiya ilə əməkdaşlığa üstünlük verməsi ilə nəticələnsə də, “Qazprom”un enerji oyunları gələn ildən etibarən onların da mövqelərini dəyişməsi ilə nəticələnə bilər. Əslində Rusiya da bunun fərqindədir və məhz bu səbəbdən əlində hələ imkan varkən Avropa ölkələrini enerji savaşları ilə öz məxrəcinə çəkməyə çalışır.


 
“Baltik borusu”nun gələn ildən dövriyyəyə buraxılmasının ən çox Belarusun əl-qolunu bağlayacağı güman olunur. Belə ki, Minsk Avropanı ona qarşı sanksiyalar tətbiq olunacağı təqdirdə ölkəsindən keçən Yamal-Avropa qaz kəmərini bağlaması ilə təhdid edirdi. Maraqlıdır ki, Yamal-Avropa xəttilə nəql olunan qaz həcmi “Baltic Pipe” kəməri ilə veriləcəyi planlaşdırılan enerjiyə bərabərdir. Polşa Dövlət Enerji Şirkətinin rəsmi statistikasına görə, bu ölkə Yamal-Avropa kəməri ilə 2019-cu ildə 9,73 milyard 2020-ci ildə isə 9,67 milyard kubmetr qaz alıb. Polşa onu uzatmaq niyyətində deyil. Deməli, “Baltic Pipe” kəməri istifadəyə veriləndən sonra Polşanın “Yamal-Avropa” xəttinə ümumiyyətlə ehtiyacı qalmayacaq. 
 
Əslində Rusiyanın “Şimal axını-2” layihəsinə meyllənməsi onu göstərir ki, Moskva da Avropaya qaz nəqlinin Belarus üzərindən həyata keçirilməsində maraqlı deyil. Baxmayaraq ki, Avropa İttifaqının “Şimal axını-2” layihəsini sertifkatlaşdırılması yubadılır və bu da Yamal-Avropa xəttinin işləməsi zərurəti yaradır. “Qazprom”da isə ümid edirlər ki, Avropa özünün qaz təchizatını şaxələndirə bilmədiyinə görə, ittifaqın müvafiq qurumları ən geci 2022-ci ilin yayına qədər “Şimal axını-2” layihəsinin ən azı bir kəmərinin işləməsinə izn verəcək. Bu ehtimal özünü doğrultsa, “Yamal-Avropa” xəttinə Rusiyanın da ehtiyacı qalmayacaq və Moskva da Lukaşenkonun ipə-sapa yatmaz özfəaliyyətindən yaxa qurtaracaq.
 


Sözsüz ki, bütün bunların hamısı gələcəkdə baş verəcəyi gözlənilən ssenarilərdir və bu oyunda kimin qalib gələcəyini zaman göstərəcək. Hələlik isə Polşanın qarşısında dayanan ən ciddi problem “Baltic Pipe” kəmərinin keçəcəyi Danimarkanın “yaşıl hakimiyyəti ilə dil tapmaqdır. Çünki Danimarkanın indiki hakimiyyəti ekoloji problemləri əsas gətirib bu kəmərin çəkilməsinə qarşı çıxır. “Baltic Pipe”nin Danimarkalı tərəfdaşı olan “Energinet” indi yeni icazənin şərtlərini yerinə yetirməyə çalışır. Şirkət əmindir ki, 2022-ci ilin oktyabrına qədər istənilən halda Norveçdən gələn qazı Danimarkanın mövcud qaz nəqli infrastrukturu vasitəsilə Polşaya nəql edə biləcək.
 
Görünən budur ki, Polşa ən yaxşı halda bir ildən sonra Rusiyanın təzyiqlərindən tam sığortalanmış olacaq. Bəs qarşıdakı bir il ərzində o nə edəcək? Varşava ümidlərini ABŞ-dan ala biləcəyi LNG qazına bağlayıb. Vaşinqton isə deyəsən, Rusiyanın nə qədər təhlükəli olduğunu Qərbi Avropalı tərəfdaşlarına başa salmaq üçün LNG qazının bu qitəyə nəqlini dayandırıb. Polşanın qarşı-qarşıya qaldığı çətin vəziyyət ABŞ-ın yenidən bu bölgəyə dondurulmuş qaz nəqlinə başlaması zərurətini doğura bilər. 
 
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 370          Tarix: 20-11-2021, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma